İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəfə yolçuluğu: "Qərib İmam"ın şəhərində - REPORTAJ (FOTOLAR)

7186 15.08.2018 00:42 Ölkə A A

Əməkdaşımız azərbaycanlı dindarların karvanı ilə Məşhəddən keçən Kərbəla yolçuluğuna çıxıb; onun ilk reportajı...

Qismət oldu bu il də azərbaycanlı zəvvarlarla Ərəfə ziyarətinə gedəsi olduq. Yeri gəlmişkən qeyd edim ki, artıq 3-cü ildir ki, “Salam Tur” şirkəti Azərbaycandan Ərəfə ziyarəti təşkil edir. Zəvvarlar əvvəlcə Məşhəd şəhərinə gedərək İmam Rzanın (ə) məzarını ziyarət edir, daha sonra İraqa gedərək burada dəfn olunan imamları ziyarət edirlər. Qurban bayramı günü isə Kərbəlaya vararaq bayramı qeyd edirlər. 

Ərəfə ziyarətinə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli rəhbərlik edir. Qrupda tanınmış ilahiyyatçılar, Quran qariləri (Avazla Quran oxuyan şəxslər – K.R.) iştirak edir. Builki ziyarətdə Azərbaycandan 700 nəfərə yaxın zəvvar qafiləsi var. Onların bir qismi təyyarə, bir qismi isə avtobuslarla ziyarətə yollanmış insanlardır.

Bilməyənlərə xatırladım ki, Ərəfə günü, Qurban bayramından bir öncəki gündür. Həmin gün islam aləmində xüsusi qeyd olunur. Həcc ziyarətində olan müsəlmanlar həmin gün Ərəfat dağına çıxır, burada dualar və ibadətlər yerinə yetirilir. Səhərisi gün isə Qurban bayramı qeyd olunur. İslam tarixi mənbələrinə əsasən hicrətin 60-cı ilində Həcc ziyarətində olan İmam Hüseyn (ə) Ərəfə günlərində xəlifə Yezidin nümayəndələrinin beyət tələbləri və sui-qəsd xəbərdarlığından sonra ziyarətini yarımçıq qoymaq və Həcc ziyarətinin gedişatını pozulmamaq üçün Məkkəni tərk etmək məcburiyyətində qalır. Bu səbəbdən də həcc ziyarətinə gedə bilməyən şiə müsəlmanlar Ərəfə günündə Kərbəlaya gedərək Şəhidlər sərvəri Həzrət Hüseynin yarımçıq qalmış Həcc ziyarətini xatırlayaraq, mübarək günü onun məzarı başında qeyd edirlər. Bu il də ənənəyə azərbaycanlı zəvvarlar da qoşulublar.

Bakını avqustun 12-də təyyarə ilə tərk etdik. Səfərimiz Tehrana (2 il əvvəl birbaşa Məşhəd reysi olduğu üçün Tehrana getməyə gərək qalmamışdı, birbaşa Məşhəd şəhərinə yollanmışdı zəvvarlar – K.R.) ordan da Məşhədədir. Gecə olduğu və Hava Limanının daxili reyslər bölümündən uçduğumuz üçün qeydiyyat prosesi çox rahat keçdi. Həm də əvvəlki illərdən fərqli olaraq personal daha hazırlıqlı və yaxşı çallışırdı. AZAL-ın təyyarələri təzədir, "lou kost" xidməti ilə uçsaq da sendviç və su da təklif edirlər. Bu da Azərbaycan hava yollarının müsbət yeniliyi hesab oluna bilər. Bakıdan Tehrana hava məsafəsi bir saatdan da azdır. Aşağıda gecə saat 1:30 olmasına rəğmən 31 dərəcə istinin olduğu Tehran vardı.

 

Dollar qarşılanması

 

Tehran beynəlxalq hava limanında xarici qonaqları qarışlayan dollar alverçiləridir. Doğrudur, İrana səfər edənlər bilir ki, bu ölkədə adətən sərhəddən daxil olanda ilk qarışalayan taksi sürücüləri və sərraflar, yəni pul dəyişənlər olur. Ancaq inflyasiya özünü burda da göstərib. Artıq beynəlxalq hava limanında da sərraflar var, özü də az deyil. Maraqlıdır ki, rəsmi kursa əsasən 1 ABŞ dolları 42 min real və ya müvafiq deyimlə 4200 tümən edir. Ancaq “qara bazar” daha səxavətlidir. 1 ABŞ dollarını Tehran hava limanında 9-9,5 min tümənə alırdılar. Bəzi yerlərdə isə hətta 10 minə dəyişirlər.

Doğrudur, sərrafların dollar alması rəsmən qadağandır və İran qanunlarına görə “qara bazar” işçiləri həbs oluna, cərimələnə bilər. Ancaq hökumət faktiki olaraq dollar alverçilərinə göz yumur, onlar isə rahat, qorxusuz şəkildə fəaliyyətlərini davam etdirir.

Doğrudur, bazar müəyyən qədər qiymətləri devalvasiyaya görə, tənzimləməyə çalışır. Ancaq istənilən halda dolların bahalaşması xarici turistlər üçün əlverişlidir, başqa ölkələrlə müqayisədə ucuzluq var. Bu haqda bir qədər sonra.
Məşhəd reysimiz sabah 10-da olduğu üçün arada qalan boş vaxtı dəyərləndirməyə çalışırıq. Qrup rəhbərləri avtobus kirayələyir və biz gecəyarı Tehranın qədim hissəsində yerləşən tarixi “Şah Əbdüləzim” kompleksini ziyarətə gedirik. Ancaq çox erkən olduğu üçün gözləmələyik, kompleks sübh namazından sonra açılır.

 

Tehranın “Şahı”

 

Şah Əbdüləzim kimi məşhurlaşan Əbdüləzim Həsəni hicri 179-cu ildə Mədinədə dünyaya gəlib. 7-ci, 8-ci, 9-cu və 10-cu imamla eyni dövrdə yaşayıb, onların 3-nün – İmam Rza (ə), İmam Məhəmməd Təqi (ə) və İmam Hadinin (ə) yaxın silahdaşı olub. Böyük fəzilət və kəramət sahibi olan Əbdüləzim Abbasi xilafətinin təzyiqlərindən sonra Samirradan Rey şəhərinə, bugünkü Tehrana köçüb. Ömrünün sonuna qədər burada yaşayıb. 79 il yaşayıb, hicri 252-ci ildə Rey şəhərində dünyasını dəyişib və burada da dəfn olunub. Kəramət və elmli bir şəxs olduğu üçün qəbri ziyarətgaha çevrilib.

Hal-hazırda 20 milyonluq Tehranda deyil, bütövlükdə şiə müsəlmanlar üçün ziyarətgahlardan biri olan Şah Əbdüləzim məqbərəsi ilin bütün vaxtlarında ziyarətçilərlə dolu olur. Biz sabah saatlarında, 4-də getməyimizə baxmayaraq kompleksdə sübh namazında yüzlərlə insan vardı. Haşiyə çıxaraq qeyd edim ki, İranda pirlər, ziyarətgahlar xüsusi bir zövqlə bəzədilmiş zəngin memarlıq nümunələridir. Bu həm də yerli tələbatla əlaqədardır, çünki ölkə vətəndaşları ziyarətgahlara çox gedir və dini turizm ölkə iqtisadiyyatında mühüm yer tutur. Bunun həm də sosial-siyasi tərəfləri də var. Bu səbəbdən də ziyarətgahlar böyük diqqət və qayğı ilə əhatə olunub.

 

“Qərib İmamın” (ə) şəhəri

 

Tehranda çox qalmadıq, bu səbəbdən də şəhəri gəzmək imkanımız olmadı. Tehrandan-Məşhədə təyyarə 1 saata yaxın uçur. Bizi ölkənin şərqinə – Məşhəd şəhərinə aparacaq təyyarə özəl avikompaniyalardan birinə məxsus, köhnə Boeng təyyarəsi idi. Təxmin etmək olardı ki, Şah zamanında alınanlardandır. Bunu təyyarənin həm xarici görünüşündən, həm də narahat uçuşundan bilmək olurdu. Nəysə ki, sağ-salamat Məşhəd hava limanına eniş edə bildik.

İranın şərqində, Türkmənistanla xərhəddə Xorasan vilayətində yerləşən Məşhəd şəhəri həm də “Qərib İmamın şəhəri” adlandırılır. Ancaq bu gün valideynləri və yaxın əqrəbasından uzaq düşdüyü üçün (digər imamlar Ərəbistan və İraq ərazisində dəfn olunub – K.R.) 8-ci İmam o qədər də qərib sayılmaz. Hər il təxminən 12 milyon zəvvar Məşhəd şəhərinə gələrək İmam Rzanı (ə) ziyarət edir. Bu həm də böyük iqtisadiyyat və turizm potensialıdır. Məşhəd şəhərinin iqtisadiyyatının böyük qismi məhz turistlər hesabına formalaşır. Bazarlar, dükanlar, otellər, nəqliyyat, iaşə xidmətləri və sair.

İmam Rzanın (ə) Ərəbistan və İraqdan bu qədər uzağa getməsinin xüsusi tarixçəsi var. 8-ci əsrin sonu, 9-cu əsrin əvvəllərində Abbasi xəlifəsi taxtı uğurunda müharibələr dövrü hesab olunur. Harun ər-Rəşidin ölümündən sonra onun iki oğlu - ərəb qadından olan Əmin və fars əsilli qadından olan oğlu Məmun hakimiyyət uğrunda qarşı-qarşıya gəlir. Ərəb əyanları Əmini dəstəkləsələr də, qeyri-ərəb cinahın dəstəklədiyi Məmun qalib gəlir. Ancaq qalib gəlsə də, anası fars olduğu üçün Məmun ərəb əyanlarından dəstək ala bilmir, daha doğrusu onlara güvənmirdi. Bu səbəbdən də qardaş savaşı zamanı Məmun indiki İranın şərqinə, Xorasan vilayətinə çəkilir və səltənəti ələ keçirdikdən sonra da bir müddət dövləti Xorasandan idarə edir.

Bu dövrdə Məmun müsəlmanların dəstəyini qazanmaq üçün imamlara, yəni İmam Əlinin (ə) soyundan gələn müqəddəslərə xüsusi yanaşmağa başlayır. Uzun illər, Abbaslilər dövründə də İmam Əlinin (ə) övladları təzyiq altında qalmışdı. 7-ci İmam Musa əl-Kazim ömrünün 17 ilini Harun ər-Rəşidin hakimiyyəti dönəmində həbsxanada keçirmişdi. Ancaq Məmun daha hiyləgər siyasətçi olduğu və xalq dəstəyinə ehtiyacı olduğu üçün Əhli Beyt müqəddəslərinə yaxınlaşmağa çalışır. Məhz bu məqsədlə xəlifə Məmun o zaman həyatda olan İmam Rzanı (ə) gözlənilmədən özünün varisi elan edir. Hətta Məmunun İmama (ə) diqqət və ehtiramı o qədər olur ki, yaxınında olanlar belə təəccüblənirlər və Məmunu “taxt-tacı Əli (ə) övladlarına qaytarmaq” planından döndərməyə çalışırlar. Lakin Məmun inadla hakimiyyəti məhz dövrün nüfuzlu şəxsiyyəti, Peyğəmbər (s.ə.s) övladı, İmam Əli (ə) və Fatimə (s.ə) nəslindən olan İmam Rzaya (ə) verəcəyini (özündən sonra – K.R.) elan edir. Bir müddət sonra isə İmam Rzanı (ə) Mədinədən Xorasana – müvəqqəti Abbasi sarayına – dəvət edir...

Tarixçilərə görə xəlifə Məmun İmam Rzanı (ə) vəliəhdi təyin edəndə ona qarşı qəsd təşkil edəcəyini də planlaşdırıbmış. Ancaq daha sonra şiələrin Xorasana axışması, üstəlik, Abbasi sarayı da daxil olmaqla, dövlətin içərisində, eləcə də xalq arasında İmam Rzanın (ə) nüfuzunun sürətlə artması Məmunu qorxuya salıb. Hətta bir neçə dəfə müxtəlif dinlərə məxsus elm adamlarını toplayaraq İmam Rzaya (ə) qarşı debatlar təşkil etməklə onu nüfuzdan salmağa çalışsa da, bu debatlar uğursuz olur. Və ölkədə sürətlə Əhli Beyt tərəfdarlarının nüfuzunun artması xəlifənin planını yarıda dayandırmağa səbəb olur. Digər tərəfdən, artıq bu dövrdə Məmun hakimiyyətini xeyli möhkəmləndirmişdi, ona qarşı ciddi siyasi rəqib qalmamışdı. Beləliklə, şiələrin 8-ci imamı Rza (ə) Ərəbistan və İraqdan çox uzaqda Tus vilayətində dünyasını dəyişir və burada da dəfn olunur.

Bu gün İraq və Ərəbistandan min kilometrdən çox məsafədə yerləşən Məşhəd şəhərini, Yaxın Şərqin ərəb ölkələri də daxil olmaqla, hər gün onminlərlə insan ziyarət edir. Şəhər küçələri, dükan-bazar hamısı yerli (daxili – K.R.) və xarici turistlərlə qaynayır.

 

ad71e3a6-c5ee-4164-9f48-2ceb88a6da0f.jpg (269 KB)

 

Qeyd edim ki, Məşhədə avtobuslarla gələn zəvvarlar da gəldilər. Və böyük karvanımızla birgə İmam Rzanın məqbərəsini ziyarət etdik, daha sonra ziyarətgah kompleksin daxilində məclis təşkil etdik. Ziyarət kompleksinin rəhbərliyi azərbaycanlı zəvvarların məclisi üçün yer ayırdı. Tədbirin sonunda isə İmam Əli (ə) və Fətimeyi Zəhranın (s.ə.) evlilik günü münasibətilə karvanda olan Əli və Fatimə adlı insanlara xüsusi bayram hədiyyələri verildi. Karvanımızda olan ruhani Hacı Şahin Həsənli çıxış etdi, daha sonra kollektiv şəkildıə namaz qılındı, dualar edildi. Ziyarətimiz isə Məşhəddə davam edir. “Qərib imamın şəhəri”ndə daha iki günümüz var.

 

Kənan Rövşənoğlu,

musavat.com

Bakı-Tehran-Məşhəd

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR