Mənfur qonşularımızın yaxın tarixə, bütövlükdə tarixə saxtakar münasibəti çoxdan məlumdur. Heyrətamiz bir həyasızlıqla indiyədək o qədər yalan-palan üyüdüblər ki, artıq toplum olaraq öz yalanlarını gerçək sayır, iki əsrdir həmin yalanlarla nəfəs alır, yalanlarla yatıb-dururlar – başlarına gələn bunca faciələri və onların səbəblərini maniakalcasına fərq eləmədən.
Hərçənd yaşanan fəlakətlər, böyük ağrı-acılar ermənilərə saxtakarlığın girovluğundan çıxmağı diktə edir. Özü də təcili. Di gəl, bu xalqın önündə gedənlər, önün liderləri, erməni lobbisi, erməni katolikosları, erməni mediası, erməni “siyasi xadimləri” və “ekspertləri” hələ də bu bədbəxt milləti yeganə doğru yolu tapmağa qoymurlar. 44 günlük müharibədəki kapitulyasiyadan sonra da onun köhnə, fəlakətli yolu davam etməsinə çalışırlar...

Öz xalqına ağ yalan danışan başabəla “ekspertlərdən” biri də Artyom Yerkaryandır. “Sputnik Armenia”dakı məqaləsində o iddia edib ki, Laçın dəhlizi ilə Qarabağa başqa ölkə vətəndaşlarının, o cümlədən fransalıların girişinə Bakının qadağa qoymaq hüququ yoxdur, çünki 10 noyabr 3-tərəfli sazişində bu qadağa haqda heç nə deyilmir: “Orada yalnız göstərilib ki, Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.
Sırtıqlığın buynuzu-zadı olmur ki... Düzdür, sənədin 6-cı bəndində belə bir cümlə yer alıb. Lakin həmişəki kimi, ermənilər həmin bəndi də öz kefləri istədikləri şəkildə, öz xeyirlərinə yozmağa çalışırlar. Amma əbəs yerə.
Əvvəla, Laçın dəhlizi fransızlar üçün, yunanlar üçün, yaxud yadplanetlilər üçün açılmayıb. Azərbaycanla Fransa, Azərbaycanla Yunanıstan arasında quru əlaqəsi kimi də nəzərdə tutulmayıb! Adından göründüyü kimi, dəhliz yalnız Qarabağdakı erməni əhalinin Ermənistanla humanitar əlaqəsinin saxlanması üçün və Bakının razılığı ilə (!), Azərbaycanla Ermənistan arasında (!) və müvəqqəti (!) yaradılıb.

Bu, o anlama gəlir ki, Azərbaycan özünün qanuni ərazisindən heç də əbədi imtina eləməyib, sadəcə, iki xalq arasında gərgin münasibətləri ciddiyə alaraq, dəhlizə nəzarəti 5 illiyinə Rusiya sülhməramlılarına tapşırıb.
Demək, eyni səbəbdən Laçın dəhlizi ilə Ermənistandan Qarabağa hərbi texnika, silahlı quldur-terrorçular yox, məhz dəhlizin yaradılma məramına (!) uyğun surətdə humanitar xarakterli yüklər daşına, dinc sakinlər gedib-gələ bilər. Öz hərəkətləri ilə bölgədə etnik separatizmi, ksenofobiyanı qızışdıran və bununla da Laçın humanitar dəhlizinin işləməsini mənasız hala gətirən avantürist və təxribatçıların bölgəyə girişi (istər erməni olsun, istər qeyri-erməni) aydındır ki, qanuni sayıla bilməz.
Azərbaycanın buna guya hüququnun olmadığına gəlincə, yəqin ki, daha cəfəng iddia tapmaq çətindir. Necə yəni Bakının haqqı yoxdur. Bal kimi var. Ona görə ki, Qarabağ çoxdan BMT və digər mötəbər qurumlar səviyyəsində Azərbaycan ərazisi kimi tanınıb. BMT TŞ-nin məlum 4 qətnaməsi də bunu demirdimi?

Deyirdi. Eləcə də Ermənistanın 1 nömrəli müttəfiqi Rusiya ərazi bütövlüyümüzü şübhə altına almır. Elə isə hamının bildiyi, Putinin belə etiraf və qəbul elədiyi bir gerçəyi 10 noyabr sənədinə yazmağa nə ehtiyac var idi ki? Hər halda 10 noyabr üçtərəfli sazişi BMT-nin Azərbaycanı tanıma qərarından, BMT Nizamnaməsindən üstün sənəd deyil...
Laçın dəhlizi də daxil, aranlı-dağlı Qarabağın de-yure Azərbaycana məxsus olduğunu təsdiqləyən başqa bir güclü dəlil: Qarabağda Rusiya sülhməramlılarının qalıb-qalmamaq məsələsində həlledici söz Bakıya məxsusdur, İrəvana yox! 5 ilin tamamında – 2025- dildə əgər İrəvan “hə”, Bakı “yox” desə, ruslar Qarabağdan getməli olacaq, əks variantda, yəni İrəvan “yox”, Bakı “hə” desə, qalacaqlar. Aydın oldumu? Bu da sənə Laçın dəhlizi üzərində Bakının şəriksiz beynəlxalq hüququ!
Təsadüfi deyil ki, Rusiya sülhməramlılarının statusu ilə bağlı müzakirələr də Bakı ilə Moskva arasında aparılır, İrəvanla Moskva arasında yox. Bütün bunlar Laçın humanitar dəhlizi də daxil, Qarabağın qanuni yiyəsinin kim olduğunu anlatmır? Günəşin üzərini qara bulud örtübsə, bu, o demək deyil ki, o yoxdur...
![]()
Bundansa ermənilər 10 noyabr sənədində “status” məsələsinin yer almamasının dərdini çəksinlər. Kapitulyasiya aktında həqiqətən belə bir şey yoxdur və ola da bilməzdi, çünki “artsax” adlı mifik qurum yoxdur, olmayıb, onu heç kim də indiyədək tanımayıb – hətta Ermənistanın özü də! Olmayan qanunsuz bir şey sənədə necə salına bilərdi ki?
Gəl ki, ermənilər dil boğaza qoymadan 11 aydır “status”dan dəm vururlar. Hansı haqla, hansı mötəbər beynəlxalq sənədə əsasən? Nəhayət, hansı üzlə? Beynəlxalq hüquq bir yana, öz xalqını ələ salmaq yetmədimi?..
Zahid SƏFƏROĞLU






