Qarabağda müharibə başlayan gündən – sentyabrın 27-dən bu günə qədər bu mövzuda danışan elə bir erməni yoxdur ki, onun dilindən “Azərbaycanda başqa ölkələrdən gətirilmiş muzdlular vuruşur” fikir səslənməsin.
Bu iddianı manyaklar kimi təkrarlamaq az qala ermənilərdə yeni milli ideyaya çevrilib. Onlar təmasda olduqları bütün beynəlxalq təşkilatların, aparıcı dövlətlərin rəhbərləri və digər təmsilçiləri ilə söhbətdə mütləq bu barədə danışır, dil boğaza qoymurlar, gah İrana, gah Rusiyaya “muzdlular sizin üçün təhdiddir” deyir, onları da prosesə müdaxilə etməyə çağırır, çalışırlar. Sanki bütün dünyaya kəşfiyyat və əks-kəşfiyyat dərsi keçən bu ölkələr nəyin necə olduğu barədə ermənilər qədər məlumatlı deyillər.
Bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri “erməni zurnası” melodiyasına müsbət reaksiya verir, ara-sıra “muzdlular”dan danışırlar. Hətta həmin dövlətləri təmsil edən media qurumlarının nümayəndələri də Azərbaycanın dövlət başçısı ilə apardıqları müsahibədə mütləq “Azərbaycan tərəfdə döyüşən muzdlular” barədə sual verir və belə cavab alırlar: “Bu barədə bu günə qədər bizə dəlil-sübut təqdim edilməyib”.
![]()
"Əsir muzdlu" - yuxarıda "yaralı", aşağıda erməni mundirində
Gerçəkdən də 42 gündür bu barədə yüzlərlə adam danışıb və danışır, amma ortaya foto və videokadrlar, yaxud hansısa sənəd qoyan yoxdur. Əvəzində erməni tərəfi Suriyadan gələrək Ermənistan tərəfdə vuruşan və ərəbcə bilən erməni döyüşçünü “Azərbaycan tərəfdə döyüşən terrorçu” rolunda filmə çəkir, bununla dünyaya bəzi şeylər sübut etmək istəyir. Adamın isə erməni ordusunun mundirində, erməni döyüşçülərlə birlikdə asudə vaxt keçirdiyinə dair fotolar və videokadrlar var.
Bunun əksinə, başqa ölkələrdən gəlmiş döyüşçülərin erməni ordusu tərəfdə döyüşməsinə dair onlarla mövcuddur. Bu barədə ermənilər öz medialarında, eləcə də “qardaş ölkələr”in elektron mediasında həvəslə informasiyalar paylaşırlar və bununla həm “Qarabağa gələn erməni döyüşçülər” kampaniyasını genişləndirmək istəyirlər, həm də, öz ağıllarınca, bizə əzələ nümayiş etdirirlər.
Bəs kəsib-kirimədən “başqa ölkələrdən gələn muzdlular”dan danışan ermənilər belə hərəkət edərkən nəyə arxayındırlar? Birincisi, ermənilər Avropadan onlara bu xüsusda bir irad bildirilməyəcəyinə əmindirlər. İkincisi, onların əllərində bəhanə var ki, gələnlər erməni əsilli adamlardır, könüllü döyüşməyə gəlirlər, xidmətləri qarşısında muzd almayacaqlar.
Bəs onlar başqa ölkələrin vətəndaşlarıdır axı. Ermənilərin buna da cavabları var: “Onlar ermənidirlər”. Həmin şəxslərin yalandan Ermənistan vətəndaşı olduqlarını da deyirlər, amma açıq-aşkardır ki, elə deyil, Qarabağda döyüşməyə gələnlər başqa ölkələrin pasportunu daşıyırlar.
![]()
"Krım könüllüləri"
Məsələn, özünü "Krım könüllüləri birliyi"nin lideri kimi qələmə verərək Qarabağa döyüşə gələn Armen Martoyan (Samvel) bundan əvvəl Krımın işğal edilməsində iştirak edib, ukraynalılara qarşı döyüşüb. Ukrayna mətbuatı Martoyanın hərbi cani olduğunu yazır və bildirir ki, o, Ukrayna-Rusiya arasında baş vermiş müharibədə hərbi cinayətlər törədib. Sual çıxır: bir erməni Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişəyə nədən qarışsın?
***
![]()
Abxaziya könüllüləri və aşağıda onları Qarabağa göndərən Axra Avidzba
![]()
Daha bir fakt: SSRİ dağılan ərəfədə silah və xarici yardım gücüylə Gürcüstanda separatçılıq hərəkatı başladan Abxaziyanın erməni əsilli vətəndaşları döyüşmək üçün Qarabağa gəlirlər. Onlar bu tanınmamış bölgənin vətəndaşlarıdır və orada daimi yaşayırlar. Bu barədə Abxaziya “prezidenti”nin beynəlxalq məsələlər üzrə köməkçisi Axra Avidzba sosial şəbəkədə məlumat və könüllülərin şəklini yayıb. Avidzba “hər bir etnik erməni öz vətənini qorumalıdır” yazıb və qeyd edib ki, bunlar hələ ilk partiyadır, arxası da gələcək.
***
![]()
Axtarışda olan cani Vaaqn Çaxalyan
Cavaxetiya ermənisi Vaaqn Çaxalyanın Qarabağda döyüşlərə qatıldığı, hətta öldüyü barədə xəbərləri, yəqin ki, hər kəs oxumuşdu. Onun “öldü” xəbərləri təsdiqlənmədi, amma Çaxalyan Azərbaycanla yanaşı, Ermənistanda da kimlərisə hədələdi və yoxa çıxdı. Sonradan onun Gürcüstan vətəndaşlığından çıxarılması, barəsində cinayət işi açılması barədə xəbərlər yayıldı. Bu, daha böyük minusdur. Demək, özünü utpoik “Böyük Ermənistan” ideyasına həsr edən və Qatabağdan sonra Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində separatçılıq hərəkatı başlatmaq istəyən Çaxalyan artıq beynəlxalq miqyaslı separatçı və canidir, axtarılır, ermənilər isə ondan müharibədə istifadə edir.
***
![]()
Armen Knyazyan və Arayik Arutyunyan
Döyüşmək üçün İspaniyadan Qarabağa gələn və burada həlak olan erməni mənşəli ispaniyalı iş adamı Armen Knyazyan da o ölkənin vətəndaşı idi. Onun döyüşlərdə öldüyü barədə xəbəri Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Arayik Arutyunyan öz “Feysbuk” səhifəsində paylaşmışdı. Knyazyan Qarabağa investisiya qoymağı planlaşdırırmış.
![]()
Bundan başqa, müharibənin ilk günlərində Yunanıstandan Qarabağa könüllülər gəlməsi barədə xəbərlər yayıldı, qeyd olunurdu ki, ilk qrupda 50 yunanıstanlı erməni və 30 yunan var. Bunlar da, təbii ki, Yunanıstan dövlətinin təbəələriydi və “türk düşmənçiyi” havasına girərək Qarabağda qisas almağa gəlmişdilər.
140 min ermənini yaşadığı Livandan əvvəlcə Ermənistana, sonra da Qarabağa gələnlərdən bəhs edən məlumatlarda bildirilirdi ki, təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib. Bu məlumat da erməni mediasında əks olunmuşdu. İrəvanda döyüş təlimatçısı, yerli və xarici könüllüləri yetişdirən Karapet Agacanyan onun düşərgəsində təxminən 10 Livan ermənisinin təlim keçdiyini söyləmişdi. Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan isə bildirmişdi ki, 20-dək erməni Ermənistana könüllü gedib, lakin onların döyüşüb-döyüşmədiyi hələ bilinmir. Sonradan ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanın məhv edilldiyi barədə xəbərlər yayıldı. .
![]()
Bir zamanlar məşhur dağ xizəkçisi olmuş Arsen Harutyunyanın ABŞ-dan gələrək Qarabağdakı döyüşlərdə iştirak etdiyi barədə xəbəri də ermənilər özləri fəxrlə yaymışdılar: “Arsen müharibənin ilk günlərindən Ermənistana gəlib. O, 18-19 yaşlı əsgərlərə dəstək üçün cəbhəyə gedib. Təəssüf ki, Ermənistanda Arsen kimi idmançılara qiymət verilmədi... Amma ölkəsindən incimədi, ən ağır günlərimizdə Qarabağa gəldi. Arsenin belə jestindən nümunə götürərək bu günlərdə döyüşmək üçün ABŞ-dan, Rusiyadan və digər ölkələrdən xeyli sayda insan gəlib. Hazırda ölkəyə çox adamın qayıtmasını istərdik”.
Arsün ABŞ vətəndaşı olmasa, mühacir xüsusunda çox həssas olan bu ölkədə yaşaya bilərmi? Əlbəttə, yox.
![]()
Hələ başqa ölkələrdən də üç-bir, beş-bir gələnlər, gətirilənlər var. Lap ola bilsin ki, onlar səngərdə “çəkdikləri əziyyət” müqabilində ödəniş almırlar (çox zaman bu, heç onlara nəsib olmur). Amma bu nəyi dəyişir? Əsas odur ki, başqa ölkələrin vətəndaşları öz ölkələrinin qanunlarını, eləcə də beynəlxalq konvensiyaları pozaraq başqa bir ölkənin - Azərbaycanın ərazisinə daxil olur, döyüş əməliyyatlarında iştirak edir və hərbi cinayətlər törədirlər.
Bütün bu faktlardan sonra hələ erməni rəsmilərin danışmağa dilləri də var...






