Ötən il İstanbulda hamilə həyat yoldaşına 5 bıçaq zərbəsi vuran şəxs azadlığa buraxılıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanan qadının dedikləri hər kəsi təəccübləndirib.
O, hakimdən həyat yoldaşının azadlığa buraxılmasını və ondan heç bir şikayəti olmadığını deyib: "Bu hadisə hər evdə yaşana bilər, Xahiş edirəm onu sərbəst buraxın. 2 ilə yaxındır ki, mən və övladlarım pərişan olmuşuq. Həyat yoldaşım məndən bu hadisəyə görə dəfələrlə üzr istəyib. Mən ona güvənirəm. O ilk dəfə idi ki, belə bir şey etdi. Əminəm ki, bir daha etməyəcək."
Hadisəni törədən şəxs də məhkəmədə çıxış edərək bağışlanmasını xahiş edib: "Məlum hadisədən sonra həyat yoldaşım həbsxanaya tez-tez gəlirdi. Onunla görüşürdük. Mən ondan dəfələrlə üzr də istəmişəm. Hadisə bir anın içində, özümdən asılı olmadan baş verdi. Çox peşimanam. Ailəm də maddi və mənəvi sıxıntı içərisindədir. Sizlərdən mərhəmət diləyirəm. 15 aydır ki, həbsdəyəm."
Hər iki tərəf dinlənildikdən sonra G.Yılmaz hakimin qərarı ilə sərbəst buraxılıb.
Qeyd edək ki, sözügedən cütlük 2017-ci ildə aprelin 28-də səhər saatlarında masa arxasında yemək yeyərkən mübahisə edib. Mübahisə zamanı G.Yılmaz hamilə həyat yoldaşı G.Hülyanı 5 dəfə bıçaqlayaraq ona xəsarət yetirib. Qadın ağır yaralansa da onun və bətnindəki övladının həyatını xilas etmək mümükün olub.
Turan Oruc
Musavat.com






