İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Fransadakı iflası iki supergüc dövlətdə təkrarlana bilər

871 20.06.2019 08:45 Siyasət A A

Elman Nəsirov: “Analoji addımlar ABŞ və Rusiyada atıla bilər, bu, prezidentin və Mehriban xanımın apardığı işin nəticəsidir”

“Fransa inzibati məhkəmələrinin qondarma Dağlıq Qarabağ rejimi ilə imzaladığı ”Dostluq Xartiyaları"nın ləğvi alqışlanandır. Bu, həm də münaqişənin həllinə müsbət təsir göstərəcək".

Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirdi.

Deputatın sözlərinə görə, 4 xartiyanın məhkəmələr tərəfindən ləğvi təsdiqlədi ki, qondarma rejimin legitimlik cəhdləri növbəti dəfə iflasa uğrayıb:

“Hətta Ermənistan özü də bu qondarma rejimi tanıya bilməyib. Düzdür, onların Fransada lobbisinin gücü hesabnıa bəzi şəhərləri ala bilmişdilər. Ancaq indi fiaskoya uğrayır. Bu, eyni zamanda bir presedent yaradır.

Artıq ermənilərin ayrı-ayrı ölkələrdə məmurları, merləri ələ alması üçün Fransa məhkəmələrinin qərarları bir sədd yaradır.

Görürlər ki, ermənilərin güclü olduğu Fransada məhkəmələr xartiya qərarlarını ləğv edibsə, başqa şəhər rəhbərləri dərs götürürlər.

Bu hadisə dövlət rəhbərimiz İlham Əliyevin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi təbliğat-təşviqat kampaniyasının nəticəsidir.

Elman Nəsirov ile ilgili görsel sonucu

Həmçinin Mehriban xanım Əliyeva 12-13 illik parlament fəaliyyəti dövründə Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti kimi Fransada ciddi işlər aparırdı. Bu işlər nəticəsini verməliydi".

Deputat hesab edir ki, analoji addımların hansı ölkələrdə atılmasına gəlincə, Azərbaycanda ən çətini olan Fransadan başladı:

“Fransada yarım milyondan çox erməni yaşayır. Onların lobbisinin maliyyə gücü var, Fransa siyasətinə təsir imkanına malikdirlər.

Görün Azərbaycan prezidenti hansı bir ölkədə işlər aparıb. O baxımdan Fransadakı fəaliyyətin ardınca ABŞ-da analoji addımlar atılmasına nail ola bilərik.

Bəzi ştatlar qondarma rejimlə münasibət qurublar. Azərbaycan Fransa təcrübəsindən ABŞ-da istifadə edə bilər. Çünki 25 ştat Xocalı soyqırımını qəbul edib. Təbii ki, Rusiyada da nailiyyət qazanmaq imkanımız var.

İki ölkə arasında prezidentlərin sıx təmasları var, Rusiyada diasporamızın yenidən formalaşması üçün ciddi addımlar atılır.

Belə olan halda prosesə diaspora komitəmizin qoşulması da uğur gətirə bilər. Bütövlükdə kompleks tədbirlər Fransa kimi Rusiya və ABŞ-da həyata keçirilən, Ermənistanın təcavüzkar siyasəti ifşa edilə bilər".

Qeyd edək ki, Fransada məhkəmənin qərarı ilə Drom, Valans, Bur le Valans və Bur de Peaq departamentlərinin Dağlıq Qarabağdakı 4 “bələdiyyə” ilə imzalanmış “Dostluq Xartiya”ları qanunsuz sayılaraq ləğv olunub.

Qrenobl Məhkəməsinin qərarına görə, sözügedən departamentlərin 26 ildən bəri işğal altında olan Azərbaycan əraziləri ilə belə sənədlər imzalamaq hüquqları yoxdur.

Məhkəmənin qərarında həmçinin deyilir ki, həmin sənədlər Fransanın xarici siyasət kursu və prinsipləri ilə kəskin ziddiyyət təşkil edir, sənədlər Fransanın yürütdüyü siyasətin əsas, təməl prinsiplərini nəzərə almır.

Xatırladaq ki, mayın 29-da da Sersi-Pontuaz İnzibati Məhkəməsinin qərarına görə, bu ölkənin Arnuvil şəhəri və işğal altında olan Xocavənd arasında imzalanmış “dostluq xartiyası” qeyri-qanuni elan olunub və ləğv edilib. Bu proses separatçı Dağlıq Qarabağ rejiminin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradığını göstərir.

Qərar eyni zamanda beynəlxalq ictimaiyyətin separatçılıq meyllərini qınamasının növbəti təzahürüdür.

Bakıda səfərdə olan Azərbaycanın dostları assosiasiyasının prezidenti, sabiq deputat Jan Fransua Mansel bildirib ki, separatçı rejimlə imzalanmış qanunsuz xartiyaların ləğv edilməsi ilə Fransa işğal altındakı əraziləri Azərbaycan əraziləri kimi tanıyır və belə dırnaqarası sənədlərin imzalanması mümkün deyildir.

Fransa məhkəməsinin qərarları Ermənistanın, erməni diasporu və lobbisinin hüquqi müstəvidə bu ölkədəki böyük məğlubiyyəti kimi də qiymətləndirilir.

Bundan sonra da ermənilər işğal altındakı Azərbaycan ərazilərinin ayrı-ayrı subyektlərinin leqallaşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətinə düşərlərsə, o zaman Fransa inzibati məhkəməsinin qərarı təkcə bu ölkədə deyil, bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR