Erməni separatçıları üçün San-Marini statusu? - Bu hardan çıxdı?
Ermənilər artıq tarixin zibilliyinə atılmış status məsələsini ciddi-cəhdlə gündəmə qaytarmağa çalışırlar. Bunun üçün onlardan ötrü ən “ideal yol” əlbəttə ki, ATƏT-in Minsk Qrupuna “ikinci nəfəs” verməkdirr. Əfsus ki, bu məsələdə ermənilərdən maşa kimi istifadə edən xarici güclərin maraqları İrəvanın maraqları ilə üst-üstə düşür.
Status məsələsini gündəmə daşımaq isə həm “Dağlıq Qarabağ konflikti”nin guya hələ bitmədiyi rəyini yaratmaq, həm də 10 noyabr kapitulyasiya aktının önəmini heçə endirmək və onun əsas müddəalarını məğlub ölkə olaraq yerinə yetirməkdən boyun qaçırmaq cəhdidir - sonuncu hal Rusiyanı tam qane eləməsə də. Çünki Rusiya sülhməramlıları məhz 10 noyabr sənədi əsasında Qarabağda yerləşib.
Bununla belə, rəsmi Moskvanın özü də Bakıya qarşı ikibaşlı oyunlarını davam etdirir – o cümlədən ara-sıra öz danışmanlarının dili ilə status məsələsinə eyhamlar vurmaqla. Məsələn, rusiyalı politoloq Stansilav Tarasov iddia edib ki, “Qarabağ San-Marino kimi status ala bilər”.
Arayış üçün: San-Marino Avropada dörd tərəfdən İtaliya ilə əhatə olunmuş cırtdan dövlətdir. Əhalisi 34 min nəfərə yaxın, ərazisi cəmi 61.2 kv km-dir (Bizim ən kiçik rayonumuzdan da on dəfələrlə kiçik). Rəsmi dili italyan dilidir.
Tarasovdan sitat: “Belə bir versiya dolaşır ki, Əliyevlə Putin arasında Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı onlar arasında razılaşma var. Bu versiyaya görə, həmin ərazidə SSRİ-yə bənzər bir ittifaq qurulacaq, ancaq bu, SSRİ olmayacaq və həmin qurum çərçivəsində Qarabağa xüsusi status veriləcək. İstisna deyil ki, Qarabağ San-Marino kimi bir status alacaq. Yəqin ki, belə də olacaq. Azərbaycan ermənilərlə güc mövqeyindən danışır, ermənilər özlərini təhlükəsizlikdə hissi eləmirlər və onlar sülhməramlı kontingentinin Qarabağda qalmasına sevinəcəklər”.
Yəni yenə belə çıxır ki, Azərbaycan öz daxilində, cırtdan boyda da olsa, mərkəzi Xankəndi olan, yaxud sırf Xankəndidən ibarət 2-ci bir erməni dövlətinin yaranmasına, üstəlik, orada rus hərbi kontingentinin əbədi qalmasına razılıq verməlidir. Bəs azərbaycanlı analitiklər Tarasov çaplı fantazyorların bu qəbildən iddialarına, Azərbaycanın qanuni torpaqlarını kefi istədikləri kimi “dövlətlərə” parçalamaq cəhdlərinə necə baxırlar?
“Mən bir aydır deyirəm ki, Azərbaycana qarşı müharibə və Qarabağdan imtina etməmək prinsipləri Ermənistan üçün konstitusiya vəzifəsidir. Buna görə də erməni siyasətçilərin və hərbçilərin bu vəzifəni icra etməyəcəyinə ümid etmək sədalövhlük olardı. Onlar öz ölkələrinin qanunları çərçivəsində ciddi fəaliyyət göstərirlər, Rusiya sülhməramlıları isə bu işdə onlara de-fakto kömək edirlər”.
Bunu rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov Axar.az-a deyib. Ona görə də o hesab edir ki, Azərbaycan Ordusu Ermənistanın təşəbbüsü ilə Qarabağda hər hansı hərbi-siyasi gərginləşmə yaranmasına hazır olmalıdır. Onun sözlərinə görə, əlbəttə ki, heç bir genişmiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz, amma Ermənistanın taktiki qrupların kifayət qədər böyük silahlı təxribatına hazır olmaq lazımdır.
Söhbət hansı silahlı təxribatlardan gedir, ermənilər nəyə hazırlaşır, Kuznetsov bizi nə barədə xəbərdar eləmək istəyir? Qeyd edək ki, son günlər Ermənistandan Qarabağa silahlı dəstələrinin atıldığı barədə məlumatlar yayılır.
Rusiya Ermənistana təzə ordu qurur? – İrəvandan Moskvaya müəmmalı səfərlər.
Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiyaya gedib. Ermənistan müdafiə nazirinin rusiyalı həmkarı Sergey Şoyqu başda olmaqla, Rusiyanın yüksək çinli hərbçiləri ilə də görüşü planlaşdırılıb.
Yada salaq ki, Karapetyan cəmi 2 həftə əvvəl - iyulun 27-də Ermənistan müdafiə nazirinin birinci müavini kimi Moskvada olmuşdu. Avqustun 9-da isə o, KTMT-nin (“Rus NATO-su”) baş katibi Stanislav Zas İrəvanda görüşüb. Görüşdən bir gün sonra onun Rusiya paytaxtına yollanması da diqqət çəkən başqa nüansdır.
Nə baş verir? Tərəflər arasında ən yüksək səviyyədə hərbi təmasların artması hansı zərurətdən doğub, olmaya Rusiya Ermənistan ordusunu təzədən qurur?
Bu və gündəmdəki digər mövzuları bu gün saat 12.00-də təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






