Rusiyanın Soçi şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında avtosərnişin bərə xidməti 13 ildən sonra bərpa edilir.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ilk reys rəsmi olaraq 23 yanvar 2025-ci il tarixinə planlaşdırılır.
Rusiya Qara Dəniz Sənayeçilər və Sahibkarlar İttifaqının direktorlar şurasının üzvü, bu bərə marşrutunu təşkil edən və xidmət göstərən “SVS Shipping” MMC-nin baş direktoru Sergey Turkmenyan bildirib ki, marşrutla axırıncı bərə 2011-ci ildə hərəkət edib: “Ondan əvvəl 1993-cü ildən 2011-ci ilə qədər 5 sərnişin bərəsi var idi. İndi rəsmi olaraq ilk reys yanvarın 23-nə planlaşdırılıb. Həmin gün Trabzondan çıxacaq, 24-ü səhər Soçidə olacaq”.
O, Komor Adaları İttifaqının bayrağı altında fəaliyyət göstərən Seabridge bərəsinin artıq Türkiyədə Trabzon yaxınlığındakı limanlarda olduğunu, burada texniki xidmət və hazırlıq işlərinin tamamlanmaq üzrə olduğunu bildirib.
Musavat.com






