İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni radikalların qorxunc ssenarisi - Bakı antiteror əməliyyatını tezləşdirə bilər

2354 26.07.2023 10:31 Siyasət A A

Təhlükəsizlik üzrə ekspert: “Ermənilər unutmasınlar, sülhdən imtinanın nə ilə sonuclanacağı məlumdur...”

Erməni daşnakları, radikal-revanşistlər, Qarabağda erməni sakinləri girov saxlayan xuntaçılar xarici havadarları ilə birgə Azərbaycanın öz ərazisində öz suverenliyini tam bərpasını əngəlləmək üçün faktiki son döyüşə çıxıblar. Bu yöndə onların hər cür alçaqlıqlara gedə biləcəyi gərək diqqətdən yayınmasın.

Məsələn, son məlumatlara görə, Qarabağdakı separatçılar növbəti təxribatlara hazırlaşırlar. Bu barədə “Bez Tormozov” məlumat yayıb.

Belə ki, yayılan səs yazısında Fransa vətəndaşı olan “Daşnaksütyun” üzvü təxribatın mahiyyətini açıqlayır. Onun sözlərinə görə, dünyanın diqqətini Qarabağa yönəltmək üçün “qurbanlar” verilməlidir. Erməni terrorçu öz millətindən olan sakinlərin məhv edilməsi və bununla dünyada Azərbaycana qarşı təbliğat aparılmasından bəhs edir.

Yəni bir neçə erməni öldürülür və cinayəti Azərbaycan tərəfinə atmaq üçün erməni təbliğat maşını ənənəvi qaydada işə salınır. SSRİ KQB-si və ermənilərin 1988-ci ilin fevralında birgə törətdikləri Sumqayıt hadisələri yada düşür (bəllidir ki, o zaman 26 erməninin qətli ilə nəticələnən talanlara erməni Eduard Qriqoryan başçılıq eləmişdi).

Rusiya “sülhməramlı” qüvvələrinin müvəqqəti nəzarətində olan ərazidə 10 minə yaxın erməni quldur-terrorçu da əslində potensial eduard qriqoryanlardır.

Belə bir təxribata cəhd edilə bilərmi və onu önləmək üçün indidən nələr etməliyik? Bəlkə antiterror əməliyyatını tezləşdirək?

Arzu Nağıyev: “Seçkilərin nəticəsi hakim partiyanın istədiyi kimi olmadı”

 Arzu Nağıyev 

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev  “Yeni Müsavat”a deyib ki, ermənilərin davam edən təxribatları birmənalı şəkildə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın pozulması, qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə ziddir: “Regionda sülhün bərqərar olması yalnız qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazini tərk etməsi ilə mümkün ola bilər. Əks halda, Azərbaycan antiterror əməliyyatlarına başlayacaq. Xankəndidə baş verənlər oradakı xuntanın əməlləridir. Orada yaşayan ermənilər də həmin xuntanın girovuna çevriliblər. Ermənistan hakimiyyəti və erməni kütləvi informasiya vasitələri qanunsuz silahlıları polis, yerli əhali və s. formada təqdim etməklə təxribata xidmət edirlər. Buna son qoyulmalıdır. Əks halda, Azərbaycan antiterror əməliyyatına başlayacaq. Qarşı tərəf sülh prosesini pozmaq üçün bütün vasitələrdən istifadə edir. Bu, onlara çox ağır, məhvedici zərbəni labüd edir. Ermənilərin yaşadıqları ərazilər Azərbaycan əraziləridir. Orada hər hansı status yoxdur və olmayacaq.

Ermənistanın silahlandırdığı qanunsuz birləşmələrin hamısı terrorçulardır. Müxtəlif ad altında gizlənərək, Azərbaycana qarşı təxribat törədirlər. Üçtərəfli bəyanatın əsas müddəalarından biri qanunsuz hərbi birləşmələrin ərazini tərk etməsidir. Bu sənədə imza atan hər bir dövlət özünə və rəhbərlik etdiyi dövlətin imzasına hörmətlə yanaşmalıdır. 10 noyabr bəyanatının bütün müddəaları həyata keçirilməlidir. Ermənilərin bu təxribatlarını davam etdirmələri heç bir müsbət nəticə verməyəcək. Bunun ağrı-acısını çəkmək məcburiyyətində qalacaqlar".

Deputat bildirib ki, sülhməramlılar üzərlərinə düşən vəzifələri tam olaraq yerinə yetirmirlər: “Azərbaycan nə qədər sülhə cəhd etsə, bunun üçün çalışsa da, nə separatçı qondarma qurumun tör-töküntüləri, nə də Ermənistan rəhbərliyi bunu istəyir. Hər danışıqdan sonra əks-bəyanatlar verirlər, təxribata əl atırlar, sərhəddə atəşkəsi pozurlar. Ermənilər unutmasınlar ki, sülh istəməyəcəklərsə, hər şeyin sonunda hərbi yolla həlli də mümkündür. Bunu 44 günlük müharibədə göstərdik, ermənilərin illərlə yaratdığı mif darmadağın oldu. Onlar bu gün oturub düşünməlidirlər ki, atdıqları addımlar nə ilə nəticələnə bilər. Sonra gec olacaq”.

Deputat hesab edir ki, beynəlxalq qüvvələr erməni təxribatlarına adekvat reaksiya verməlidir: “Təxribatlar, insidentlər ermənilər üçün olduqca acınacaqlı nəticələrlə yadda qalacaq. Bunu unutmasınlar və bunun tək regiona deyil, bütün dünyaya təsiri olacağını da göz önünə alsınlar. Nəticə çıxarsınlar ki, istənilən müharibə dolayı yolla da olsa, bu və ya digər dövlətə necə təsir edir?! Ona görə, fikrimcə, beynəlxalq səviyyədə bu məsələlərə qəti qiymət verilməlidir. Xüsusilə Rusiya dərhal Ermənistana öz təzyiqini və təsirini göstərməlidir. Avropa Birliyi, Amerika və digərləri başa düşməlidirlər ki, proses nə ilə nəticələnə bilər.

Azərbaycan ərazilərindəki bütün təxribatların məsuliyyəti birmənalı şəkildə ermənilərin öz üzərinə düşür. Cavabdeh özləridir, bu addımlara görə də Azərbaycan qanunları əsasında ən sərt cəzaya çatdırılacaqlar. Qarşıdurmanın səbəbkarı ermənilərdir. Statusu olmayan, silahlandırılmış qurumun adı nədir? Beynəlxalq səviyyədə bunu necə adlandırmaq olar? Əgər başqa niyyətləri olmasaydı, digər yollardan istifadə edərdilər. Ona görə də bu təxribatların adekvat cavabı verilməlidir, veriləcək".

Ekspertə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını və ümumiyyətlə, regionda sülh olmasını istəməyən qüvvələrin sayı kifayət qədərdir: “Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə hər iki ölkəyə təzyiq imkanlarını itirəcəyini dərk edən Rusiya bunu həm də Cənubi Qafqazdakı mövqelərini itirmək təhlükəsi kimi qiymətləndirir. Çünki sülh varsa, o zaman nə sülhməramlı kontingentə, nə də Ermənistandakı hərbi bazaya ehtiyac qalmır. Rusiyanın regiondan sıxışdırılması və Cənubi Qafqazda bu və ya digər şəkildə təmsil olunmaq istəyən digər beynəlxalq güclər isə münaqişənin uzanmasına öz maraqlarının təmin etmək imkanı kimi baxırlar. Odur ki, müxtəlif dairələr bir tərəfdən Ermənistandakı revanşist qüvvələri hərəkətə keçirməklə Paşinyana təzyiq edir, digər tərəfdən isə atəşkəsin pozulmasını stimullaşdırmaqla sülh prosesini uzatmağa cəhdlər edirlər.

Qısası, həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqının ayrı-ayrı təmsilçiləri, xüsusilə də, Fransa Azərbaycanla Ermənistanın münasibətlərinə yalnız öz maraqları prizmasından yanaşırlar. Azərbaycan olaraq biz təbii ki, həm hərbi, həm də siyasi baxımdan Ermənistanın təxribatlarının qarşısını almaq gücündəyik və bunu da edirik. Biz tezliklə sülh sazişinin imzalanmasında maraqlıyıq, çünki sülhün həm ölkəmizə, həm də ümumiyyətlə, regionun inkişafına təkan verə biləcəyini yaxşı başa düşürük. Baş tutacaq sülhdən ən çox faydalana biləcək Ermənistan isə öz dövlət maraqlarını deyil, ayrı-ayrı güclərin maraqlarını təmin etməyə çalışdığı üçün proses uzanır və təxribatlar baş verir. Amma həm Ermənistan, həm də sülhə mane olan ayrı-ayrı dövlətlər bir şeyi unudurlar ki, Azərbaycanın bundan sonra daha 30 il danışıqlar aparmaq kimi bir niyyəti yoxdur. Və təxribatların davam edəcəyi, mövqelərimizin hədəfə alınacağı, Qarabağdakı erməni hərbi birləşmələrinin xoşluqla ərazilərimizi tərk etməyəcəyi halda yeni hərbi əməliyyatlara başlamaq qaçılmaz olacaq. Bundan isə ən çox zərərçəkən yenə elə Ermənistan olacaq".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR