Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı müharibə cinayətləri törətməkdə davam edir. 2008-ci ildən mülki əhaliyə qarşı istifadəsi qadağan olunan raketlər bir-birinin ardınca Azərbaycan şəhərlərinə, kəndlərinə, qəsəbələrinə, yaşayış məntəqələrinə atılır. Düşmən oktyabrın 28-də Bərdə şəhərinə xain hücumu zamanı qadağan edilmiş kasetli döyüş sursatlarından və ən az bir ədəd uzaq məsafəli raketdən istifadə edib. Nəticədə 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.
Beynəlxalq təşkilatlardan Human Rights Watch düşmənin müharibə cinayətləri haqda bəyanat verib. Həmin bəyanatda qeyd olunur ki, kasetli döyüş sursatlarının qalıqlarının təhlili göstərib ki, bu, kasetli döyüş sursatı olan “Smerç” raketi və qəlpəli raket idi. Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raket qurğuları var, Dağlıq Qarabağdakı erməni qüvvələrin isə yoxdur. Deməli, atəş Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilib və ya bu döyüş sursatları Dağlıq Qarabağ qüvvələrinə göndərilib.
“Ermənistan kasetli döyüş sursatlarından istifadəyə və ya onların Dağlıq Qarabağ qüvvələrinə göndərilməsinə dərhal son qoymalıdır”,-deyə bəyanatda qeyd edilib.
Bununla belə Ermənistan silahlı qüvvələri hər ötən gün qadağan olunmuş silahlardan daha artıq şəkildə istifadə edir. Tərtər rayonunun ayrı-ayrı hissələrinə çoxsaylı belə sursat atılıb. Partlamayan, ermənilərin cinayətlərinə şahidlik edən belə sursatların bir neçəsi rayon ərazisindəki evlərə, həyətlərə düşüb. Mütəxəssislər də həmin sursatların 2008-ci ildə qəbul edilən Konvensiya ilə qadağan edilmiş sursatlar olduğunu təsdiqləyirlər. Konvensiya 110 dövlət tərəfindən qəbul olunub. Müharibə qanunları münaqişə tərəflərinin hərbi əməliyyatlar zamanı mülki əhalini qorumaq üçün daim ehtiyatlı olmasını və mülki əhali arasında təsadüfi itkiləri və mülki obyektlərə dəyən ziyanı aradan qaldırmaq və ya minimuma endirmək üçün “bütün mümkün ehtiyat tədbirlərini görməsini” tələb edir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) “Yeni Müsavat”ın Reportyor Qrupuna bildiriblər ki, son günlər düşmən tərəfindən belə kasetli raketlərin atışı intensivləşib. Belə raketlər 72 bombacıq daşıyır və göydə raketin mühərrik hissəsi və idarəetmə başlığı partlayandan sonra bombacıqlar ətrafa səpələnir. Onlara hər hansı bir toxunuş partlayışa səbəb ola bilər. Ona görə, ANAMA-dan vətəndaşlara çağırış olunur ki, belə hadisə ilə rastlaşdıqları halda – partlamayan sursat və bombacıqlar gördükdə onlara toxunmadan, dərhal 102, 112 və ANAMA-nın regionda olan növbətçi qruplarına məlumat versinlər.
Xatırladaq ki, kasetli bombalar qadağan olunmuş bombalar sinfinə daxildir. 1949-cu il tarixli Cenevrə Konvensiyasına uyğun olaraq onun yaşayış ərazisinə, dinc əhaliyə atılması qadağandır.
E.Məmmədəliyev,
E.Əkbərov,
Musavat.com,
Tərtər






