İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan-Azərbaycan sərhədlərini ATƏT sənədi müəyyən edəcək? - 2017-ci il qərarı...

1625 06.02.2024 11:03 Siyasət A A

Ötən həftə sərhədlərin delimitasiyası üzrə Azərbaycan-Ermənistan birgə komissiyası növbəti dəfə bir araya gəldi. Ancaq belə görünür ki, sərhədlərin dəqiqləşməsi hələ uzun illər alacaq. Elə bu səbəbə Bakı və İrəvan faktiki anlaşıb ki, sülh sazişinin imzalanmasını bu məsələdən ayırsınlar. Üstəlik, sərhədlərin delimitasiyası üçün konkret xəritələrlə bağlı ilkin razılıq da hələlik yoxdur. 

“Delimitasiya və demarkasiya prosesi nə 1975-ci ilin xəritələri, nə də Almatı Bəyannaməsi əsasında aparılmalıdır. Bundan ötrü xüsusi olaraq SSRİ ölkələri üçün işlənib hazırlanmış və qəbul edilmiş prinsiplər mövcuddur”. “Yeni Müsavat” xəbər verir ki Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan belə deyib. Onun xatırlatmasına görə, 2017-ci ilin dekabrında ATƏT “Dövlət sərhədinin delimitasiyası və demarkasiyası: cari problemlər və onların həlli yolları” sənədini qəbul edib. Arutyunyan bildirib ki, bu sənəd xüsusi olaraq postsovet məkanı ölkələrinin delimitasiyası və demarkasiyası zamanı yaranan problemlərin həllindən ötrüdür. 

“Soruşmaq istərdim: məgər ATƏT Almatı Bəyannaməsinin mövcudluğundan bixəbər idimi? Onlar mütəxəssislər idilər. O vaxt deyə bilərdilər ki, Almatı Bəyannaməsini götürün və onu rəhbər tutun. Amma bu edilməyib. Proses zamanı yaranan problemlərin həlli üçün prinsiplər müəyyən olunub. ATƏT-dəkilər gözəl başa düşürdülər ki, SSRİ dağılandan sonra ərazidə ciddi geosiyasi dəyişikliklər baş verib və belə bir şəraitdə 1991-ci ilin inzibati sərhədlərinə istinad etmək mənasızdır. Mən həmin prinsiplərin Bakıda niyə "unudulduğunu" çox gözəl anlayıram. Amma nədən İrəvan da susur, bunu başa düşmürəm", - sabiq baş nazir qeyd edib. Bu nə prinsiplərdir, Arutyunyan nədən danışır? ATƏT-in 2017-ci ildə qəbul etdiyi qərarda nə var? Qeyd edək ki, yanvarın 31-də Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının iclası keçirilib. Görüş şərti sərhədin Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti hissəsində baş tutub. Budəfəki görüş sayca altıncı idi. İlk iki görüş şərti sərhəddə (Arazdəyən kəndi və Qazax rayonu), ikisi xaricdə (Moskva və Brüssel), sonuncu görüş isə 2023-cü il noyabrın 30-da indiki formatda, yəni şərti sərhədin Qazax-Tavuş hissəsində keçirilmişdi. 

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Qabil Hüseynli: “ATƏT 2017-ci ildə hadisələrə baş vura bilərdi, amma yaxasını kənara çəkərək...”

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ATƏT 2017-ci ildə hadisələrə baş vura bilərdi, amma yaxasını kənara çəkərək prosesləri yola verirdi: “O vaxt sərhədlərin müəyyənləşməsi müzakirələri getmirdi. Həmin dövrdə ermənilərin danışıq ritorikası təhdid üslubunda idi. Ona görə ATƏT-in delimitasiya ilə bağlı hansı prinsipləri qəbul olunub, məlumatsızam. Axı o vaxt delimitasiya söhbətləri yox idi”. Q.Hüseynli hesab edir ki, hazırkı formatda danışıqlar davam etməlidir: “Qərb ölkələrinin təklifləri səslənir, amma onlar işə qarışanda proses pozulur. ATƏT kimi böyük təşkilat müdaxilə etsə, bir az da qarışıqlıq olacaq. Çünki xoş olmayan məsələlər irəli sürüləcək. Ən yaxşısı Almatı Bəyannaməsinə istinadla sərhədlərin dəqiqləşməsini həyata keçirməkdir”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova: “Mesaj verirlər ki, Paşinyan ərazi güzəştinə gedir, növbəti kapitulyasiya edir”

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, sabiq erməni baş nazirin təklifi keçərli deyil. Onun sözlərinə görə, məqsəd burada Minsk Qrupunu yenidən dövriyyəyə buraxmaqdır: “Mən ATƏT-in həmin sənədi və müddəaları ilə tanış deyiləm. İndiyə qədər də onun mətni yayılmayıb. Ola bilsin ki, tövsiyə xarakterli bir sənəddir və münaqişə tərəflərinə çağırış edilir. Amma hazırda ATƏT-ə ehtiyac yoxdur, Minsk Qrupu da dağılıb. Onlar nə fayda verəcək? 30 il münaqişənin həllində rol oynamadılar, indi həmsədr ölkələr düşmən olublar, Ukraynada, Yaxın Şərqdə savaşırlar, bizə gəlib nə töhfə verəcəklər? Məncə, Arutyunyan revanşist mövqedən çıxış edib. O demək istəyir ki, 1991-ci il razılaşması Ermənistan üçün təslimçilikdir, lakin xalqa yalanlar uydurur, cəmiyyəti Paşinyanın üzərinə qaldırmaq cəhdləri edirlər. Yəni mesaj verirlər ki, Ermənistanda iqtidar delimitasiya məsələsində ərazi güzəştinə gedir, növbəti kapitulyasiya edir. Amma erməni xalqı anlamalıdır ki, onun dövlətçilik inkişafı bu problemlərin həllindən asılıdır. İşçi qaydada keçirilən görüşlərdən hələlik hansısa mühüm nəticələr əldə olunduğunu demək tezdir. Bəlkə də müəyyən nəticələr var, amma onların tam mənası ilə açıqlanmasına zaman gərəkdir. Həmçinin komissiyaların iclasları intensiv qaydada keçirilərsə, il ərzində sərhədlərin delimitasiyası ilə bağlı hansısa ciddi razılaşma əldə etmək mümkün ola bilər”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR