Erməni siyasətçi: “Vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində nə gəzirdi?”
Ermənistanda müxalif İrs Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan bu gün keçirdiyi mətbuat konfransında Ağdamda vurulmuş erməni vertolyotuna görə İrəvan hakimiyyətindən izahat istəyib.
Virtualaz.org saytı xəbər verir ki, R.Ovanisyan vertolyotun vurulmasına görə Azərbaycanı qınayıb, ancaq o, günahın erməni tərəfində olduğunu deyib.
“Nəyə görə vertolyot Azərbaycan mövqelərindən cəmi 150 metr məsafədə düşüb? Heç bir zərurət yox idi ki, vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində döyüş təlimlərində iştirak etsin. Bu sual hamıda yaranır və cavab tələb edir” - deyə Ovanisyan bildirib.
R.Ovanisyan İrs Partiyasının nümayəndəsi David Sanasaryanı da vertolyotun pilotlarının cəsədlərinin qaytarılması tələbi ilə keçirdiyi aksiyanı dayandırmağa çağırıb. O bildirib ki, indiki situasiyada “DQR”in tanınması vacib idi, lakin Ermənistanda legitim hakimiyyət olmadığından bunu etmək mümkün deyil.
R.Ovanisyan İrs Partiyasının bir daha “DQR”in tanınmasına dair layihəni parlamentə təqdim etməyəcəyini deyib.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi vertolyotun “təmas xəttini keçmədiyini” iddia edirdi. Lakin daha sonra Qarabağdakı erməni qüvvələrinin komandanı Movses Akopyan vertolyotun Azərbaycan mövqelərinin 20 metrliyindən keçdiyini dedi.
Ermənistan hakimiyyəti bu insident ətrafında böyük hay-küy qaldırmağa və Azərbaycanı hansısa normaları pozmaqda ittiham etməyə çalışsa da sosial şəbəkələrdə fərqli fikirlər yayılır. Ermənilər etiraf edir ki, insidentə görə günahkarlar əslində vertolyotu Azərbaycan mövqelərinə həmlə etməyə göndərənlərdir. İndi bu insidentdə Ermənistan hakimiyyətinin günahkar olduğunu ilk dəfə İrs Partiyasının lideri açıq bildirir.






