Erməni millətindən olan ekspertlərin işğalçı İrəvanı və Ermənistanın cinayətkar hakimiyyətini dəfələrlə Ermənistanın marianetkası olmaqda ittiham edib və ölkələrinin təcavüzkarlığını təsdiqləyiblər. Qarabağ danışıqlarında uzun illər iştirakçı olmuş Libaredyanın erməni hakimiyyətini ifşası kifayət qədər ciddi məsələdir. Keçmiş milli təhlükəsizlik müşaviri onu da deyib ki, Ermənistan hakimiyyətinin Rusiyaya etdiyi güzəştlər ölkənin satılmasından başqa bir şey deyil. Əks halda, bu güzəştləri heç nə ilə əsaslandırmaq olmaz.
|
“Putin Soçidə olduğu zaman cəhd edirdi ki, yeni bir müharibə başlasın” |
“Serj Sərkisyan Gömrük İttifaqına üzvlüyü təhlükəsizlik amili ilə əsaslandırır. Guya nə baş verəcəkdi? Türkiyə Ermənistana hücum edəcəkdi və Rusiya Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyəcəkdi? Yaxud Azərbaycan Dağlıq Qarabağa hücum edəcəkdi və Rusiya ona daha 4 milyard dollarlıq silah satacaqdı? Lakin Türkiyənin bizə hücum etmək fikri yoxdur. Rusiya isə heç vaxt Qarabağı bizə vəd etməyib və etmir. İndiki bazar alverinin səviyyəsi tələb edir ki, bizim hakimiyyət təhlükənin haradan qaynaqlandığını dəqiq desin. Hələlik elə təsəvvür yaranır ki, təhlükə istisnasız olaraq Moskvadan yönəlmişdi, bizimkilər isə sadəcə olaraq, Rusiyanı ələ almaq istəyir. Lakin Rusiyanın bu cür rüşvəti qəbul etmək üçün özünəvurğunluğu həddən artıqdır. O hesab edir ki, bizim verdiklərimiz təbii haqqıdır” deyə, Libaredyan bildirib. Keçmiş müşavir hesab edir ki, hakimiyyət ölkəni indiki dalandan çıxarmaq üçün son 15 ildəki səhvlərini etiraf etməlidir. “Birincisi, biz öz qonşularımızla problemlərimizi həll etməliyik, bununla da təhdidləri və Rusiyadan, hansısa başqa ölkədən asılılıq səviyyəsini azaltmalıyıq. İkincisi, etiraf etmək lazımdır ki, Köçəryanın xarici siyasətinin ”böyük kəşfi" olan komplementarlıq ideyası, yəni təhlükəsizliyi Rusiyadan, iqtisadi inkişafı Qərbdən almaq ideyası böyük sabun köpüyündən başqa bir şey deyildi" deyə, Libaredyan vurğulayıb.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Lebaredyanı yaxşı tanıdığını, onunla uzun illər danışıqlar apardığını bildirdi və “Yeni Müsavat”a müsahibəsində deyilənləri təsdiqlədi:
“O zaman Libaredyan Levon Ter-Petrosyanın, mən də Heydər Əliyevin şəxsi nümayəndəsi idim. Elə o vaxtdan bir-birimizi tanıyırıq, Bakıya da bir neçə dəfə gəlib, həmçinin Amerikada görüşmüşəm. Bu adam xeyli obyektiv adamdır və Qarabağ məsələsinə də ermənilərin maraqları nöqteyi-nəzərindən yanaşıb. Ermənilərin marağı da Dağlıq Qarabağ məsələsində Azərbaycanla sülh əldə etməkdir. Ona görə də mən Libaredyanı müsbət şəxs kimi dəyərləndirirəm. O ki qaldı onun Sərkisyan haqqında dedikləri, bu, tamamilə həqiqətdir. Liberadyanın birgə işlədiyi Ter-Petrosyan əsl erməni millətçisi idi. O, 1996-cı ildə tam anladı ki, bu münaqişəni davam etdirməklə Ermənistanın gələcəyi olmayacaq. Ona görə sensasion bəyanatlar verdi ki, Ermənistan Azərbaycanla mütləq sülh əldə etməlidir, həmçinin təcili surətdə mərhələli sülh planını təklif etdi. Mərhələli sülh planına görə Ermənistan 7 rayonu işğaldan azad edir, Azərbaycanla diplomatik əlaqələri bərpa edir, Dağlıq Qarabağın statusu məsələsi isə münasibətlər normallaşanda müzakirə olunur. Buna da biz hazır idik.
|
“Azərbaycan ordusu ermənilərə mesaj verildi ki, müharibə başlasa, siz İrəvanda rahat otura bilməyəcəksiniz” |
Ancaq Ter-Petrosyan vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra Libaredyan erməni ekspertləri tərəfindən həmişə şiddətlə tənqid olunub. Çünki onun mövqeləri bundan ibarət idi ki, Azərbaycanla Ermənistan arasında sülh olmalıdır. O, yaxşı bilir ki, Serj Sərkisyan marianetkadır. Sərkisyanın imkanı var idi ki, Ermənistanı Qərbə, Avropaya doğru arientasiya etsin. Bu, mövcud geosiyasi oyundan çıxış yolu idi. Lakin o, Putinin iradəsinə tabedir, çünki onu vəzifəyə gətirən, bu kürsüdə saxlayan Putindir. Üstəlik, məhz Putin onu Moskvaya çağırıb Gömrük İttifaqına daxil olmaqla bağlı əmr verdi. O da ”baş üstə" deyəndən sonra ölkəsinin bu quruma daxil olduğunu bəyan etdi. Sərkisyan Ermənistanın gələcəyini Putinə satıb və bu zaman sözsüz ki, Dağlıq Qarabağın da taleyini Rusiya təyin edəcək. Dağlıq Qarabağın taleyi ikitərəfli danışıqlarda təyin oluna bilər, amma Rusiyasız. Çünki Rusiya Sərkisyana deyir ki, Dağlıq Qarabağa müstəqillik tələb et, bu da məsələnin həllini əngəlləyir.
- Belə çıxmırmı ki, getdikcə Azərbaycanın Qarabağı qaytarmaq şansı azalır?
- Yox, şansı azalmır. Məsələ ondan ibarətdir ki, Rusiyanın şansı azaldıqca, Azərbaycanın şansı yüksələcək. Çünki Rusiya imperiyası bu gün-sabah çökəcək, buna şübhə etməyin. Tarixi baxımdan bəlkə Rusiya 2030-cu ildə çökdü. Rus iqtisadçıları və siyasətçiləri də bunu etiraf edirlər. Qarabağ məsələsinin həllini əngəlləyən Rusiyadır. Bütün postsovet ölkələrində aranı qarışdıran Moskvadır. Bu, Ukraynadakı proseslərdə açıq-aydın özünü göstərir.
- Məlumat var ki, Moskva Xocalı qatili Robert Köçəryanı yenidən hakimiyyətə qaytarmaq istəyir. Belə bir plan baş tuta bilərmi?
- Ola bilər. Köçəryan artıq öz sədaqətini sübut edib. Çünki Köçəryan 1999-cu ildə İstanbulda Azərbaycanla Ermənistan arasında sülh bağlamaq imkanı yarananda bütün danışıqları Rusiyaya satdı. Nəticə etibarilə Ermənistan parlamenti güllələndi. O zaman Köçəryan Rusiyanın buradakı agenti kimi çıxış etdi, bütün layihəni batıran elə o oldu.
- Azərbaycanın Köçəryanı Xocalı soyqırımında iştirakına görə indidən Beynəlxalq Haaqa Məhkəməsinə verməsi onun hakimiyyətə yolunu kəsə bilərmi?
- Köçəryanın əleyhinə mübarizə aparmaq mənasızdır. Çünki Rusiya Ermənistana düz-əməlli adam təyin etməyəcək. Deyək ki, Köçəryanı məhkəməyə verdik, o, Ermənistan prezidenti olmadı. Sərkisyanın, elə Köçəryanın başqa bir tayı hakimiyyətə gələcək də. Ermənistanın prezidentini ermənilər təyin etsə, bu, tamam başqa məsələ olar. Amma Ermənistan Rusiyanın əlində mürtəce bir dağıdıcı alətdir.
- Məntiqlə Soçi Olimpiadasının gedişində Rusiya Qarabağ cəbhəsində gərginliyin artmasında maraqlı olmamalı idi. Sizcə, baş verənlərin arxasında hansı qüvvələr dayanıb?
- Bu, şəxsən Vladimir Putinin fəaliyyətidir. Çünki Gürcüstan torpaqları işğal ediləndə heç Putin Moskvada yox idi. İndi də o, Moskvada deyil, Soçidədir. Bəlkə də cəhd edirdi ki, yeni bir müharibə başlasın. Lakin Azərbaycan ordusu bütün təmas xətti boyu atəşkəs pozuntularına layiqincə cavab verdi, həmçinin düşmənin təxribatlarının qarşısını aldı, ona görə Rusiyanın istəyi baş tutmadı. Rusiya avtoritar dövlətdir, belə dövlətdə isə birinci şəxsin xəbəri olmadan heç nə baş vermir. Putin atəşkəs xəttini şəxsi nəzarətində saxlayır ki, gərginlik səngiməsin və Azərbaycan daim təzyiq altında qalsın. Çünki Azərbaycan Gömrük İttifaqına daxil olmur, faktiki surətdə gələcəyini Qərbə doğru yönəldəcək. Rusiya da bunu gözəl bilir.
- Azərbaycanın necə, nəyinsə müqabilində Qarabağı Libaredyanın dediklərinə istinad etsək, Rusiyadan geri alması mümkündürmü?
- Azərbaycanın Qarabağı Rusiyadan alması onun Avropa, Amerika ilə əlaqələrinin güclənməsindən, Azərbaycanda güclü islahatların aparılmasından keçir. Azərbaycan öz səviyyəsini NATO standartlarına çatdırmalıdır.
- Son günlərdə Azərbaycan ordusunun cəbhəboyu hərəkətə keçməsinə Ermənistanda müxtəlif baxışlar oldu, siz düşmən tərəfin mövqeyini necə şərh edərdiniz?
- Azərbaycan ordusu bu dəqiqə Ermənistana cavab verəcək səviyyədədir. Bu da ondan xəbər verir ki, Ermənistan müharibəyə başlamayacaq. Sərhədboyu atəşkəs pozuntularında da Azərbaycan ordusu öz gücünü göstərdi, aviasiya havaya qalxdı, ermənilərə mesaj verildi ki, müharibə başlasa, siz İrəvanda rahat otura bilməyəcəksiniz. Budəfəki müharibə əvvəlki kimi olmayacaq. Birinci müharibədə rus ordusunun köməyi ilə savaşa hazır olmayan, silahsız əhali öz evlərindən çıxarılırdı, ermənilər də o əraziləri ələ keçirirdilər. Bu dəfə belə olmayacaq.
- Ermənilər ona arxayındır ki, hətta Qarabağ ərazisində də əməliyyatlar başlasa, Rusiya müdaxilə edəcək.
- Rusiya sözsüz ki, Azərbaycana hücum edəcək. Qarabağı elə Rusiya işğal edib də. Siz jurnalistlər açıq yazmalısınız ki, Qarabağı işğal edən Rusiyadır. Bu, şəxsən Putinin işğalıdır. Erməni Rusiyanın itidir, başqa bir şey deyil.
- Soçi Olimpiadasında Rusiyanın işğal olunmuş Azərbaycan ərazilərinin üstünü dumanla “örtməsi” də diqqətdən qaçmadı...
- Rusiya bizi qıcıqlandırmaqla erməni millətçilərinə bir hədiyyə etmək istəyib. Soçi Olimpiadasında bu cür hoqqanın əslində heç bir nəticəsi olmayacaq.
Elşad PAŞASOY