Azərbaycan və Rusiya arasında uzun müddətdən bəri müşahidə olunan soyuqluğun yerini mülayim münasibətlər və sıx ikitərəfli, intensiv əlaqələrin tutması Ermənistanda o qədər narahatlıq doğurub ki, artıq Moskvanın Qarabağ məsələsində Bakıya birmənalı dəstək verdiyi barədə fikirlər səslənir. Ermənistanın ayrı-ayrı ekspertləri nəinki Rusiyanın işğal altındakı əraziləri Azərbaycana qaytaracağı barədə həyəcanlı proqnozlar səsləndirir, hətta 12 noyabrda Ağdam səmasında məhv edilən erməni hərbi vertolyotunun vurulmasında Kremlin barmağının olduğu haqda absurd şübhələrə düşüblər.
Əslində tamamilə Rusiyanın himayəsi altına keçən, bir müddət əvvəl isə Avrasiya Birliyinə üzvlüyünü rəsmiləşdirən Ermənistanın Rusiya-Azərbaycan münasibətlərinin normallaşmasından, xüsusilə də vertolyot olayına Moskvanın xeyli təmkinli yanaşmasından narahat olması anlaşılandır. Adətən Azərbaycanın torpaqlarını istənilən vasitə ilə azad etmək qüdrətini ifadə etməsi qarşılığında Ermənistandakı rus hərbi bazasının komandanlığının işğalçı ölkəyə qahmar çıxan bəyanatla çıxış etməsinə öyrəncəli olan və “arxalı köpək” məntiqindən çıxış edib işğalçılıq siyasətində daha da aqressiv notlar sərgiləyən, danışıqlarda özünü ərköyün küçə uşağı kimi aparan Ermənistan rəhbərliyinin Rusiyanın bugünkü sükutundan əndişələnməsində qeyri-adi məqam yoxdur.
Ancaq mövcud reallıqlar, xüsusilə də sanksiyalarla üz-üzə qalması səbəbindən 100 milyard ziyana düşən, Ukrayna münaqişəsi səbəbindən dünya ilə üz-üzə qalan, ağır böhrana sürüklənən Rusiyanın “artıq ət” funksiyasını yerinə yetirən Ermənistana görə Azərbaycan kimi bölgədə mühüm tərəfdaş olan ölkə ilə gərgin münasibətlərini davam etdirməsi şimal qonşumuz üçün faydalı perspektiv vəd etmir. Ancaq istənilən halda Rusiyanın Ermənistandan imtina etmədiyi şəraitdə bu ölkəni də özündən küsdürməkdə maraqlı olmadığı aydındır.
|
Vəfa Quluzadə: “Bordyuja gedib ki, ermənilərə "rahat olun, şübhələrinizə yer yoxdur, biz sizinləyik" desin |
Görünür Rusiyada da ermənilərin əndişəsinin nəzərə alınması səbəbindən İrəvana ürək-dirək verilməsi qərarlaşdırılıb. Elə noyabrın 28-də Ermənistanın üzv olduğu hərbi-siyasi qurumun - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın İrəvana işgüzar səfərə gəlməsi də məhz bu kontekstdən qiymətləndirilə bilər. Məlumata görə, Bordyuja Ermənistan prezidenti Serj Sərkisyan, müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Sərkisyanla görüşdə Bordyuja bəyan edib ki, noyabrın 12-də Azərbaycan ordusunun Qarabağda vurduğu erməni vertolyotu ilə bağlı məsələ KTMT-nin Moskvada keçiriləcək sessiyasında müzakirə olunacaq. Deməli, Moskva vertolyot olayından sonra Ermənistan və Dağlıq Qarabağ ermənilərinin ruh düşkünlüyünü, təşvişini aradan qaldırmaq və Moskvanın İrəvanla 40 illik hərbi müqaviləyə sadiq olduğunu nümayiş etdirmək istəyir. Son vaxtlara qədər Azərbaycanla 4 milyardlıq silah anlaşması səbəbindən Ermənistanda yaranan narahatlığı aradan qaldırmaq üçün yəqin ki, İrəvana növbəti səfərlər də olacaq.
Xatırladaq ki, oktyabrın 7-də Bordyuja Ermənistanın müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb hissəsinə gəlmişdi. O, cəbhənin ön xəttində olmuş, operativ vəziyyət, atəşkəsin pozulması halları, erməni əsgər və zabitlərin hərbi hazırlığı, məişəti ilə maraqlanmışdı (Mediaforum.com ttp://mediaforum.com/) KTMT tarixində ilk dəfə təşkilat ermənilərə belə bir açıq dəstək nümayiş etdirmiş, qurumun baş katibi Ermənistan-Azərbaycan sərhədinə, cəbhə xəttinə gəlmişdi.
Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə ermənilərin narahatlığına əsas görmür: “Rusiya çökməmiş ermənilər narahat olmasın. Rusiya çökənə qədər erməniləri dəstəkləyəcək. Moskva birincisi, ermənilərin dilənçi həyatını dəstəkləyəcək, ikinci də dilənçiləri silahlandıracaq ki, Azərbaycana qarşı ürəkli olsunlar”. Eks-müşavir də təsdiqləyir ki, Bordyuja erməniləri sakitləşdirmək üçün gəlib: “O gedib ki, ermənilərə ”rahat olun, şübhələrinizə yeri yoxdur, biz sizinləyik" desin". Paralel qaydada V.Quluzadə Azərbaycanın da narahatlığına əsas görmür: “Eyni zamanda bu gün Rusiya böhran içindədir, bilinmir ki, Rusiya sanksiyalardan sonra nə duruma düşəcək. Bu ölkədə ərzaq azalıb, pul qiymətdən düşüb, iqtisadiyyat çökür. Rusiya böhran içindədir, eyni zamanda 40 milyonluq qardaş xalqla müharibə gedir. Qərb də olduqca şiddətli basqılar edir. Bu vəziyyətdə Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmayacaq. Sadəcə, Moskva erməniləri inandırır ki, biz Azərbaycanın tərəfinə keçməmişik. Ermənilər görün hansı durumdadırlar ki, Rusiyanın onlara qarşı dayanacağından şübhələnməyə başlayıb. Ancaq ermənilər unudur ki, bu imperiya heç vaxt türklərin tərəfində ola bilməz, çünki tarix boyu bu imperiya türklərlə döyüşüb. Türkiyə Rusiyadan canını qurtarmaq üçün NATO-ya üzv oldu”.
Dekabrın 1-də isə Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq, digər dövlət və hökumət nümayəndələri ilə görüşəcək. Putin-Ərdoğan görüşünün Türkiyə-Ermənistan əlaqələrində yeni mərhələnin başlana biləcəyi barədə gözləntilərin olduğu, həmçinin Ermənistan-Azərbaycan münasibətlərində vertolyot olayı ilə gərginliyin yaşandığı bir ərəfəyə təsadüf etməsi də diqqət çəkir. Bu mənada sərhəd qapılarının açılması, yaxud Azərbaycan ərazilərinin işğaldan azad olunması mövzusunun müzakirə edilib-edilməyəcəyi sualı ortaya çıxır. Yeri gəlmişkən, mümkündür ki, Bordyujanın İrəvan səfəri həm də Putinin Türkiyə səfərində anti-erməni hər hansı bir anlaşmanın olmayacağına təminat vermək məqsədi daşıyıb.
Politoloq V.Quluzadə isə Türkiyədə Qarabağ məsələsinə toxunulacağını istisna etmir: “Putin Azərbaycanın yiyəsi deyil ki, Ərdoğan onunla Azərbaycan məsələsini ayrıca müzakirə etsin. Ancaq Putin Türkiyədən ərzaq istəyəcək, Ərdoğan isə onun qarşısına Qarabağ məsələsini qoya bilər. Yəqin ki, Rusiya prezidenti ”hələ məsələnin həllinin vaxtı deyil" deyəcək. Şübhəsiz ki, bütün bunlar mətbuata sızmayacaq".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir Putinin Türkiyəyə səfəri nəzəri baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir etməlidir: “Çünki Azərbaycanın strateji müttəfiqi olan Türkiyə Dağlıq Qarabağ probleminin ədalətli həlli mövzusunu daima Kremlin diqqətinə çatdırır. Digər tərəfdən, Putin Türkiyə ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bunun başlıca səbəbi odur ki, Rusiya Qərbin sanksiyaları ilə üz-üzədir, kənd təsərrüfatı və digər ərzaq məhsullarına ehtiyacı var. Bu ehtiyacı isə Türkiyə doldura bilər. Ona görə də Putin Türkiyəyəi budəfəki səfərinə daha çox əhəmiyyət verir. Ancaq bütün bunlar o demək deyil ki, Putin Ankaranın bütün istəklərini nəzərə alacaq. Ankaranın mövqeyi belədir ki, Putinin Ermənistan hakimiyyətinə təsir imkanları var”.
|
Elxan Şahinoğlu: “Kreml Ermənistanın kriminal rejimini və Dağlıq Qarabağda separatizmi dəstəkləməyə hələ ki, alternativ görmür” |
E.Şahinoğlu əmindir ki, əgər Kreml istəsə, Dağlıq Qarabağ münaqişəsini qısa müddətdə həll etmək mümkündür: “Münaqişənin ədalətli həlli isə bölgəyə rahatlıq gətirəcək, Ermənistanla Azərbaycan və Türkiyə arasında əlaqələrin bərpasına yol açacaq. Əsas sual budur: Putin bütün bunlarda maraqlıdırmı? Görünən odur ki, Putin bu məsələdə məntiqə yox, Rusiyada illər boyu formalaşmış hisslərə üstünlük verir. O hisslərə ki, ”parçala və hökm sür" siyasətinə dayanır. Bu isə o deməkdir ki, Kreml Ermənistanın kriminal rejimini və Dağlıq Qarabağda separatizmi dəstəkləməyə hələ ki, alternativ görmür. Bu baxımdan əlbəttə ki, Putin Türkiyə prezidenti Ərdoğanın Qarabağla bağlı təkliflərini diqqətlə dinləyəcək və münaqişənin həlli üçün əlindən gələni vəd edəcək. Ancaq Moskvaya qayıtdıqdan özünün “doğru” bildiyi siyasətə üstünlük verəcək".
Politoloq Zərdüşt Əlizadə isə mətbuata açıqlamasında deyib ki, Rusiya və Türkiyə üçün prioritet hər iki ölkənin Yaxın Şərq siyasətində əməkdaşlıq etməsidir. “Bununla yanaşı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi də Rusiya və Türkiyə üçün vacibdir”. Ekspert hesab edir ki, bu mənada Rusiya və Türkiyənin Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı gündəlikdə deyil.
****
Bu arada ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza vertolyot olayında Azərbaycanın mövqeyini müdafiə edib. “Mən Dağlıq Qarabağa tez-tez səfərlər etmişəm. Orada 40 min əhali, yaxud 40 minlik hərbi qüvvə görməmişəm. Xankəndində əhali var, işğal olunmuş vilayət və regionlarda isə əhali yaşamır. Mən yalnız Laçında bir neçə nəfər görmüşəm”-deyən diplomat APA-nın Gürcüstandakı müxbirinə eksklüziv açıqlamasında bildirib ki, helikopterlərin həmin ərazidə uçuşu düzgün deyil: “Bu, provokasiyadır. Mən bilmirəm, bu hadisədən əvvəl orada nələr baş verib.
Ermənistan tərəfində və Azərbaycan tərəfində nə baş verdiyini dəqiq deyə bilmərəm, ancaq onu bilirəm ki, gərginlik yaşanan zonada uçmaq olmaz. Əlbəttə, yaxşı olardı ki, Azərbaycan əsgərləri helikopteri vurmayaydı, amma bu ərazi müharibə zonasıdır. Belə təxribat törətmək olmaz. Gərgin bir vaxtda orada hərbi təlim keçirilməsi də düzgün deyil. Ukraynada baş verənlərdən sonra çoxları elə düşünə bilər ki, bu, Rusiyanın işidir və Moskva istəyir ki, Ermənistan və Azərbaycan arasında destabilizasiya yaratsın. Fikrimcə, indi sakitlik lazımdır”. M. Brayza helikopterin məhv edilməsindən sonra Ermənistanın atəşkəsi daha tez-tez pozmasının gözlənilən olduğunu vurğulayıb: “Əgər biz sülh və qardaşlıq içində - cənnətdə yaşasaydıq, təbii ki, Azərbaycan bu helikopteri vurmazdı. Aydındır ki, bundan sonra Ermənistan Azərbaycan ərazilərini atəşə tutacaq. Bu, çox təhlükəli vəziyyətdir. Mən ona görə dedim ki, yaxşı olardı ki, Azərbaycan tərəfinin helikopterə reaksiyası olmayaydı. Mən bunu məntiqi nöqteyi-nəzərindən belə deyirəm. İndi Minsk Qrupunun qarşısında duran ən başlıca məsələ vəziyyəti düzəltmək üçün iki ölkə arasında yeni etibar tədbirləri görməkdir. Bu istiqamətdə girovların dəyişdirilməsi bir addım olardı. Sonda isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək olar. Bu görüşə ABŞ, Fransa, Rusiya prezidentlərini də cəlb etmək mümkündür, lakin düzünü desəm, mən Rusiyanın buna hazır olduğuna şübhə edirəm”.
M.Brayza Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdiyini xatırladaraq bunun sadəcə, bir addım olduğunu söyləyib: “Putinin təşkil etdiyi Soçi görüşü isə böyük şou idi. Prosesdə dönüş üçün ABŞ prezidentinin və dövlət katibinin öz fransalı həmkarları ilə birgə fəallığı lazımdır. Bu fəallığa onların rusiyalı həmkarları da qoşula bilər. Lakin indi Rusiyanın Ukraynada elədiklərindən sonra mən şübhə edirəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərdə stabillik istəsin”.