İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Bakıda tutdurduğu türk iş adamının məhkəməsi təxirə salındı - SƏBƏB

1420 26.01.2023 19:31 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Fransanın “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən 8 milyon 860 min manat talamaqda ittiham olunan, həmin şirkətin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri, Türkiyə vətəndaşı Mehmet Şahanın məhkəməsi davam edir.

Musavat.com-un xəbərinə görə, Yanvarın 26-da keçirilən prosesdə hakim Rahib Salmanovun bildirib ki, Mehmet Şahana ayrılan tərcüməçi xəstələnib. Hakim tərcüməçi olmadan prosesin keçirilməsi ilə bağlı Mehmet Şahanın fikirini öyrənib.

Mehmet Şahan prosesin tərcüməçinin iştirakı ilə keçirilməsini xahiş edib. Bu səbəbdən proses fevralın 13-nə qədər təxirə salınıb. Mehmet Şahan Fransanın “Thales İnternational Western Counties B.V” şirkətinin lokal partnyoru olan “MSC” tikinti şirkətinin rəhbəridir. O,  ittiham üzrə özünü təqsirli bilmir.

2022-ci ilin fevralında həbs olunan Mehmet Şahana qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb. İttiham aktında göstərilib ki, türkiyəli Mehmet Şahan 2014-2021-ci illər ərzində “Thales İnternational Western Counties B.V” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyinin direktoru olub. İddia edilir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu mənimsəyib. O, bunu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib. Başqa ittihama görə, Mehmet Şahan rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı da törədib. Mehmet Şahan isə ittihamları rədd edir. O, məhkəməyə bildirib ki, “Thales Group” aviakosmik, müdafiə və informasiya texnologiyaları ilə məşğul olan elektronika qrupdur. 80 min nəfərdən ibarət işçi heyəti var. Dünyanın 68 ölkəsində əməliyyat fəaliyyəti həyata keçirir. Bütün dünyada insanların, infrastrukturun, dövlətlərin təhlükəsizliyi sahəsində əsas oyunçu hesab olunur. Azərbaycandakı nümayəndəliyi naviqasiya sistemləri, mühafizə sistemləri və digər sahələr üzrə konsultasiya xidməti göstərir. Şirkətin əsas müştəriləri arasında “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Bakı Metropoliteni QSC və sair qurumlar var. Onun ibtidai istintaqa verdiyi ifadəsində yazılır:

“Baş ofis tərəfindən seçilən partnyor şirkət "Modern Constraction Group" MMC tərəfindən əməkdaşlıq etdiyimiz bir neçə MMC-lərlə işləmişik. Həmin MMC-lər partnyor şirkət “MCG” MMC tərəfindən tapılıb və onlarla əməkdaşlıq etmişik. Həmin şirkətləri tanımıram. O şirkətlərə pul vəsaiti marketinq işləri aparılması (bazar araşdırılması) üçün köçürülüb. O şirkətləri “MCG” MMC-nin mühasibi Arif Quliyev tapmışdı. Məlumat üçün bildirim ki, “MCG” Thales-in Azərbaycandakı lokal partnyorudur. Bildiyimə görə, o şirkətlər bazar araşdırmaları barədə məlumatları “MCG” MMC-yə təqdim edirdilər. “MCG” MMC də öz növbəsində həmin məlumatları şifahi və görülmüş işlər barədə akt şəklində təqdim edirdi. Beləliklə, bazar araşdırmalarının nəticələri hazır olanda Arif Quliyev məni çağırırdı və onunla birlikdə məlumatları baş ofisə təqdim edirdik. Bununla bağlı bütün sənədlər ofisdə idi. Həmin şirkətlərlə imzalanan müqavilələr, şirkətlərə verilən sifarişlər, qiymət təklifləri və s. ofisdə idi. Məndə heç bir sənəd yoxdur. Həmin şirkətlərlə görülən işlərlə bağlı Arif Quliyevlə birgə baş ofisdən təsdiq almışdım. O şirkətlər bazar araşdırmaları ilə bağlı məlumatları təqdim etmişdilər”.

Mehmet Şahan ifadəsinə davam edərək bildirib ki, şirkətlərə vəsait köçürülmələri baş ofisin təlimatları əsasında həyata keçirilib. O, öz şəxsi xərclərini heç vaxt hesabatlara daxil etməyib: “Yalnız uşaqlarımın məktəb xərclərini və məktəbdən kənar müəllimlərə ödədiyim pulları baş ofis ödəyirdi, uşaqlarıma görə ödənilən pullar da əvvəlcədən baş ofislə razılaşdırılırdı. Bakıda - Nərimanov rayonunda ailəmlə kirayədə yaşayırdım. Aylıq 5 min avro kirayə haqqı ödəyirdim. Baş ofisin bütün xərclərdən xəbəri var idi. Pul mənimsəməsi olmayıb. Xərclərlə əlaqədar hər ay hesabat tərtib olunurdu. Həmin hesabatlar ofisdə idi. Hazırda harada olması barədə xəbərim yoxdur. “Thales” ildə 4 dəfə yoxlama keçirirdi. Bundan başqa, hər həftə rəhbərimlə görüntülü danışırdıq. 7 il ərzində baş ofisin nəzarəti və razılığını alaraq işləmişəm. Sizcə, belə bir şirkətdən gizli 7 il işləyib və 7 il pul mənimsəmək mümkündürmü?”

Mehmet Şahan başına gələnləri ermənilərlə əlaqələndirir:

“Bunlar hamısı erməni lobbisinin və Ermənistanın sabiq prezidentinin dostu Pier Matyunun işləridir. Məni qanunsuz olaraq işdən çıxartdırdı, buna görə Fransada məhkəməyə müraciət etdim. Əvəzində şirkətin rəhbərliyi həm kompensasiya ödəməmək, həm də bir türk olaraq açıq qərəz nümayiş etdirərək mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. Şikayəti verəndə bütün sənədləri gizlətdilər ki, mən təqsirsizliyimi sübut edə bilməyim. Baş ofis məni hələ işdən çıxarmamışdan əvvəl bütün planları qurmuşdu. Məni prezentasiyaya dəvət bəhanəsi ilə Madridə çağırdılar. Orada kompüterimi, telefonumu əlimdən aldılar ki, əlimdə heç bir sübutum qalmasın. Çünki kompüterimdə və telefonumda təqsirsizliyimi sübut edən bütün dəlillər vardı. Kompüterimin və telefonumun əlimdən alınmasını baş ofisin rəhbər işçiləri öz ifadələrində təsdiq edib. Özümü təqsirsiz hesab edirəm. Müstəntiq mənə qarşı qərəzli davranıb, indiyədək həbsdə saxlanmağımı da qanunsuz hesab edirəm”.

2016-cı ilin oktyabrında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Mehmet Şahanı xidmətlərinə görə milli kavaler ordeni ilə təltif edib. Fransanın Azərbaycandakı səfirliyinin həmin vaxt yaydığı məlumatda qeyd edilirdi ki, Fransanın xarici ticarət məsləhətçisi olan Mehmet Şahan Azərbaycanda fəaliyyət göstərən fransız işgüzar dairələrinin görkəmli nümayəndəsidir.

Mehmet Şahan, yüksək səviyyədə fransız dilində danışa bildiyinə görə, həmçinin fransız şirkətləri ilə olan gərginlik zamanında türk insanına ciddi ehtiyac olduğu üçün bu vəzifəyə təyin edilib. İllərlə vəzifəsinin öhdəsindən də gəldiyi üçün bir xəbərdarlığı, töhməti də olmayıb. Özünün Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətində bu barədə bunları yazır:

“Mən Mehmet Şahan, Fransada yaşayıb, yüksək səviyyədə fransız dilində danışa bildiyimə görə Fransız şirkətlərinin Azərbaycandakı ofislərində ölkə müdiri vəzifəsində işləmişəm. Son iş yerim olan “Thales İnternational” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin ofisində 2014-cü ildə başlayan ölkə müdirliyi vəzifəm 2021-ci ilin aprel ayında sona çatmışdır. Hava limanı, metro və müdafiə sənayəsi sahələrində bir çox layihə üçün 4-5 işçisi olan rəhbərliyini etdiyim bu ofis sağlam münasibətlər qurub, tender prosedurları həyata keçirib və layihələr alıb. Layihə müqavilələri isə tendərə daxil olan idarə ilə “Thales”in Fransadakı Mərkəzi arasında bağlanıb. “Thales” işləri görərkən yerli tərəfdaş kimi “Modern Construction Company” (MCG) ilə müqavilə bağlayıb və uzun illər partnyor kimi birgə fəaliyyət göstəriblər”.

Elə Mehmet Şahanı həbsə aparan yolda da bu iki şirkət birlikdə hərəkət ediblər. Belə ki, Makron hakimiyyətə gəldikdən sonra “Thales İnternational” şirkətində də rəhbər vəzifə tutan şəxslər dəyişib. İllərdən bəri şirkətin idarəçiliyini edən yəhudi əsilli Fransa vətəndaşlarının yerinə Makrona yaxın ermənilərin gəlməsindən və ən əsası Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın 20 illik ən yaxın dostu Pierre Mathieu şirkətdə rəhbər vəzifəyə təyin olunduqdan sonra şirkətin Azərbaycan siyasəti 180 dərəcə dəyişib. Elə Mehmet Şahanın da qara günləri bundan sonra başlayıb. Özü prossesi belə izah edir: “2018-ci ildə Fransada Makron prezident olduqdan sonra vəzifəyə gələn “Thales”in yeni rəhbərliyi Azərbaycan ilə münasibətləri kəsmək barədə qərar qəbul edib. Onlar Bakıdakı ofisin bağlanmasına qədər davam edəcək proseslərə başladılar və mən də onların hədəfində idim. 2021-ci ilin aprelində “Thales” tərəfindən işdən çıxarıldım. İşimə xitam verilməsi barədə məlumat verdilər və kiçik xərclərimi bəhanə gətirərək, kompensasiyamın verilməyəcəyini bildirdilər. İşdən çıxarıldığımda bu haqsızlığı qəbul edə bilmədim və münasibətimi illərlə dostum hesab etdiyim MCG sahiblərinə bildirdim. MCG-nin sahibləri adlandırdığım Oyrat Tağıyev və Emin Əliyev adlı milliyəti azərbaycanlı, ancaq Lüksemburqda yaşayan şəxslərdir. “Thales”i məhkəməyə verəcəyimi, bunların Ermənistanın dostu olduğuna görə məni qovduqlarını dedim. Emin Əliyev isə “Thales”in yeni rəhbərliyi ilə yaxın münasibət qurmaq üçün mənim haqqımda şişirdilmiş dezinformasiyalar yaydı”.

Beləliklə, “Thales” tərəfindən Mehmet Şahan ilə bağlı Azərbaycanda olan nümayəndəliyə 7 il rəhbəlik edən Mehmet Şahan tərəfindən şirkətin nümayəndəliyinin gəlir və büdcəsində olan pul vəsaitlərinin mənimsənilməsi və talanması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə müraciət edilir. Həmin müraciətdə guya 2014-2021-ci illər ərzində Mehmet Şahan tərəfindən şirkətin çalışanlarının əmək haqları və dövlətin vergi ödənişləri ödənilməmiş, ortalama aylıq 50-60 min avro məbləğində nümayəndəliyə məxsus pul vəsaitinin onun tərəfindən mənimsənildiyi iddia edilir. Lakin hansısa səbəbdənsə bu 7 il ərzində şirkətin baş ofisi tərəfindən nümayəndəliyin fəaliyyəti ilə bağlı yoxlama aparılmaması nəzərə alınmayıb!

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR