İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərə əsir düşən prezident: Makronun “Papazyan sevgisi” və Parisdə sındırılan AzTV kamerası

1667 30.06.2023 14:26 Yazarlar A A

Fransada çəkiliş aparan Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına hücum edilməsi, jurnalistlərə xəsarət yetirilməsi, texnikalarının əllərindən alınaraq sındırılması, üstəlik, onların silahla hədələnməsi söz və mətbuat azadlığına ciddi zərbədir. Xüsusilə də bu hadisənin illərdir yeni müstəqillik qazanmış ölkələrdəki azadlıqların “təftişi” ilə məşğul olan Avropanın aparıcı ölkələrindən birində törədilməsi nonsesdir və birmənalı şəkildə pislənilməlidir.

AZTV.jpeg (112 KB)

Əslində daha ağır cinayət törədilə bilərdi, məsələn, üç gün əvvəl 17 yaşlı əlcəzairli gəncin qətlə yetirilməsi kimi... Əlcəzairli gənc də nə silah daşımışdı, nə də müqavimət göstərmişdi, lakin fransız polisi tətiyi onun başına çaxdı, çünki kefi istədi. Artıq Fransa riskli ölkələrdən biri sayılmaqdadır, eynilə “kiçik bacısı” Ermənistan kimi... Ermənistan paytaxtında hətta normal idman yarışını təşkil edə bilmədilər və beynəlxalq yarışın gedişində Azərbaycan bayrağına od vurdular, ardınca həm Azərbaycan, həm Türkiyə bayraqların təhqir etdilər. O zaman Fransadan səs çıxdımı, etiraz oldumu? Olmadı. Çünki Fransanın özündə illərdir ki, türkofobiya, islamofobiya və azərbaycanofobiya hökm sürür. Bu dəhşətli mərəzə yoluxan cüt bacı təbii ki, özlərinə xas davranış sərgiləməliydilər bizə münasibətdə...

Fransada AzTV əməkdaşlarına qarşı törədilmiş təxribat təkcə media düşərgəsində deyil, ölkəmizdə, o cümlədən ədalətin tərəfdarı olan əksər çevrələrdə etirazlar doğurub. Düzdür, Fransa “aşiqləri” yenə də baş verənlərə rəng qatmağa cəhd göstərirlər, amma heç vəcdlə bu özbaşınalığa haqq qazandırmaq, yaxud onu ört-basdır etmək olmaz. Bu, söz azadlığına kobud müdaxilənin də sərhədlərini aşan cinayət faktıdır, günahkarlar mütləq cəzasını almalıdır. Azərbaycan dövlət kanalının əməkdaşlarına qarşı törədilən cinayət həm də dövlətimizə əl və dil uzadılması cəhdidir və sıradan bir məsələ deyil.

Fransanın ölkəmizdəki səfiri deyib ki, AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənir.

buayon.jpg (94 KB)

Təəssüflənmək çox azdır, hörmətli diplomat Ann Buayon! Üzr istəmək lazımdır, özü də səfir səviyyəsində deyil, prezident səviyyəsində! Parisdəki Azərbaycan səfirliyinə hücumun üstündən çox keçməyib. Heç bir müqavimətlə üzləşməyən erməni terrorçu dəstələr Azərbaycanın Fransadakı səfirliyinə basqın etdilər. Düzdür, bu günlərdə istintaq yekunlaşdı və cinayətin başında dayanan şəxsə yarım illik şərti cəza verdilər. Bir dövlətin parçasına qarşı həyata keçirilən hücuma adekvat olmadı cəza, sadəcə, gözdən pərdə asıldı. Əlcəzairli gənci durduğu yerdə qətlə yetirən Fransa polisi o zaman – 2022-ci ilin 18 sentyabrında, Fransadakı erməni radikallar səfirliyimizə hücum edib, diplomatik nümayəndəliyimizin binasına zərər vuranda, əməkdaşları təhdid, bayrağımızı təhqir edəndə hardaydı?! Bəlkə Azərbaycan səfirliyinə hücum Makronun dinində “halal” sayılır? Bu basqının bir az da irəli aparılması mümkün olsaydı, Tehrandakı səfirliyimizdəki qanlı terrora bənzər olaylar yaşana bilərdi. Elə isə nədən “Charjoum” radikal erməni hərəkatının üzvü Loris Tufanyana belə yüngül – 6 aylıq şərti cəza?!

Və... 23 iyun məhkəmə qərarından beş gün sonra növbəti anti-Azərbaycan hərəkətlər. Təsadüfdürmü? Şübhəsiz ki, yox. Artıq Azərbaycana qarşı təzyiq və təhdid ritorikası Fransanın xarici siyasət doktrinasının elan olunmamış mühüm bəndinə çevrilib. Bu ölkənin başında dayanan Emmanuel Makron 44 günlük müharibənin ilk mərhələsindəcə Azərbaycanı “Dağlıq Qarabağı işğal etmək cəhdində” (!!!) ittiham edəcək qədər absurda əl atdı. Bunu Cibutinin birinci şəxsi desə, bəlkə də boş vermək olardı. Di gəl, 30 ilə yaxın müddətdə adını “vasitəçi”, “həmsədr” qoyub, guya “ədalətli sülh” arayışında olan dövlətin lideri səsləndirdi bu iftiranı. Hansı ki, Azərbaycan Fransanın da daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra edirdi, Fransa lideri də utancdan xilas olacaqdı, nəhayət. Amma o, nəinki qəbul edilən qətnamələrin Azərbaycan tərəfdən icrasına görə təşəkkür etmədi, əksinə, bu günədək zəfərimizi sinirə bilmədiyini hər addımında nümayiş etdirir.

emma.jpg (78 KB)

Kişinyovdakı “beşlər formatı”nda şəkil çəkdirən – çünki onun başqa bir müsbət əməlini görə bilmədik – Makron Paşinyanı təlimatlandırmaqdan, gərginliyi tətikləmək ənənəsindən əl çəkmədi. Üstəlik, üçüncü ölkələrin əli və yolu ilə Ermənistana hərbi yardımlar göndərməkdən yorulmur pis yoldan əl çəkməyən “böyük bacı”. Belə olan təqdirdə Fransa paytaxtında çəkiliş aparan azərbaycanlı jurnalistlərə “özəl münasibət”in olması da əslində təəccüb doğurmur bir çoxlarında... 44 günlük müharibədən bəhs etmişkən, bir faktı da xatırladaq: Makron Azərbaycanı Ermənistana qarşı döyüşməkdən ötrü guya “muzdlu döyüşçülər gətirməkdə” ittiham etmişdi. O zaman Prezident İlham Əliyev bu iddianı qəti şəkildə təkzib edərək bildirmişdi ki, Makrondan üzrxahlıq gözləyir. Təsəvvür edin, Azərbaycan 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərini azad edir və Makron birdən ortaya düşüb deyir ki, Azərbaycan Qarabağa muzdlular gətirib. Utanmazlığın növbəti mərhələsidir. Say etibarilə Ermənistanı beş dəfə geridə qoyan, güclü orduya sahib olan ölkəni bu şəkildə ancaq Makron-Paşinyan cütlüyü şərləyə bilərdi. Bu günədək Azərbaycan Prezidentindən və xalqından, eyni zamanda torpaqları qanı-canı bahasına azad edən ordusundan üzr istəməyən Fransa prezidenti özünün məkrli addımlarından əl götürmək istəmir.

Görün Fransa prezidenti nə gündədir ki, Daşnaksütyun partiyasının büro üzvü, Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri Murad Papazyana hesabat verir və erməni millətçilərinin əlində alət olduğunu artıq gizlətməyə belə çalışmır! Özü də Ermənistan hökumətinin 14 iyul 2022-ci il tarixli qərarı ilə Papazyan Ermənistanda arzuolunmaz şəxs elan edilib və onun bu ölkəyə girişinə qadağa qoyulub. Damarlarından erməni qanı axmasına görə fəxr etdiyini deyən birisi Ermənistanda it-qurd qədər hörmətə sahib deyil, amma Makron üçün “xüsusi” şəxsdir. Kriminal keçmişə sahib olan Papazyan olsa-olsa Fransadakı diaspora rəhbərlərindən biridir və fövqəladə gücə, imkanlara malik birisi deyil. Bəs Makron üçün nə qədər böyük əhəmiyyət kəsb edir, niyə vazkeçilməzdir? Heç şübhəsiz ki, Fransadakı yarım milyonluq erməniyə xoş gəlmək niyyəti də önəmli rol oynayıb Makronun “Papazyan sevgisi”ndə.

papazyan.jpg (173 KB)

Amma doğrudanmı Fransa prezidenti başa düşmür ki, papazyanların sevgisini qazandıqca, Fransa dövlətinin adına ayıb sayılacaq statistikaya yeni çalarlar əlavə edir? Qarabağın işğalı dövründə Papazyanın Azərbaycan ərazisində fəaliyyəti, separatçı-terroçu dəstələrə verdiyi dəstək, onun kriminal və pozucu fəaliyyəti Makronun döşünə necə yatıbsa, ondan ayrıla bilmir... O da istisna deyil ki, Makronun Papazyan kimi quldurun önündə miskin davranışlarının təməlində çirkli əlaqələr dayanır. Yəni Fransa erməniləri Makronun seçki kampaniyasını maliyyələşdiriblər, onun prezident seçilməsində erməni lobbisi və erməni maliyyəsi önəmli rol oynayıb və indi də “borc”larının qarşılığını istəyirlər.

Makron özü də etiraf edib: danışıqlada Azərbaycan Prezidentinə təzyiq göstərmək cəhdləri olub, amma İlham Əliyevə gücü çatmayıb, uduzub. Çünki Prezident İlham Əliyev beynəlxalq siyasi arenada Azərbaycanın milli maraqlarını ardıcıl müdafiə edib və qoruyub, heç bir təzyiqi qəbul etməyib. Diqqət edin, Fransadakı erməni lobbisinə məxsus mediada gedən xəbərlərdə bildirilirdi ki, Makron Kişinyovdan qayıtdıqdan sonra dərhal Papazyanla (!!!) əlaqə saxlayıb və bildirib ki, Kişinyovda Ermənistanın maraqlarını yalnız o qoruyub. Guya ki, ondan fərqli olaraq nə alman kansler Şolts, nə də Şarl Mişel səslərini çıxartmayıblar. Ölkənin liderinə baxın, bir erməni qarşısında bu qədər əzilmiş, sınmış vəziyyətdə çıxır, öz müttəfiqlərini ayağa verir.

Vaxtaşırı öz vətəndaşları tərəfindən şillələnən, papazyanların menyüsünə uyğun siyasət yürüdən Makrondan fərqli olaraq, Azərbaycan xalqının böyük etimadını qazanmış Prezident İlham Əliyev bu prosesdə ona mandat vermiş xalqının maraqlarının sadiq və qətiyyətli müdafiəçisi olaraq çıxış edir.

eliyevv.jpg (86 KB)

İllərdir “sarı jiletlilər”in əlində əsir-yesir qalan Makron iş-gücünü atıb, Azərbaycana qarşı təxribat-diversiya törətdiklərinə görə cəzalandırılmış guya “əsir ermənilər”in azad olunması uğrunda çalışır. Hansı ki, fərqində deyil, özü ermənilərə əsir düşüb, ermənilərin puluna, felinə, dilinə... Böyük tarixi ənənələrə, mədəniyyətə malik fransız xalqının bu dəfə prezident sarıdan bəxti heç gətirməyib. Bu gün Makronun özünü əsirlikdən xilas etmək lazımdır: erməni əsirliyindən. Bəlkə xilas olmaq üçün Azərbaycana müraciət etsin, elə AzTV-nin kamerası ilə. Təbii ki, baş verənlərə görə üzr istədikdən, zərəri ödədikdən və günahkarların cəzalandırılması barədə zəruri addımlar atıldıqdan sonra... Makron Fransası bu gün üz-gözündəki eybəcərlikləri düzəltməkdənsə, aynanı – videokameranı sındırmağa üstünlük verir, çox təəssüf... Terroru maliyyələşdirən Papazyana hesabat verən liderdən nə gözləmək olar?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR