İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisinə zərbə - Azərbaycana qənim kəsilən korrupsionerin qəmli sonluğu 

1275 19.07.2024 14:55 Siyasət A A

Xəbər verildiyi kimi, korrupsiyada ittiham olunan, qatı ermənipərəst mövqeyi ilə seçilən Nyu-Cersi ştatından amerikalı senator Robert Menendes federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib. İş üzrə yekun qərar təxminən 13 saat müzakirə edilərək qəbul olunub.

Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunsa da, özünü təqsirli bilməyib. 

Senatoru 20 ilə qədər həbs gözləyir. Bu işdə onun həyat yoldaşı erməni əsilli Nadine Menendes də ittiham olunub, lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli biliniblər.

Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dakı erməni lobbisinin əsas simalarından biri olub.

Bu hadisə ABŞ-dakı erməni lobbisinə nə dərəcədə zərbə vura, onun dilini və əlini gödək edə bilər? 

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə: “Bu, sadəcə, erməni lobbisinin bir şərəfsiz tərəfkeşini itirməsidir”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ermənipərəsət Robert Menendesin adı uzun illərdir ki, rüşvət və korrupsiya qalmaqalında hallanır. Partiya sədri Menendesin həyat yoldaşının adının da prosesdə hallandığına diqqət çəkdi: “Nəhayət, məhkəmə istintaqı ilə rüşvət və korrupsiya faktları təsdiqlənib. ABŞ qanunvericiliyinə görə, ayrı-ayrı maddələr üzrə həbs müddətləri toplanır. Bunu nəzərə alaraq, rüşvətxor, ermənipərəst senatoru 200 ildən çox həbs müddəti gözlədiyini deyə bilərik. Təbii ki, bu, erməni lobbisinə zərbə olacaq. Amma unutmamalıyıq ki, bu lobbinin Fransa Senatında, Nümayəndələr Palatasında, eləcə də Avropa Parlamentində rüşvət və korrupsiya obyekti olan tərəfdarları az deyil. Bu, sadəcə, erməni lobbisinin bir şərəfsiz tərəfkeşini itirməsidir. 

Hesab edirəm ki, Azərbaycanın müxtəlif ölkələrdəki lobbi və diaspor təşkilatları ermənipərəst siyasətçilərlə bağlı araşdırmalar aparmalı, onların rüşvət və korrupsiya qalmaqalları ilə bağlı məsələləri ictimailəşdirməli, imkan daxilində qanunvericilik səviyyəsinə gətirib çatdırmalıdırlar. Ermənilər bu cür siyasətçilərdən hər zaman istifadə ediblər. Bundan sonra da belə cəhdlər davam edəcək. Bu baxımdan biz diqqətli olmalıyıq, diaspor və lobbi təşkilatlarımız isə fəallıq göstərməlidirlər". 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Başqa konqresmenlərlə bağlı da cinayət işləri açıla bilər” 

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində qeyd etdi ki, ABŞ-da konqresmenlərin bir çoxu milli və təhlükəsizlik maraqlarından çıxış etmir, qrup, lobbi maraqları, pul aldıqları şəxslərin maraqlarını qoruyur: “ABŞ-da az qala hər həftə atışmalar olur, vətəndaşlar ölür. Amma hələ də silahla bağlı məhdudiyyət qoyulmur. Çünki ABŞ Konqresindəki mühafizəkar qrup 200 il əvvəl konstitusiyaya qəbul edilmiş maddəni dəyişmək istəmir. Halbuki 200 il keçib, dünya dəyişib, ABŞ özü də dəyişib. Mühafizəkar qrup silah lobbisinin maraqlarını müdafiə etdiyi üçün silah daşınması ilə bağlı qanun dəyişmir. 

Etnik qruplara baxışda da eyni siyasət yürüdülür. Erməni lobbisi ABŞ-da güclüdür, siyasi fəallığı olduğu üçün pul ilə bir çox konqresmeni ələ alır. Azərbaycanla əməkdaşlıq ABŞ-ın milli və təhlükəsizlik maraqlarına uyğundur. Ermənistan Rusiyanın müttəfiqidir, Rusiyadan silah-sursat alır. Ermənipərəst konqresmenlər, o cümlədən Bob Menendes uzun illər ərzində ermənilərin maraqlarından çıxış edib, Azərbaycanın əleyhinə fikirlər səsləndirib, ölkəmizə qarşı sənədlərin qəbuluna çalışıb. Menendesi həbs təhlükəsi gözləyir. Araşdırılsa, onun erməni lobbisindən kifayət qədər pul aldığı üzə çıxar, yoldaşı da erməni əsillidir. Robert Menendesin ermənipərəst mövqeyə çəkilməsində həyat yoldaşının da rolu olub. O biri konqresmenlərin erməni lobbi ilə siyasi maraqları üst-üstə düşmür. Səs qazanmaq məqsədilə erməni lobbisindən dəstək ala bilərlər. 

Amma elə ştatlar var ki, ermənilərin sayı çox olmasa da, konqresmen onları müdafiə edir. Çünki erməni lobbisinə maliyyə bağlılığı var. Erməni lobbisi konqresmenləri bu yolla ələ alır. Təkcə Menendes deyil, araşdırılsa, bir qrup konqresmenlə bağlı ciddi cinayət işləri açıla bilər. Menendes hadisəsinin digər ermənipərəst konqresmenlərə təsiri olub-olmayacağını söyləmək çətindir. Vaxtilə Azərbaycana qarşı “907-ci düzəliş” sırf erməni lobbisinin pulu ilə qəbul edilmişdi. O zaman Menendesin adı çox hallanmırdı, başqa konqresmenlər üzdə idi. Onlardan ən məşhuru Frenk Pollone idi. O, təxminən, 30-35 ildir ki, ancaq erməni maraqlarından çıxış edir. Həqiqət və ədalət prinsipləri ona yaddır. Araşdırma aparılsa, erməni lobbisindən aldığı milyonlarla məbləğ üzə çıxar. Odur  ki, Menendes olmasa da, başqaları da tapılacaq". 

Yeri gəlmişkən, Bob Menendes istefa verməcəyini bildirib. “Reuters” yazır ki, Menendes istefa vermək niyyətində olmadığını deyib. 

“Mən istefa verməmişəm və müttəfiq adlandırılan heç kimlə də danışmamışam. Mənə elə gəlir ki, məni bəyanat verməyə məcbur etmək istəyirlər. Məni tanıyan hər kəs bilir ki, bu, uğur qazanmağın ən pis yoludur”, - deyə o bildirib

Mənbə yazır ki, 16 cinayət işi üzrə təqsirli bilindikdən sonra istefaya getməsi üçün Menendesə Nyu-Cersidən təzyiqlər artır. Senator isə məhkəmə binası qarşısında jurnalistlərə verdiyi müsahibədə apelyasiya şikayəti verəcəyini nəzərə çatdırıb.

Xatırladaq ki, Menendeslə bağlı istintaq 2022-ci ilin payızından davam edir. ABŞ prokurorluğu hesab edir ki, senator “rəsmi mövqeyindən” istifadə edərək “gizli şəkildə Misirə ABŞ hökumətinin məxfi məlumatlarını vermək” istəyib. O, həmçinin “üç nyu cersili iş adamına qarşı cinayət təhqiqatlarına təsir göstərməkdə” ittiham olunur. İyulun 16-da münsiflər heyəti Menendesi 18 maddədən 16-sı üzrə təqsirli bilib. Axtarışlar zamanı siyasətçidən 13 qızıl külçə, dəbdəbəli Mercedes-Benz markalı avtomobil və 550 min dollardan çox nağd pul götürülüb. Menendes günahı rədd edir və apelyasiya şikayəti verməyi planlaşdırır. Onun işi üzrə hökm oktyabrın 29-da çıxarılacaq.

2023-cü ilin payızında Menendes ona qarşı irəli sürülən ittihamlara görə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verib. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR