İnsanlara hürriyət, millətlərə istiqlal!

ERMƏNİ LOBBİSİ BRAYZAYA QARŞI KOMPROMAT TAPDI

3519 22.07.2010 08:50 Gündəm A A
Xəbər verildiyi kimi, ABŞ prezidenti Barak Obama M.Brayzanı Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə may ayının 25-də təqdim edib. M.Brayza ABŞ Dövlət Departamentinin diplomatıdır. O, bu yaxınlaradək dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı vəzifəsində çalışıb. Bundan öncə M.Brayza Ağ Evdə Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya şöbəsinin direktoru olub. O, həmçinin ABŞ prezidenti və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşaviri vəzifəsini tutub. M.Brayza diplomatik karyerası ərzində Rusiyada və Polşada da işləyib. O, Stenford Universitetində bakalavr, Tafts Universitetində isə magistr elmi dərəcəsi alıb.
Artıq xəbər verildiyi kimi, Amerikadakı erməni lobbisi M.Brayzanın namizədliyinin elan olunduğu gündən ona qarşı aqressiv kampaniya başladıb. M.Brayzanın ATƏT-in Minsk Qrupunun həmsədri olarkən verdiyi bəzi açıqlamalar və onun xanımının Türkiyə əsilli olması erməniləri narahat edən amillərdir. Bu səbəbdən erməni lobbisi Senatdakı güclü əlaqələrindən istifadə edərək Brayzanın namizədliyinin təsdiqlənməsini əngəlləməyə çalışır. Senatın Xarici Əlaqələr Komitəsində erməni lobbisinin mövqeləri kifayət qədər güclüdür. Komitənin sədri Con Kerri də erməni dəstək qrupuna daxildir. Amerikadakı erməni təşkilatları komitə üzvlərinə məktub göndərərək Brayzaya verilməli olan sualların siyahısını təqdim ediblər. Bu siyahıda diplomatın xanımının ABŞ-da Azərbaycan və Türkiyənin xeyrinə lobbiçilik fəaliyyəti ilə məşğul olması da yer alır.
Lakin dinləmələrə bir gün qalmış Amerika erməniləri M.Brayza barədə daha bir kompromat tapıblar. Amerika ermənilərinin “Asbarez” adlı qəzeti  yazıb ki, Brayza 90-cı illərin ortalarında ABŞ-ın Moskvadakı diplomatik missiyasında işləyərkən maşınla adam vurub və hadisə yerindən uzaqlaşıb.
Qəzet yazır ki, hadisə 1997-ci il, avqustun 18-də baş verib. M.Brayza idarə etdiyi avtomobillə bir qadını vurub. Qadın başından ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib və koma vəziyyətində olub. Həmin vaxt ABŞ-ın “Los Angeles Times”, “Chicago Tribune” kimi qəzetləri bu insident haqda geniş yazıb. ABŞ Dövlət Departamenti bu insidentlə bağlı təəssüfləndiyini bildirib. İnsidentdən sonra Brayza Moskvadakı diplomatik missiyadan geri çağırılıb. Dövlət Departamentinin o vaxtkı rəsmi nümayəndəsi Ceyms Rubin bildirib ki, diplomat bu qəzadan sonra Moskvadakı fəaliyyətini effektiv şəkildə həyata keçirmək imkanında deyil. Maraqlıdır ki, həmin vaxt ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Riçard Hoqland olub. Hansı ki, 3 il əvvəl ABŞ prezidenti Corc Buş onun namizədliyini Ermənistandakı səfir postuna irəli sürüb, lakin Amerikadakı erməni lobbisi 1915-ci il hadisələrini “soyqırım” adlandırmaqdan imtina etdiyi üçün onun namizədliyinin təsdiqlənməsinə imkan verməyib.
Bildirilir ki, həmin hadisə ilə bağlı istər Rusiya, istərsə də ABŞ mətbuatı M.Brayzanın barəsində geniş yazıb. R.Hoqland bu yazılarla bağlı deyib ki, mətbuatda Brayzanın barəsində az qala monstr obrazı yaradılır, əslində isə o, səfirliyin ən bacarıqlı, nəzakətli, gələcəyi parlaq olan diplomatıdır. R.Hoqland deyib ki, səfirlik qəzada yaralanan qadın üçün dərin məyusluq keçirir, Brayza üçün isə bu hadisə ikiqat sarsıntıdır. Çünki bir tərəfdən, o, vurduğu qadına görə peşmançılıq çəkir, o biri tərəfdən isə Moskvadakı karyerasını bu qəzaya görə başa vurmalı olub.
Erməni qəzeti yazır ki, M.Brayza sonradan Minsk Qrupunda həmsədr olub və bu vəzifəyə təyinatı Azərbaycanın hakim elitası ilə yaxın əlaqələrinə görə əldə etmişdi. “Amerika Senatı Moskvadakı insidenti xatırlamalı və bir daha düşünməlidir ki, Brayzanın Azərbaycana səfir göndərilməsi Amerikanın maraqlarına nə dərəcədə uyğundur” - deyə erməni qəzeti yazır.
Göründüyü kimi, Amerikadakı erməni çevrələri Brayzanın təyinatını əngəlləmək üçün bütün üsullara əl atır, Senat üzvlərini, diplomatı şantaj edir və onun barəsində öz bildikləri kimi kompromatlar yayırlar. Bu kampaniyanın necə nəticələnəcəyini demək çətindir. Bir tərəfdən, ermənilər Brayzanın namizədliyini əngəlləmək üçün Senatda güclü dayaqlara malikdir. Lakin o biri tərəfdən, ABŞ-ın Bakıdakı səfiri postu bir ildir boşdur, Obama administrasiyası Əfqanıstan və İran məsələsinə görə Azərbaycan hakimiyyəti ilə münasibətləri düzəltməyə çalışır və belə bir vaxtda səfirin olmaması işləri əngəlləyir. Ona görə də Ağ Ev M.Brayzanın mümkün qədər qısa müddətə Bakıya göndərilməsində maraqlı olmalıdır. Deməli, bunu təmin etmək üçün Senatın Xarici Əlaqələr Komitəsinin üzvlərinə təsir göstərmək və onların erməni kampaniyasının təsiri altına düşməsinə imkan verməmək lazımdır.
Ağ Evin belə səyləri haqda hələlik məlumat yoxdur. Ancaq şübhə yoxdur ki, Brayza ilə bağlı bugünkü dinləmələr xeyli gərgin keçəcək və diplomata bir çox çətin suallar ünvanlanacaq. O cümlədən Moskvadakı qəza ilə bağlı da ona sual ünvanlanacağı istisna deyil.
Ermənilər ABŞ-ın Türkiyəyə səfiri postuna namizədi Frensis Cozef Rikardonun da Senatda sıxışdırılmasına nail olublar. Rikardonun namizədliyinə dair dinləmələr iyulun 20-də olub. “CNN-Türk” kanalı xəbər verir ki, erməni dəstək qrupuna daxil olan senatorların cəhdlərinə baxmayaraq diplomat 1915-ci il hadisələrini “soyqırım” adlandırmaqdan imtina edib. Rikardo bu məsələ ilə bağlı suala cavab verərkən prezident Obamanın aprelin 24-də ermənilərə ünvanladığı müraciətə istinad etməklə kifayətlənib. Eyni zamanda o bildirib ki, prezident Obama Türkiyə və Ermənistan arasında yaxınlaşmanı dəstəkləyir, hesab edir ki, bu yaxınlaşma Qafqazda sülh və rifaha xidmət edəcək. Rikardo bildirib ki, ABŞ iki ölkə arasında imzalanmış Sürix protokollarının ratifikasiyası üçün Türkiyəyə çağırışlar etməkdə davam edəcək. Eyni zamanda türklərlə ermənilər arasında qarşılıqlı anlaşmaya xidmət edən layihələri dəstəkləyəcək.
Maraqlıdır ki, Rikardonun xanımı Türkiyədə təhsil alıb, diplomat özü də əvvəllər Türkiyədə işləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR