Məlum olduğu kimi, bu ilin iyul ayında Rusiya və Ermənistan arasında ortaq hərbi qruplaşmanın yaradılması haqqında qərar iki ölkə rəhbərliyi tərəfindən qərar qəbul edilib.
Noyabrın 14-də isə Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Ermənistanla ortaq hərbi qruplaşmanın yaradılması haqqında saziş barədə hökumət tərəfindən irəli sürülən təklifə razılıq verib:
“Rusiya və Ermənistan arasında yeni saziş ortaq hərbi qruplaşmanın sayı və funksiyalarının dəyişməsini nəzərdə tutur. Həmin qrupun silahlandırılması mərhələsi isə artıq başlayıb”, - deyə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artur Ovannisyan mətbuata məlumat verib.
O, bu qruplaşmanın qoşunların müştərək tətbiqi barədə 2000-ci ildə imzalanmış sazişə uyğun olaraq Rusiyanın 102 saylı hərbi bazasının və Ermənistan silahlı qüvvələrinin 5-ci ordu korpusunun əsasında qurulduğunu bildirib. Ovannisyan qruplaşmanın qarşısında qoyulan əsas vəzifənin hər iki ölkənin müdafiəsinin birgə təşkil olunmasından ibarət olduğunu qeyd edib:
“Hazırda konfidensial informasiya sayılan bir sıra hüquqi və təşkilati məsələlərə aydınlıq gətirilir. Bu qruplaşma Ermənistan sərhədlərinin təhlükəsizliyini təmin etmək və regional təhlükəsizlik məsələlərini həll etmək üçün yaradılıb. Hazırda qruplaşmanın müxtəlif növ silahlarla və texnika ilə təchiz etdirilməsi prosesi gedir”...
Lakin Ovannisyan konkret hansı silahlardan istifadə olunacağını və onların harada yerləşdiriləcəyi barədə məlumat verməyib.
Ermənistan ekspertləri də sazişlə bağlı müxtəlif rəylər bildiriblər.
Musavat.com Rusiya və Ermənistan mətbuatına istinadən həmin rəylərdən bəzilərini oxuculara təqdim edir.
“Bu sazişi imzalamaqla Ermənistan öz silahlı qüvvələrinə müstəqil surətdə sərəncam vermək hüququndan məhrum olacaq”, deyə Ermənistanın milli və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyan bildirir.
“Ermənistan ordusu Rusiyanın ölkə iqtisadiyyatının əsas aktivlərini öz nəzarəti altına keçirdikdən sonra müstəqilliyinin sonuncu qalası sayılırdı. İndi növbə orduya da gəlib çatıb”....
Ermənistan Rusiyaya təhlükəsizliyinin ən vacib rıçaqını, ordunu verərək öz suverenliyini məhv edir. Bu Ermənistanın əyninə geyindirilən sakitləşdirici köynək kimidir” deyə Mehrabyan mətbuata bildirib.
Mehrabyanın sözlərinə görə Rusiya Ermənistanın milli maraqları hesabına öz nəzarət bölgəsini genişləndirir.
“Ortaq hərbi qruplaşma Ermənistanın təhlükəsizliyini təmin etmir, tam əksinə Ermənistan dövlətinin təhlükəsizliyini təhdid altında qoyur” deyə Mehrabyan əminliklə ifadə edib:
“Sazişdə Rusiya tərəfindən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üzrə öhdəlikləri əks olunmayıb. Rusiya NATO ilə toqquşma zəminində regionda öz iştirakını genişləndirir. Bu isə hərbi münaqişə olduqda Ermənistanı Şimali Atlantika ordularının hədəfi halına gətirir.
Bundan başqa bu saziş Gürcüstan-Ermənistan münasibətlərində də gərginliyə yol açacaq.
Yeni saziş Gürcüstanın NATO ilə əməkdaşlığını dərinləşdirməsinə verilən cavabdan başqa bir şey deyil” deyə Mehrabyan qeyd edib.
“Rusiya və Ermənistan yeni siyasi gerçəklikləri nəzərə alaraq ortaq hərbi birliyin funksiyalarının yeni hüquqi çərçivəsini müəyyən edir”, deyə Qafqaz İnstitutunun direktoru politoloq Sergey Minasyan bildirib.
O, hesab edir ki, əslində ortaq birlik faktiki olaraq ilk Rusiya-Ermənistan birgə hərbi təlimlərinin keçirildiyi tarixdə, 1995-ci ildə formalaşdırılıb:
“Aprel döyüşlərindən sonra isə Ermənistan üçün Azərbaycan, xüsusilə Naxçıvan tərəfdən gələ biləcək təhlükələrin qarşısının alınması məsələsi aktuallıq kəsb etməyə başlayıb” ...
“Nəzərə almaq lazımdır ki, Rusiya hərbi bazalarının Ermənistanda dislokasiyası barədə sazişin prolonqasiyasından (uzadılmasından - red.) bu yana 6 il keçib və bölgədə situasiya artıq dəyişib.
Birliyin formalaşdırılması NATO ölkələrindən, habelə İŞİD tərəfindən gələ biləcək təhlükələrin sovuşdurulması üçün rıçaq rolunu oynaya bilər”, deyə Minasyan qeyd edir.
Onun sözlərinə görə indiki situasiya Ermənistan ərazisində döyüş qabiliyyətinə malik, qarşıda qoyulan vəzifələri icra etməyə habelə xüsusi məsuliyyət tələb olunan bölgələrdə təhdidlərin qarşısını almağa hazır hərbi birləşmənin olmasını tələb edir.
Ruben Mehrabyandan fərqli olaraq Sergey Minasyan sazişin Ermənistanın müstəqilliyinə xələl gətirməyəcəyinə əmin olduğunu bildirib.
Musavat.com