İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər tərəfindən ucsuz-bucaqsız xarabalığa çevrilmiş Ağdam, insanları ümidləndirən yeni tikililər... FOTO REPORTAJ

2514 28.11.2021 18:15 Reportaj A A


Ağdamın işğaldan azad olunmasının bir illiyi ərəfəsində azad Ağdamı görmək fürsətim oldu. Əslində, heç gözləmədiyim, yaxın günlərin planında  olmayan bir səfər idi. Lənkəran Dövlət Dram Teatrının kollektivi Ağdama qastrol səfərində olacaqdı və bu səfər zamanı həm də işğaldan azad olunan ərazilər ziyarət olunacaqdı. Mən də "Yeni Müsavat"ın mədəniyyət yazarı kimi bu səfərə dəvət almışdım. Beləliklə, noyabrın 23-də Ağdam Dram Teatrının Quzanlı qəsəbəsində yerləşən binasında Lənkəran teatrının tamaşasını izlədikdən sonra birbaşa o torpaqların ziyarətinə yollandıq.



Bizi daşıyan mikroavtobusdakı heyətin əksər üzvü ağdamlı idi. Yolboyu ağdamlıların qəhrəmanlığından, şücaətindən fəxrlə danışan kim,  mikroavtobusun pəncərəsindən boylanıb, "bax, bura filan idarənin yeri idi... yox, səhv edirəm, deyəsən yuxarıdadır", deyən kim, sükutla dağıdılmış torpaqları izləyən kim... Ağdam həqiqətən də daşı-daş üstündə qalmayan,  ucsuz-bucaqsız xarabalığa, ruhlar şəhərinə çevrilib. Bir ildir ki, efirlərdə, yazılarda bunu görür, eşidirik. Amma Ağdamı canlı ziyarət edənlər bilir ki, reallıq deyilənlərdən, göstərilənlərdən daha da dəhşətlidir. Erməni vandalları təbiətə, Ağdama olmazın zülm verib, heyvanın belə etmədiyi vəhşiliklər törədiblər. Halbuki Ağdam müharibəyə qədər Qarabağın ən böyük, ən möhtəşəm, yaşıllıq içərisində olan şəhərlərindən biri olub.

"Çörək muzeyi", erməni vəhşiliyinə məruz qalmış mozaika təsvirləri...

İlk ziyarət etdiyimiz yer Ağdamın məşhur "Çörək muzeyi"nin qalıqları oldu. Zamanında bu muzey dünyada ikinci, Sovet İttifaqında isə ilk çörək muzeyi olub. Deyilənə görə bu cür muzeyin yaradılması fikri 1983-cü ildə Almaniyanın Ulm şəhərində yerləşən Çörək muzeyi haqqında "İzvestiya" qəzetində dərc olunmuş maraqlı məqalədən sonra ortaya çıxır. Məkanda olan dəyirman binası təmir olunur, fasadında məşhur daş mozaika yaradılır. Muzey darmadağın edilsə də, mozaika möhkəm olduğundan bir hissəsi indiyədək qalıb. Lakin erməni vandalları yenə də öz vəhşiliklərindən geri qalmayaraq, mozaikada olan uşaq və qadın, kişi təsvirlərini dağıdıb, təhqiredici görüntü yaratmağa çalışıblar. Nədir bu qədər qisas hissi?!..


Zamanında muzeyin açılışında iştirak etmiş Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov xəyalən o günlərə qayıdır:
"Xatırlayıram ki, 1983-cü ildə muzeyin açılışı oldu. Muzeyin yerləşdiyi yerdə dəyirman var idi, hansıki həmin dəyirmanın İkinci Dünya müharibəsində Ağdam camaatının çörəklə təmin olunmasında xüsusi rolu olub.
Muzeydə saxlanılan 300 çörək eksponatının içində ən gözəl, diqqət çəkən bir eksponat var idi. O vaxt Leninqraddan bir qadın cımıxdan hazırlanan çörək parçası gətirir. Həmin çörək parçası gündəlik insanlara verilən çörək norması imiş. Qadının övladı aclıqdan ölsə də o, bir parça çörəyi gələcək nəsillər üçün saxlayır. Beləliklə, həmin çörək parçası da eksponat kimi bu muzeyə verilmişdi. İndi bu məşhur muzeydən sadəcə qalıqlar qalıb. Bu, çox ağrıdıcıdır. Ermənilər təkcə yurd-yuvamızı deyil, daxilimizdəki o ruhu, xatirələrimizi, anlarımızı da məhv ediblər, öldürüblər".
Bələdçimiz bildirir ki, muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirmiş. Burada hətta karvansara da mövcud olub. Lakin zamanında ad-san qazanmış bu muzeydən sadəcə divarlar qalıb və bu qalıqlar digər erməni vəhşiliyinin qurbanı olmuş abidələr kimi restavrasiya olunmayacaq, olduğu kimi saxlanılacaq.

Həmin Ağdam Teatrı bir daha olmayacaq, lakin...

Daha sonra Ağdamın mərkəzində yerləşən, məşhur Ağdam Dram Teatrının binasını, daha doğrusu dağıntılardan geriyə qalmış bir neçə sütununu ziyarət etdik. Əlbəttə ki, nə zamansa bu teatrın səhnəsində çıxış etmiş və yaxud tamaşalarını izləmiş ağdamlılar üçün indi bu mənzərəni görmək nə qədər ağırdır, bunu yalnız onlar daha yaxşı ifadə edə bilər...
Məlumat üçün bildirək ki, Ağdamda teatrın əsası 1902-ci ildə qoyulub. Qarabağ ziyalılarının köməyi ilə 1910-cu ildə teatr ilk tamaşalarını – Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərini səhnəyə qoyub. 1923-cü ilə qədər icti­mai əsaslarla dram dərnəyi kimi fəaliyyət göstərsə də, həmin ildən etibarən teatr olaraq işinə davam edib.

Ağdam işğal olunduqdan sonra Ağdam Dram Teatrının kollektivi də dağılır. Yalnız illər sonra, 2011-ci ildə müəyyən qisim kollektiv daimi olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsindəki  mədəniyyət sarayının binasına köçürülür. İndi sənətçilər səbirsizliklə yeni teatr binasının tikilməsini gözləyir. Məlum olduğu kimi Ağdamın bərpa planı hazır­dır və həmin planda teatr binasının da bərpası nəzərdə tutulur. Erməni vəhşiliyi ilə üz-üzə qalan teatr binasının qalıqları isə açıq səmada muzey kimi saxlanılacaq.
"Təsəvvür edin, nə vaxtsa bu teatrın səhnəsində çıxış etmiş aktyorlar indi onun darmadağın edilmiş binasını ziyarət edir. Bu, dəhşətdir! Bir aktyor kimi mədəniyyət abidəsini bu cür görmək çox
ağırdır. Axı teatr binasında savaş getməyib, onu niyə darmadağın etsinlər?! Bu vəhşiliyi yalnız ermənilər edə bilərdi.
Doğrudur, yeni teatr binası tikiləcək, o teatr ab-havası yenidən Ağdama  geri dönəcək, amma bu bina teatr işçiləri üçün bir "dağ" olaraq qalacaq", deyir  Lənkəran teatrının Əməkdar artisti Sücəddin Mirzəyev.

Ağdam Dram Teatrının ağdamlı əməkdaşı Xudadatova Xəyalə isə öz evlərini tərk edəndə cəmi 2 yaşı olduğunu deyir:
"Ağdamdan çıxanda 2 yaşım var idi. Doğrudur, həmin günləri xatırlamıram,  amma evdə valideynlərimin, yaxınlarımın danışıqlarından artıq bilirdim ki, evimiz Ağdam məscidinin hansı istiqamətində yerləşib.... Çox ağırdır. Təsəvvür edin, evimizdən bir qara daş da yoxdur, yalnız torpaqdır. Yaxınlarımızın heç bir məzarını tapa bilmədik. Ona görə bir çox yaşlı yaxınlarımızı risk edib bura gətirmirik. Bu dəhşəti görməyə onların ürəyi dözməz. Məsələn, ata-anam gəlib buranı ziyarət ediblər. Amma yaşlı nənəmizi gətirə bilmirik. O, gəlib öz qardaşlarının, ata-anasının məzarlarını tapa bilməsə, dözə bilməz...

Bilirsiniz, Ağdam 27 il işğal altında qalıb. Artıq onun azad olunacağına ümidimiz qalmamışdı. Ali Baş Komandanımıza minnətdarıq ki, bizə bu böyük sevinci bəxş etdi, Ağdam bu gün azaddır".

Aktrisa yenidən Ağdama köçüb, burada yaşamaq üçün günləri saydığını dedi:

"İnanın ki, hər gün təqvimə baxırıq ki, 2-3 ilə bura köçəyik, yenidən burada yaşayacağıq. Torpaq başqa şeydir. İnanırıq ki, Ağdam yenidən özünə qayıdacaq. Əvvəlki Ağdam olmasa da, ondan da gözəl, ondan da möhtəşəm olacaq, buna inanırıq".

"Axı Olya, Oksana işğal zamanında mənim torpağımda, Cümə Məscidində nə gəzib?!"

Ağdam Dram Teatrı ilə üzbəüzdə zamanında böyük bankın binası, univermaq yerləşib. Lakin həmin binalardan geriyə qorxunc mənzərələr qalıb. Ağdamlılar danışır ki, işğal illərində təkcə Ermənistandan deyil, İrandan da xeyli adam maşınları ilə gəlib buradakı qalıqları, daşları, mismarları belə söküb, daşıyıblar... İndi ətrafda  qalıqlardan və sayılı ağacdan başqa heç nə gözə dəymir. Yalnız bir neçə ac pişik balası qarşımıza çıxır, dayanmadan miyoldayıb, ayaqlarımıza sürtünür. "Bu yazıqlar görəsən nə yeyib, nə içir, axı heç nə yoxdur?", -deyə soruşuram. "Burda olan polislər, mühafizəçilər onlara yemək verir, yedizdirirlər, yoxsa ki, yeməyə yalnız quru torpaqdır", bələdçi cavab verir. Ağdamlıların dediyinə görə, ermənilər hər şeyi məhv edib, olan-qalan ağacları kəsib, diblərinə kimyəvi məhlullar töküblər ki, bir daha çıxmasın...



Zamanında bank və univermaq olmuş binaların qalıqlarını ötüb keçirik, qarşıda bir neçə addımlıqda Ağdam Cümə Məcidi yerləşir. Bu məscid müharibə zamanında ən böyük dəhşətlərə şahidlik edib, minlərlə şəhid bu məsciddə yuyulub, yaralılara yardım olunub.

Bu məscid də ermənilər tərəfindən təhqir olunub, dağıdılıb, minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurulub, hücrələri darmadağın olunub, divarlarında erməni və rus dilində təhqiredici ifadələr yazılıb, qəsdən ibadət zalında mal-qara, donuz otarılıb, tövlə kimi istifadə olunub. Bu, təkcə azərbaycanlılara qarşı deyil, bütün müsəlman dünyasına qarşı edilən vəhşilik, təhqirdir! Məscidi bu halda görmək hər birimizi hiddətləndirir, qəzəbdən boğuluruq. Lakin məsciddə aparılan təmir-tikinti işləri bu qəzəbimizə bir az su çiləyir. Tezliklə bu məscidin yenidən ağdamlıların xidmətinə veriləcəyi günü düşünüb, qəlbimizdə bir sakitlik tapırıq.
"Oksana 2007, Olya... axı işğalı dövründə onlar mənim torpağımda, özü də məsciddə nə gəzirmiş?! Məqsədləri nə olub?!", deyə həmkarım Həmidə Rüstəmova məscidin divarlarındakı yazıları oxuyub, özündən asılı olmayaraq səsli deyinir...

Böyük "Çay evi"dən qalmış yeganə qalıq...


Məscidin düz önündə bir qarış dəmir diqqətimizi çəkir. Bələdçi bildirir ki, həmin ərazidə çox məşhur, böyük "Çay evi" olub. Ermənilər onun binasının daşlarına qədər söküb aparıblar, yerində bir tək bu dəmir qalıb. Görünür, dəmir parçası erməni vəhşilərinə o qədər də gərəkli görünməyib. Lakin indi həmin dəmir parçası erməni vəhşiliyinin təzahürü kimi qorunub, saxlanılır.



Yeni Ağdam, yeni məktəb, yeni binalar...

İndi Ağdamda bir tək ürəkaçan mənzərə 1 saylı məktəbin, yeni binaların tikilməsi ilə bağlıdır. Uzaqdan bir neçə mərtəbəli binalarının artıq tikildiyinə şahid olduq. Ağdamlıların dediyi kimi, həmin Ağdam bir daha olmayacaq. Amma 5 ilə, 10 ilə daha möhtəşəm, daha əzəmətli Ağdam görəcəyimizə ümid edirik. İnanırıq ki, Ağdam yenidən böyük mədəniyyət mərkəzi, ziyalılar vətəninə çevriləcək. Buna çox zaman lazım gələcək, amma o günlər gələcək...

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR