Rey Kərimoğlu: “Azərbaycanda milli mənlik şüuru formalaşıb, illərlə toplanmış ənənələrimiz var, sadəcə, bunu inkişaf etdirmək lazımdır”
“Azərbaycanda milli mənlik şüuru var, formalaşıb. İllərlə toplanmış ənənələrimiz var. Sadəcə, bunu inkişaf etdirmək lazımdır”.
Bu fikirləri Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu “Yeni Müsavat”a gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi mövzusunu şərh edərkən bildirib: “Milli mənlik şüuru hər bir şəxsin hansı millətə mənsub olması, milli-mənəvi dəyərləri, o dəyərlərin ənənələr vasitəsilə bir nəsildən digər nəsilə ötürülməsidir. Milli mənlik şüuru milli dəyərlərin məcmusudur, yəni milli dəyərlərin dərk edilməsidir”.
R.Kərimoğlu hesab edir ki, milli mənlik şüurunu inkişaf etdirmək üçün dövlətin müəyyən proqramları var: “Mənəvi dəyərlərin təbliği fondu var. Bu istiqamətdə dövlətin kifayət qədər dəstəyi var. Eyni zamanda bu istiqamətdə fəaliyyət göstərən xeyli qeyri-hökumət təşkilatları var.Bu təşkilatlara dövlət dəstək göstərir. Yeri gəlmişkən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 415 QHT-nin layihəsinin maliyyələşməsi haqda qərar qəbul edib. Bəzən ilkin təəssürat aldadıcı olur. Proseslərin içində olmayan şəxslər düşünürlər ki, iş görülmür. Lakin mən həm Qarabağ qazisi və jurnalist, həm də vətəndaş kimi 44 günlük müharibəyə qədər ”Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi" nin sədri, hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı ilə birgə tədbirlərdə olmuşuq: orta məktəblərdə, universitetlərdə hərbi hissələrdə və s. Gücümüz çatan qədər müharibə xatirələrini danışmışıq, vətəndaş mövqeyi, Vətəni, dövləti qorumaq anlayışı ilə bağlı təbliğat aparmışıq. Amma hər zaman düşünürdük ki, bu, yetərli deyil. 1997-ci ildə düşmənin ardınca xüsusi kəşfiyyat tapşırığını yerinə yetirən bir qrupumuz var idi, 8 nəfər idilər, 7-si şəhid oldu. Bir nəfər - Aqil Əhmədov isə yaralı halda əsir düşdü. Yoldaşları elə bildi ki, o, şəhid olub. Ona görə də özlərini partlatdılar. Aqil Əhmədov əsirlikdən qayıtdıqdan sonra danışırdı ki, bir gün erməni polkovniki gəldi, dedi ki, səndən daha tanklarınızın, toplarınızın sayını, qüvvələrinizin yerini soruşmayacağam. Mənə maraqlıdır ki, sizin dövlət orta məktəbdə, institutlarda, ailədə necə təbliğat aparır ki, insan Vətən uğrunda əl qumbarası ilə özünü partladır, şəhid olur? Aqil Əhmədov isə “işğalda olan torpağımızı azad etmək üçün canımızdan keçməyə hazırıq” cavabını vermişdi. Bizim istər yaşlı, istərsə də gənc nəslimiz anlayırdı ki, Qarabağ işğal altındadır, onu azad etmək lazımdır. Tarixdə sosial şəbəkələrdə erməni vəhşiliklərinə, onların törətdiyi soyqırımlara aid saysız-hesabsız sübutlar var".
Bugünlərdə Xankəndində erməni futbolçular bayrağımızı ayaq altına sərdilər. Bu hadisə sosial şəbəkələrdə xeyli müzakirə olundu. Vətənpərvər gənclər bunu mənəvi dəyərlərimizə təhqir kimi dəyərləndirdilər.Faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
R.Kərimoğlunun fikrincə, zaman-zaman bu kimi hallar yaşansa da, cəmiyyətin müxtəlif təbəqələri ermənilərin bütün yaramazlıqlarına imkanları daxilində cavab veriblər: “Həm Vətən müharibəsindən öncə, həm də sonra hər bir məsələyə müvafiq cavab verilib. Sadəcə olaraq, bayraq məsələsi mənim yaralı yerimdir. İdman oyunlarında bayraq qaldırılmalıdır. Müharibədə isə yazılmamış qanunlardan biridir ki, düşmən bayrağı ayaq altına atılır, qalib dövlətin bayrağı qaldırılır. Erməni idmançıların bu hərəkəti ilk növbədə onların öz bayrağına hörmətsizliyinin göstəricisidir. Bu, mənfur siyasətdir. Onların təfəkkürü xəstədir”.
R.Kərimoğlu həmçinin xatırladı ki, Ramil Səfərov bayrağımız təhqir olunduğuna görə ermənini öldürmüşdü. Qazimiz ümid edir ki, bayrağımızı təhqir edən futbolçular cəzalarını alacaqlar. “Azərbaycan ərazisində Azərbaycan bayrağı təhqir edilib. Bu, cinayət məsuliyyəti yaradır”, - deyə, o, əlavə edib.
Yazını hazırladı: Nigar Həsənli






