İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin daha bir yalan filmi

1071 22.06.2024 08:50 Ölkə A A

Nəsiman Yaqublu: “Ermənilərin törətdiyi vəhşiliklər haqqında əsər hələ mübarizə demək deyil, əsas odur ki...”

“Rusiya Erməniləri İttifaqı”  təşkilatının prezidenti Ara Abramyanın təşəbbüsü ilə “Artsax kilsələrinin xilası” adlı film çəkilib. Qarabağın xristian irsinin guya Azərbaycan tərəfindən məhv edilməsi barədə uydurmaların yer aldığı filmdə UNESCO və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət var. Növbəti erməni yalanı  haqda film beynəlxalq təşkilatlara göndərilib və bu barədə dünya mətbuatında məlumat yayılıb.

Ermənilər 44 günlük müharibədən sonra xüsusilə tarixi abidələrin guya dağıdılması ilə bağlı fəal anti-Azərbaycan kampaniyası aparırlar. Düzdür, Azərbaycan əcnəbilərdən ibarət səyyahlar, blogerlər və müxtəlif ölkələrin parlamentarilərini dağıdılmış yurdlara səfərlərini təşkil edir. Amma belə görünür ki, bu erməni təbliğatı qarşısında yetərli deyil. Bəs, Azərbaycan erməni vandallığı haqda sənədli filmləri nə vaxt beynəlxalq arenaya çıxaracaq?

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ermənilərin bu cür yalanı əslində yeni  hadisə deyil. Ermənilər həmişə bu istiqamətdə çalışıb və bu cür təxribatlara gediblər: “Xatırladım ki, tarixdə bu cür hadisə 1920-ci illərdə də baş vermişdi. Azərbaycanın ”Arşın mal alan" əsəri ermənilər tərəfindən Amerikada erməni dilində səhnələşdirilir və əsərin ermənilərə məxsus olduğu bildirilir. Sonradan Sovet hakimiyyətinin məsələyə qarışması, əsərin müəllifi Üzeyir bəy Hacıbəylinin özünün müdaxiləsi nəticəsində “Arşın mal alan” əsərinin Azərbaycana məxsus olduğu və müəllifinin Üzeyir bəy olduğu təsdiq  edildi. Yəni, qeyd etdiyim kimi, ermənilər hər zaman bu xislətlərinə sadiq qalıblar və qalacaqlar da. Bunun yolu isə ondan ibarətdir ki, biz hüquqi müstəvidə çalışmalıyıq.  Belə ki, ilk növbədə UNESCO-ya rəsmi müraciət ünvanlamalıyıq ki, Qarabağ Azərbaycan torpağıdır, adı da “Artsax” deyil, Qarabağdır və belə təxribatçı filmlərin yayılmasına imkan verilməsin.

İkincisi isə biz özümüz də işğaldan azad edilmiş bölgələrdə ermənilərin törətdikləri vandalizmi, vəhşiliyi, dağıntıları, qədim maddi-mədəni abidələrimizi, məscidlərimiz, məzarlıqlarımızı hansı hala saldıqlarlarını sübut edən, ağlamaq, göz yaşı tökmək formasında deyil, yüksək səviyyəli, peşəkar filmlər çəkməli və bunu müxtəlif istiqamətlərlə dünya ictimaiyyətinə çatdırmalıyıq. Çünki ermənilər öz uydurmalarını özlərinə xeyir edəcək formada dünyaya çatdırırlar. Ermənilərdə haqq-ədalət deyilən bir şey yoxdur. Bütün dünyaya həmişə yalan, saxtakar, separatçı məlumatlar yayıblar, Azərbaycanın maddi-mədəniyyət irsini mənimsəyiblər, sahiblənməyə çalışıblar. Yeganə yol budur ki, erməniləri ifşa edən sənədli, bədii filmlər çəkmək, əsərlər yazmaq, dünya ictimaiyyətinə çatdırmaq lazımdır.  Əslində bu yöndə işlər görülür. Ən böyük işimiz isə odur ki, torpaqlarımızı erməni işğalından azad etmişik . Bu böyük uğur, qazancdır. Təbii ki, biz bunun alqışlayırıq, lakin bu istiqamətdə xüsusilə filmlər çəkmək çox vacibdir. Bu işi görərkən isə peşəkarlığa xüsusi diqqət etmək lazımdır. Məsələn, Qarabağda ermənilərin törətdiyi vəhşiliklər haqqında əsər yazıb, ortaya qoymaq hələ mübarizə demək deyil. Əsəri necə yazmaq, necə bədii film çəkmək lazımdır ki, dünya ictimaiyyətinin diqqətini çəksin, fikrimcə bu məsələlərə diqqət edilməlidir. Qeyd etdiyim kimi, bunun üçün peşəkar iş görülməli, peşəkar işə isə peşəkarlar cəlb olunmalıdır. Əks təqdirdə uğurlu nəticə əldə etmək mümkün deyil. 44 günlük Vətən müharibəsindən artıq 4 il ötür, amma hələ də bu qələbə, Qarabağ həqiqətləri haqda bir filmimiz yoxdur. Demək ki, bu istiqamətdə problemlərimiz var və bunun həllinə çalışmalıyıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR