İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin kef və şərab çəkdiyi o məşhur Tuğ kəndindən video-reportaj! -İndi onlar ancaq əziyyət çəkirlər...

5384 17.02.2021 20:55 Reportaj A A

Bu qədim kənd ilk baxışdan İtaliyanın, bizə filmlərdən tanış olan dağ kəndlərinə oxşayır. Dağların sinəsində, yamacından zirvəsinə doğru, bir-birinin üstündəymiş kimi, amfiteatr üslubunda tikilmiş daş evlər, dar küçələr, daş döşənmiş yollar, önündə füsunkar mənzərələr...

Bura Tuğdur, o məşhur Tuğ... Bir əsrdən hələ 16 il də çoxdur ki, bu kənd azərbaycanlılarla ermənilər arasında lənət tuğuna dönüb. Lənət tuğu – yəni lənət şişi...

Ancaq kənd öz adını, şübhəsiz ki, qarabağlıların tez-tez işlətdikləri “toqu-nəhlət”dən, yəni tuği-lənət sözündən götürməyib. Tuğ sözünün bir neçə mənası var. Daha tutarlı versiyaya görə, hazırda Xocavənd rayonunun inzibati-ərazi vahidi olan bu qədim kəndin adı əski türkcədən götürülüb, “bayraq” deməkdir. Günümüzün Türkiyəsində tuğgeneral kimi rütbə də var və kəndin adının türk-monqol mənşəli olması şübhəsizdir.

Bu kəndin ən qədim, əsl-nəcabətli sakinləri Azərbaycan türkləri olublar – Məlikyeqanovlar, Məlikaslanovlar, Cahangirovlar və başqaları. Bu soyadların önündəki “məlik” kəlməsi də sübut edir ki, bu köhnə zadəgan titulu ermənilərə aid olmayıb, ərəb mənşəlidir. Məliklərin çoxu isə bizimkilər olub.

Ancaq biz burada kəndin tarixindən uzun-uzadı danışmayacağıq. Yalnız Tuğ kəndinin zaman-zaman ayrı-ayrı padşahların, böyük-böyük dövlətlərin arasında “nifaq alması”na dönməsini və müharibələrə səbəb olmasını, bir də məşhur ziyalılar yetişdirdiyini qeyd edib keçək bu gününə.

Bu gün Tuğun günü gün deyil. Kənddə abadlıqdan əsər-əlamət yoxdur, ermənilər monoetnik halda yaşadıqları illərdə kəndə baxmayıblar, tikib-qurmayıblar. İnanmaq olmur ki, hələ 100-200 il qabaq savad və şöhrət qazanan o məşhur adamlar burada doğulub, yetişiblər.

Bəlkə də Tuğun mərkəzindəki damı zədələnmiş böyük mədəniyyət sarayı və onunla üzbəüzdə yerləşən, Mehdi bəyə məxsus olduğu deyilən 40 otaqlı, 4 mərtəbəli imarət salamat olsa, başqa cür düşünmək olardı. O imarət istənilən paytaxta yaraşıq verəcək əzəmətdədir – hətta qalıqları belə.

Təsəvvür edin, Mehdi bəy (təəssüf ki, yerli adamlar onun soyadını xatırlaya bilmədilər) 120-130 il qabaq dağın başında hörgüsünün eni bir metrdən artıq olan topdağıtmaz imarət tikdirib. Qafqazda sovet hökuməti qurulanda isə o, başına gələcəkləri öncədən bilərək İrana gedib.

Sonradan bu möhtəşəm tikili yiyəsizlik və baxımsızlıq üzündən zədələnib, bir çox yerləri uçulub. Hər halda bunu qoruyub saxlamaq rasional addım olardı. İmarəti restavrasiya edib yararlana bilərdilər. Bu mülkün önündən qarşı dağlar, gen dərələr görünür, elə bir gözəl mənzərə açılır ki, bunu yalnız İsveçrədən bəhs edən reklam səciyyəli filmlərdə görmək olar.

Mədəniyyət evi də iri şəhərlərə layiq ölçüdə və əzəmətdədir. Fəqət heç bir şəhərin mədəniyyət klubunun önündə bu cür əsrarəngiz peyzaj açılmır.

Yerli sakinlərin dediyinə görə, sovet vaxtı dincəlmək üçün Moskvadan, Bakıdan, Özbəkistandan, İrəvandan axın-axın ermənilər gələrmişlər. “Daçniklər” (yəni yayda bağ evinə gələnlər) adlandırılan həmin şəxslər hər axşam gecə yarıyadək yerli əhali ilə birlikdə bu klubda əylənirmişlər. Tuğ ən şenlikli günlərini yaşayarmış.

Kənddə erməniləşdirilmiş alban kilsəsi də var, sovet dövründə mədəniyyət evi, kino-klub kimi fəaliyyət göstərib, sonradan ermənilər qəfildən dinə-imana gəlib, kilsəni özününküləşdiriblər.

Ötən əsrin son 10 illiyinə qədər kənddə əmin-amanlıq olub. Sonra yenə ermənilərin tərs üzü dönüb, 1905-ci ildə olduğu kimi yenə də səngərə girib, köhnə ədavəti təzələyiblər. Yeni baxşıların və sonaların Tuğda keçirdiyi romantik günlər sona çatıb.

Yəqin ki, oxucu-tamaşaçılarımızın bir xeylisi dramaturq Cəfər Cabbarlının “1905-ci ildə” pyesindən, onun Baxşı və Sona adlı qəhrəmanlarından xəbərdardır. Pyesdə bəhs olunan hadisələr məhz Tuğ kəndində baş verir, erməni Baxşı azərbaycanlı Sonanın eşqi ilə alışıb yanır, tarı köksünə sıxaraq “Azad bir quşdum” mahnısı oxuyur. Ara qarışanda isə iki qonşu, erməni Allahverdi ilə müsəlman-türk İmamverdi səngərə girib atışırlar, axırda bu qənaətə gəlirlər ki, “atan kazaklardır”.

İndiki “kazaklar”ın adı “sülhməramlı qüvvələr”dir, Tuğdan bir neçə kənd aralıda yerləşiblər və hələ ki özləri atmır, atanlara nəzarət edirlər. İndi nə Baxşı, nə də Sona “Azad bir quşdum” mahnısı oxumaq halında deyil, çünki daha sonra gələn “torpağa düşdüm bu gənc yaşımda” misrası gənc yaşlarında torpağa tapşırdığımız 3 minə yaxın şəhidimizə aiddir.

1989-cu ildə Tuğda 920 azərbaycanlı, 700 erməni yaşayıb. 1991-ci ilin oktyabrından sonra kənddə azərbaycanlı qalmayıb, erməni quldurları onları Tuğdan zorla çıxarıblar. 2020-ci ilin noyabrında isə kənddən didərgin düşmək növbəsi ermənilərə çatıb. Azərbaycan ordusu erməni silahlıları vurub kənddən çıxarıblar, camaat da onlara qoşulub gedib. Hazırda kənddə mülki əhali yaşamır, ancaq bir müddətdən sonra yəqin ki, Beyləqan civarında məskunlaşmış tuğlular geri dönəcəklər.

Kənddə olduğumuz zaman onların bir qismi gəlmişdi və məclis təşkil etmişdilər, igid əsgərlərimizin rəşadətini vurğulaya-vurğulaya zəfəri qeyd edirdilər. Heç demə, hər il fevral ayının həmin günü ermənilər Tuğda şərab festivalı keçirir, ağıllarını itirənə qədər araq-çaxır içir, “qədim və hünərvər xalq” olduqlarından ağız dolusu danışırmışlar.

Özünəvurğunluğun, reallıq hissini itirməyin acı nəticəsi budur: keçən il bu yerlərdə şərab içənlər, kef çəkənlər indi haralardasa əziyyət çəkirlər. Hünərvər erməni ordusu da darmadağın dağılıb. Hər il ermənilərin Vəng kəndində təşkil etdikləri eşşək cıdırında Tuğu təmsil edən eşşəklər də kəndin ortasında yiyəsiz qalıb, soncuqlaya-soncuqlaya ora bura qaçırlar.

Tuğ isə yenidən qurulmalıdır, abadlaşmalıdır, köhnə əzəmətini bərpa etməlidir. Bu kənd yenə maarifpərvər insanların yurduna çevrilməlidir. İmamverdinin nəvə-nəticələri kəndə qayıtmalıdır, Allahverdinin törəmələrinin xiffətini çəkmədən, özlərinə yeni həyat qurmalıdırlar, kəndi ağ günə çıxarmalıdırlar.

Yeri gəlmişkən, kəndin qədim binaları restavrasiya olunsa və ağ boyansa Tuğ Yunanıstanın Santorini adasındakı eyni adlı qəsəbəyə oxşayar.

Musavat.com-un reportyor qrupu

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR