İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Azərbaycan-İsrail dostluğuna qarşı mənfur təbliğatı - düşmənin yeni hiyləsi

3337 02.04.2021 20:56 Siyasət A A

Azərbaycanla İsrail arasındakı isti münasibətlər Ermənistanda xüsusi qıcıq doğurur. Bədnam qonşumuz strateji xarakter daşıyan bu əlaqələrə kölgə salmaq üçün min cür hiyləyə əl atır.

“Yeni Müsavat” olaraq son həftələrdə İsraildə fəaliyyət göstərən erməni təşkilatlarının həyata keçirdiyi anti-Azərbaycan məramlı nümayişlər haqqında məlumat vermişdik. Yerli ermənilər İsrail dövlətindən tələb edirlər ki, rəsmi Təl-Əviv Azərbaycana müasir silahların satışını dərhal dayandırsın. Həmin nümayişlərdə çıxış edən etirazçılar and-aman edirdilər ki, Azərbaycan guya İsrailin dostu deyil, yəhudi dövləti Cənubi Qafqazda Ermənistana "etibar" edə bilər.

Təbii ki, İsrail ilə Azərbaycanın arasına nifaq salmağa çalışan Ermənistanın yəhudi dövlətinin rəsmi İrəvana münasibətindən son dərəcə məyusdur. İsrailin Ermənistanın bu kimi cəhdlərinə məhəl qoymaması onları xüsusi ilə qıcıqlandırır. O da aydındır ki, II Qarabağ Müharibəsində zəfər çalan Azərbaycan müharibənin ən kritik zamanında ona dəstək vermiş İsrailə indi daha çox bağlıdır. Çünki bütün təzyiqlərə baxmayaraq İsrail-Azərbaycan münasibətləri nəinki öz monolit mahiyyətini qoruyub saxlaya bildi, hətta onsuz da möhkəm olan bu münasibətlərə əlavə güc qatdı.

Ancaq ermənilər İsrail-Azərbaycan münasibətlərini korlamaq üçün bütün variantlara əl atmağa cəhd edirlər. Erməni mətbuatında bu tendensiya aydın görünür. Məsələn, “Azerbaijan betrays Israel at the UN” (Azərbaycan BMT-də İsrailə xəyanət edir) başlıqlı təxribat xarakterli məqalə də bu qəbildəndir. Daşnakların “armenianweekly.com” saytı İsrail-Azərbaycan münasibətlərini təftiş edən siyasi analitik Harut Sassounian yazır ki, İsrail hökuməti və yəhudi əsilli amerikalı liderlər 30 ildir ki, Azərbaycanın şəninə yerli yəhudi icmasına qarşı tolerantlığa və İsrail ilə dostluğa görə həddindən artıq təriflər yağdırırlar. İsrail rəhbərləri və tanınmış yəhudi əsilli amerikalılar bir neçə dəfə Bakıya səfər ediblər və Azərbaycan hökumətini tərifləyən və iki ölkə arasında xüsusi yaxınlığı göstərən bəyanatlar veriblər.

Müəllif hiyləgərcəsinə ermənilərin bundan qəzəbli olmasını gizlətmir və bunu "riyakarlıq" kimi qələmə verir.

Erməni mediası belə rəy yaratmağa çalışır ki, Azərbaycan və İsrail arasındakı münasibətlərin Bakıda yəhudilərə göstərilən rəftarla da heç bir əlaqəsi yoxdur. "İsrail və Azərbaycan əsasən bütün humanitar və etik məsələlərə məhəl qoymadan qarşılıqlı istismarla məşğuldurlar. Neftə olan ehtiyacının 40 faizini Azərbaycandan idxal edən İsrail bunun müqabilində Azərbaycana milyardlarla dollar dəyəri olan ən müasir və ölüm saçan silahlar satır" - deyə müəllif çaşdırıcı, reallıqdan uzaq iddiada bulunur.

Pafosa üstünlük verən erməni yazar qeyd edir ki, İsrailin Azərbaycanla yaxşı münasibətləri davam etdirməsinin digər səbəbi də İranla bağlıdır...

Ermənilərin İsraillə bağlı hiyləgər planı: - Bakının atmalı olduğu addımlar

Erməni təbliğat maşını belə fikir formalaşdırmaq istəyir ki, İsrail İrana dair planlarının icrasında Azərbaycandan istifadə etməyə çalışır.
İsrailin Azərbaycanla yaxınlıq etməsinin ikinci səbəbi kimi, Ərəb-İsrail qarşıdurmasını da önə çəkirlər.

Müsəlman dünyası ilə yaxşı münasibətləri olmayan İsrailin bir islam ölkəsi kimi Azərbaycanla əlaqələrə ehtiyacı olduğunu iddia edirlər.

“Digər tərəfdən, Azərbaycan İsrail və Vaşinqtondakı yəhudi əsilli amerikalıların təsir gücündən bəhrələnərək ABŞ-dakı siyasi maraqlarını maksimum dərəcədə artırır və bu yolla ABŞ-dakı erməni lobbisinə qarşı müqavimət göstərir”- deyə, erməni müəllif Azərbaycana qarşı yazısında bildirib.
Müəllif xatırladır ki, İsrail 1993-cü ildə Bakıda səfirliyini açsa da Azərbaycan indiyə qədər belə bir addım atmayıb: "Çünki Azərbaycan ərəb və müsəlman ölkələri ilə - xüsusən İranla problem yaşamaq istəmədi..."

Bəli, Azərbaycanın İsraildə səfirliyi yoxdur. Ancaq Ermənistan İranın təkidlə buna qarşı çıxmasına baxmayaraq ötən ilin sentyabrında Təl-Əvivdə rəsmən səfirlik açdı. Əslində, bu, sırf erməni hiyləsi idi, məqsəd heç də səfirlik açmaq deyildi.

Ermənistan İsraildə səfirlik açmağa qərar verib

Ancaq bu, İsrailin Azərbaycana münasibətində hər hansı bir dəyişikliyə səbəb olmadı. Belə ki, Ermənistan Təl-Əvivdə səfirlik açdıqdan bir həftə sonra II Qarabağ Müharibəsi başladı və İsrail bir daha birmənalı və açıq şəkildə praktiki əməlləri ilə göstərdi ki, yəhudi dövləti bütün imkanları ilə Azərbaycanın yanındadır.

Ermənilər elə zənn edirdi ki, İsraildə səfirlik açmaqla yəhudi dövləti ilə Azərbaycan arasında münasibətlərin zəiflətməyə nail ola biləcəklər. Və belə bir addımın müharibə ərəfəsində atılması da təsadüfi sayılmamalıdır.

Əlbəttə, Azərbaycan nə vaxtsa İsraildə səfirlik açacaq. Ancaq bunun üçün beynəlxalq şərtlərin uyğun olması gərəkir. Həm də son 30 il sübut etdi ki, Azərbaycan İsraildə səfirlik açmadan da rəsmi Təl-Əvivlə mükəmməl münasibətlər yaratmaq gücündədir.

Azərbaycanın BMT-də əldə etdiyi uğurlar (VİDEO)

Bəs “Azərbaycan BMT-də İsrailə xəyanət edib” ittihamının arxasında nə dayanıb? İsrail-Azərbaycan münasibətlərinə "lupa altında" baxanlar tutarlı bir arqument tapa bilmirlər. Ona görə də saman çöpünə əl atırlar. Erməni müəllif yazır ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında İsrailin əleyhinə çıxışlar edir. Belə çıxışlardan biri də martın 18-də İsveçrənin Cenevrə şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının iclasında müşahidə olunub. Belə ki, Şuranın gündəliyinin 7-ci bəndində “Fələstində və işğal olunmuş digər ərəb ərazilərində insan haqlarının vəziyyəti” mövzusunda çıxış edən Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin üçüncü katibi Şəhriyar Hacıyev üç dəqiqəlik çıxışında İsrail dövlətini fələstinlilərlə rəftarını ciddi şəkildə tənqid edib. O deyib: “Bu bəyanatı Qoşulmama Hərəkatı adından verməkdən şərəf duyuram”.

Xatırladaq ki, 2019-cü ilin oktyabrın sonlarına Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi. Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyi barədə qərar çıxarıldı. Həmin qərara əsasən hazırda Azərbaycan Prezidenti İlham Əliyev 120 dövlətin üzv olduğu bu təşkilatın sədridir. O da sirr deyil ki, II Qarabağ Müharibəsi zamanı Qoşulmama Hərəkatı Azərbaycana ciddi şəkildə dəstək verdi. Azərbaycan prezidenti öz çıxışlarında bir neçə dəfə bu məsələyə toxunub.

Azərbaycan dünya nizamını necə dəyişir?” » Kaspi.azAzərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Göründüyü kimi, Azərbaycan təmsilçisinin 120 dövlətin birgə mövqeyi kimi təqdim etdiyi bəyanatı erməni mediası Azərbaycan dövlətinin rəsmi mövqeyi kimi dəyərləndirməkdən çəkinmir. Halbuki Azərbaycan rəsmən Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə sözügedən bəyanatı da Azərbaycan nümayəndəsi səsləndirməli idi. Yəni, bu arqument ötəri tənqidin qarşısında belə tab gətirmək gücündə deyil.

Əlbəttə, erməni tərəfi Azərbaycana qarşı əks-təbliğat kampaniyasını bundan sonra da davam etdirəcək. Azərbaycanın dini və etnik baxımdan son dərəcə tolerant davranması, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyətə sahib olması, multikulturalizmin dövlət səviyyəsində təşviqi erməni tərəfini beynəlxalq səviyyədə çıxılmaz vəziyyətə salır. Bu arqumentləri Azərbaycanın əlindən almaq isə son dərəcə çətindir. Söhbət açdığımız məqalədə ortaya qoyulan arqumentlərin sönüklüyü də məhz bu amildən irəli gəlir.

Elbəyi Həsənli,
Sürix

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR