Bəlkə də bu saat o məşhur ermənilərin soyadları yaşadıqları ölkələrdən çox, iki mənada - Ermənistanda və Azərbaycanda hallanır.
Tam təbiidir. Ekstremal situasiyadır, məşhur ermənilər öz xalqlarına dəstək verir, haqq-nahaq öz genetik qohumlarının tərəfini saxlayırlar.
Onların belə etməsi bizim xoşumuza gəlmir. Ona görə də biz Henrix Mxitaryanın, Kim Kardaşyanın və başqalarının adlarını nifrətlə çəkirik.
Adama deyərlər, öz məşhurlarınız yoxdurmu?
Var olmaqlarına, var. Məsələ necə olmaqlarındadır.
Bizim dünyaca ünlü məşhurlarımız çox deyil. Ancaq bir çoxları yaşadıqları ölkələrdə kifayət qədər tanınmış adamlardır, elitaya aiddirlər və tanışlıq, dostluq dairələri böyükdür.
Hələ sovet vaxtında da beləydi. Şöhrəti SSRİ ilə bir olan həmvətənlərimiz vardı - Fərman Salmanov, Kərim Kərimov, Tahir Salahov...
Fərman Salmanovun adı gələndə bütün Sibir ehtiram göstərirdi, indi də göstərir. Öz elmi kəşfi ilə Rusiyanı neft ölkəsi edənlərdən, ona yüz milyardlar qazandıran adamlardan biridir Salmanov.
Generel-leytenant Kərim Kərimov, qısa desək, Baykonur kosmodromunun rəisi olub və Yuri Qaqarindən tutmuş ta sonuncu sovet astronavtlarına qədər kosmosa qalxanların hamısı son hərbi salamı ona verib, gəmiyə minib.
Tahir Salahov SSRİ-nin ən tanınmış rəssamlarından biri olub və 1973-92-ci illərdə SSRİ Rəssamlar İttifaqına rəhbərlik edib.
Ancaq bu üç şəxs özlərini azərbaycanlı kimi tanımayıblar, sona qədər “sovet ziyalısı” olaraq qalıblar.
![]()
Aram Xaçaturyan və Tahir Salahov
Bəs onlarla eyni dövrdə yaşayan, eyni ranqda, şöhrətdə olan ermənilər nə ediblər? Bax, burada yollar ayrılır. Sovet dövrünün məşhur ermənilərinin, demək olar ki, hamısı (Anastas Mikoyandan tutmuş bəstəkar Aram Xaçaturyana, aktyor Armen Cigərxanyana qədər) erməni olduqlarını heç vaxt unutmayıblar və mütləq öz millətlərinə fayda verməyə çalışıblar.
Futbolçu Eduard Streltsovdan bəhs edən “Oxatan bürcündə” serialında (prodüsseri və rejissorlarından biri həmvətənimiz Rauf Atamalıbəyovdur) bir epizod var. 1956-cı ildə Seul Olimpiadasında finala çıxan sovet futbolçularının son oyununda Mikoyanın təzyiqi ilə meydana komandanın lideri Eduard Streltsov yox, Nikita Simonyan buraxılır və Olimpiadanın qızıl medalını o alır. Sonra Mikoyan Kremldə, təmtəraqlı məclisdə döşünə döyür: “Bizim ermənini gördünüzmü”?
![]()
Şarl Aznaur və Robert Osseyn
Şöhrəti dünya ilə bir olan fransız aktyoru-rejissoru, həmvətənimiz Robert Osseyn ötən əsrin 88-90-cı illərində bir dəfə ona qohumsulanan azərbaycanlı ictimai xadimə demişdi: “Nə azərbaycanlı? Mən fransızam”. Onun müasiri olan və Fransada yaşayan erməni əsilli müğənni Şarl Aznavur isə uzun ömrünü son günlərinə qədər öz xalqına həsr etdi.
Rusiya kinematoqrafının və ədəbiyyatının korifey sənətkarları olan İbrahimbəyovlardan danışaq. İki qardaş ikisi də sona qədər rusca yazdılar və rusa xidmət etdilər. Yalnız 2013-cü ildə Rüstəm İbrahimbəyov “Azərbaycan xalqının taleyi üçün narahat olub” meydana çıxdı, onda da çox keçmədən “Kreml layihəsi”nin içində olduğu anlaşıldı. Bir ara Milli Məclisin deputatı olmuş Maqsud İbrahimbəyovun oğlu Murad İbrahimbəyov da öz çapında Rusiyada tanınmış adamdır, amma dar günlərimizdə dilinə “Azərbaycan” kəlməsi gətirmir.
Hazırda tanıdığımız məşhurlardan milyarder biznesmen Vahid Ələkbərov da o kateqoriyadandır, azərbaycanlı kimliyini qabartmayan, yada salmayan, ata yurdundan yalnız pul qazanmağı düşünən, ağır dönəmlərdə əməli yardım göstərməyən bir şəxsdir.
Yəhudi əsilli olsalar da, Azərbaycanda doğulduqları üçün vətənə əllərindən gələn köməyi edən Qod Nisanov , Zarah İliyev, Mixail Qusman kimi şəxslər Ələkbərovdan qat-qat artıq vətənpərvərdirlər.
Elə məşhur azərbaycanlılar da var ki, Rusiyada tanınırlar, amma Azərbaycanla salam-əleykləri olmadığı üçün ölkəmizdə əksər insanlara tanış deyillər.
![]()
Henrix Mxitaryan və Aıeksandr Səmədov
Məsələn, futbolçu Aleksandr Səmədovun qaş-gözündən, saç-saqqalından “azərbaycanlıyam” qışqırığı tökülsə də, özünü rus sayır, milli kimliyini danır və təbii ki, ölkəmiz üçün də heç bir əmə-dəmə yaramır.
Xabarovskda doğulmuş ukraynalı futbolçu Aleksandr Əliyev babasının azərbaycanlı olduğunu danmır, amma atası da metis olduğundan onda azərbaycanlılıq adına təkcə soyadı qalıb.

Timur Rodriges
Bəs siz məşhur rusiyalı şoumen, aktyor, müğənni Teymur Mikayıl oğlu Kərimovu tanıyırısnız? Çətin. Bir çoxları onu Timur Rodriges kimi tanıya bilər. O da assimlyasiya yolunda olan soydaşlarımızdandır, özü heç, övladları haralı olduqlarını belə bilməyəcəklər.
Arif Əliyev desək, çoxunuzun ağlına azərbaycanlı jurnalist Arif Əliyev gələcək. Ancaq eyni-ad soyadda bir həmyerlimiz Rusiyada məşhur ssenaristdir. Arif Tağı oğlu Əliyev indiyədək 3 roman və 14 filmin ssenarisini yazıb. Onun ssenariləri əsasında çəkilmiş filmlərin içində “Monqol” (Sergey Bodrov-atanın Çingiz xan haqda möhtəşəm filmi), “Sonuncu görüş” və “Yekaterina” serialları var. Amma baxaq görək, Arif Əliyev 39-42-ci paralellərdə yerləşən ata yurdu üçün nəsə bir şey edir? Etsəydi, hər halda adını ilk dəfə bu gün bu yazıda oxumazdınız.

Timur Bədəlbəyli
Rusiyada tanınmış kino və teatr aktyoru olan Timur Bədəlbəylini də, yəqin ki, ölkəmizdə tanıyanlar çox deyil. O, 24 filmdə rol alıb, atası İlham Bədəlbəyli şair və tərcüməçi kimi tanınır və Salyanda doğulub. Timur Azərbaycanın əməkdar artistidir və deyilənə görə, Azərbaycan diasporunun formalaşmasında xidmətləri olub. Ancaq Mxitaryan qədər fəaldırmı? Deyil.
Rauf Atamalıbəyov haqqında yuxarıda dedik, tanınmış prodüsser və rejissordur, sadəcə öz işi, sənəti ilə məşğuldur, “siyasətə qarışmır”.
Korifey sənətkar Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə də onlar kimi, dilinə “Azərbaycan” kəlməsi gəldiyi yoxdur.
Kim Kardaşyan və Nəsrin Cavadzadə
Türkiyədə tanınmış simalar olan Sərvət Çətin, Nəsrin Cavadzadə, Tamer Qaradağlı kimi ünlülər də mənşəcə azərbaycanlıdırlar, amma Azərbaycan onlar üçün sadəcə əcdadlarının doğulduğu məkandır - biz Altay diyarını sələflərimizin məkanı saydığımız kimi.
İranda Azərbaycan türkü olan yüzlərlə tanınmış sima (milyonçular, generallar, nazirlər, deputatlar) var, ancaq milli kimlikləri arxa plandadır, özlərini İran dövlətinə, islam ümmətinə aid edirlər. Şöhrətə qalsa, əslən gəncəli-şuşalı olan müğənni Ququş dünya şöhrətli Ququş olanda Kim Kardaşyan dünyaya göz açmamışdı, onunla yalnız müğənni Şer müqayisə oluna bilər. Di gəl, Şerin ermənilər üçün etdiyinə baxın, Ququşunkuna baxın. Ququş özünü Azərbaycandan uzaq, fars müğənnisi sayır.
Şer və Ququş
Ümumiyyətlə, bizim xarici ölkələrdə şöhrət qazanan məşhurlarda bir xasiyyət var: əksəriyyəti başqa millətlərin qadınları ilə ailə qururlar, qızlarını başqa millətlərin oğluna ərə verirlər, oğullarına başqa millətlərin qızlarını alırlar, nəticədə nəvə-nəticələri başqa millətdən olur, azərbaycanlılıqları sıfırlanır, hətta kim olduqlarını tamam unudurlar. Məsələn, Kərim Kərimovun qızı Sürəyya Tatevyan soyadı daşıyırdı.
İkinci bir detal: qarışıq nikahlardan doğulmuş bizimkilər çox zaman, əksər hallarda öz milli kimliklərində azərbaycanlı tərəfdən yox, o biri tərəfdən (yəhudi, rus, erməni və s.) olmağı, o cür tanıdılmağı sevirlər. Bu, milli natamamlıq kompleksinin əsəridir.
Durum budur. Ona görə də biz “Kim Kardaşyan bunu etdi”, “Pornoulduz belə dedi” deyə yazarkən, danışarkən, bir özümüzə də baxmalıyıq ki, niyə beləyik, nədən məşhurlarımız öz milli kimliklərini unudur və dar ayaqda genetik qohumlarına hansısa formada yardım göstərməkdən çəkinirlər.
Bunun nəsə bir elmi izahı olmalıdır. 30 ildən sonra bütün millətin vətən uğrunda bir araya gəldiyi vaxtda bir çox məşhurlarımızın kənarda qalması heç cür anlaşılan deyil.






