İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər girovlarla bağlı növbəti şou hazırlayır

1649 29.01.2015 08:00 Gündəm A A

Dağlıq Qarabağda qondarma məhkəmənin qərarı ilə 22 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı Şahbaz Quliyev Xankəndi 1-ci instansiya məhkəməsinin “hökmündən” apelyasiya şikayəti verib. Modern.az saytı Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Şahbaz Quliyevin “vəkili” Arkadi İsraelyan məlumat verib.
Məlumata görə, ömürlük azadlıqdan məhrum edilən Dilqəm Əsgərov da apelyasiya şikayəti vermək niyyətindədir. Ekspertlər hesab edir ki, bu yolla ermənilər separatçı qurumun legitimliyinə hüquqi don geyindirmək istəyirlər. Məhkəmə şousu ilə istəklərinə çata bilməyən düşmən indi növbəti hiyləyə əl atıb.  

D.Əsgərov məsələsi qondarma “Dağlıq Qarabağ Respublikası” rəhbərliyi ilə müzakirə ediləcək. Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib. Hesab olunur ki, Ohanyan əslində başından böyük danışıb və Lavrova “DQR” rəhbərliyinə müraciət etməyi tövsiyə etməklə onu aşağılayıb. 
Rusiya xarici işlər naziri Sergey Lavrovun Dilqəm Əsgərov məsələsi ilə bağlı bəyanatı haqqında nə düşünür sualına cavab olaraq Ohanyan bəyan edib: “Məsələ ”Dağlıq Qarabağ Respublikası" rəhbərliyi ilə müzakirə oluna bilər". Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bir neçə gün öncə baş tutan mətbuat konfransında Dilqəm Əsgərovun taleyi barədə danışıb. S.Lavrov qeyd edib ki, D.Əsgərovu erməni tərəfi saxlayıb və bu məsələni Ermənistanla müzakirə edəcəklər.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş D. Əsgərova ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Azərbaycanlı girovlar məsələsinin hazırda davam edən AŞPA-nın qış sessiyasında da qaldırılacağı barədə məlumat var. 

Lord Con Teylor Kilkluninin Böyük Britaniya Parlamentində ünvanladığı sualı cavablandıran ölkənin Xarici İşlər Nazirliyinin dövlət məsələləri üzrə naziri Baronessa Anelay bildirib ki, Böyük Britaniya hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır.
Lord Kilkluninin sualı qohumlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlıqlarına baş çəkərkən Ermənistan silahlı qüvvələri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin - Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub. “Dağlıq Qarabağ Respublikası”nı tanımaması ilə yanaşı, Baronessa Anelay həmçinin qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını tanımır. Dövlət məsələləri üzrə nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında da qaldırdıqlarını dilə gətirib.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR