İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın səfər öncəsi Tehrandan demarş – Azərbaycan İranın udacağı “tikə” deyil!

5160 19.10.2022 09:00 Siyasət A A

Müttəfiqindən ruhlanan Ermənistan da sərhədə hərbi qüvvə cəmləyir; Araz boyu Türkiyə ilə ortaq təlimlər keçirmək, Tehranı yerində oturtmaq zamanı...

İranın cənub sərhədimizdə, Araz boyu hərbi təlimləri davam edir. Tehran rəsmiləri nə qədər bəyan eləsələr də ki, bu təlimlər Azərbaycan əleyhinə deyil, çörəyi ağzına yeyənlərin hamısı yaxşı bilir ki, bu, ağ yalandır. Çünki ən azından məşq edilən ssenari öz-özlüyündə çox şey deyir.

Belə ki, İran tərəfinin məlumatına görə, təlimlər zamanı helikopter-paraşüt əməliyyatı, gecə hücumu, helikopter döyüşü, PUA-ların istifadəsi, nəqliyyat/rabitə xətlərinin ələ keçirilməsi, nəzarət, strateji yüksəkliklərin ələ keçirilməsi ilə yanaşı, diqqət: Araz çayı üzərində körpünün inşa edilməsi (!) ssenariləri də məşq edilir.

Görəsən hansı körpüdən və hara keçiddən söhbət gedir? Nədən ötrü olacaq bu körpü? Suveren Azərbaycan ərazisinə hərbi müdaxilə üçünmü? Şübhəsiz. Yəni bu artıq İranın öz cızığından çıxması və ölkəmizə qarşı açıq-aşkar hərbi təhdididir. O zaman cənub qonşumuz bunun bədəlinə də hazır olmalıdır.

*****

İranın Bakıdakı səfiri bildirib ki, təlimlər barədə Azərbaycan qabaqcadan məlumatlandırılıb. Ancaq bu nəyi dəyişir ki. Əsas sual yerindədir: “ərazi bütövlüyü qırmızı xəttimizdir” deyən rəsmi Tehran 30 illik erməni işğalı dövründə nədən bircə dəfə də olsun, eyni yerdə işğalçı qüvvələrə qarşı təlim keçirmədi?

İran ordusu hərbi təlimlərə başladı

Sual ritorikdir. Ona görə ki, İranın Ermənistan adında problemi yoxdur. Ermənistan adlı dostu, qardaşı, sirdaşı, əlaltısı var – Azərbaycana, Türkiyəyə, Türk dünyasına qarşı. Mollakratiyanın tək qarın ağrısı da məhz bizik - Türk dünyası, Azərbaycan. Təsadüfi deyil ki, İranın hərbi təlimləri ilə təxminən eyni vaxtda Ermənistan da sərhədimizə silahlı birləşmələr cəmləşdirməyə başlayıb. Deyəsən Tehranın anti-Bakı demarşı İrəvanı daha da cəsarətləndirib.  

Ancaq nasizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın sadiq dostu olan İran həmişəki kimi yenə yanılır. Azərbaycan onun udacağı “tikə” deyil! Boğazında qalar və boğular! Odur ki, nə qədər gec deyil, öz yerini bilsə, özünə gəlsə yaxşıdır. Belə təlimlərlə Azərbaycanı, Azərbaycan xalqını qorxutmaq mümkünsüz bir iş, mənasız məşğuliyyət.

İran rejimi özü qorxsun ki, əhalisinin yarıdan çoxu azərbaycanlıdır. Güney Azərbaycan ayağa dursa, İran adında qondarma dövlətdən, anti-islam respublikasından heç nə qalmaz. Bunu unutmasınlar.

Başqa yandan, gör nə qədər dövlət İranı əzmək üçün fürsət gözləyir - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı... Onlara unikal şans verməkdənsə, Azərbaycana “xox” gəlməkdınsə, fars rejimi öz basına çarə qalsa, daha məntiqli olmazmı?..   

*****     

Tofiq Zülfüqarov: “İranın hərbi təlimləri Azərbaycana qarşı yönəlib” |  Azadliq

Diqqəti çəkən mühüm məqamlardan biri də təlimlərin Türk dünyasının, Azərbaycanın böyük dostu Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri ərəfəsi start götürməsidir. Təbii ki, bu və digər səbəbdən sərhəd təlimləri işğal dövründə məscidlərimizi tövlələrə, donuz saxlanılan məkanlarına çevirən Ermənistanda sevinclə qarşılanıb. Bu da isti fakt.

Özünü iranşünas sayan Vardan Voskanyan ad-soyadlı erməni “alim” iddia edib ki, Tehran bu təlimlərlə Azərbaycana hərbi zərbə vurmaq və “artsaxa qoşun yeritmək ssenarisini” məşqı edir. Bu zata hələ də elə gəlir ki, Azərbaycan Afrikanın geridə qalmış, banan ölkəsidir, yiyəsizdir, tənhadır.

Zəruri xatırlatma: İran artıq Qarabağa heç “Tır” maşınları göndərə bilmir, tankları necə göndərəcək? Nə tez unuduldu, Azərbaycanın bir notasından sonra İran Qarabağa qanunsuz yük daşımalarına son qoymalı oldu, özünü yığışdırdı.

Voskanyan isə əlini-əlinə sürtüb görün nə deyir: “İranın hərbi təlimləri anti-Azərbaycan xarakteri daşıyır. İran bütün mümkün ssenarilərə, o cümlədən Azərbaycan ərazisinə hərbi zərbələr endirməyə və Azərbaycanın “işğal etdiyi artsax əraziləri”nə (?! - red.) daxil olmağa hazırlaşır. Təlimlər zamanı Araz çayı üzərində müvəqqəti ponton körpüsünün tikintisi, pilotsuz uçuş aparatlarının zərbələri, yüksəkliklərin və yaşayış məntəqələrinin ələ keçirilməsi də daxil olmaqla müxtəlif ssenarilər həyata keçiriləcək”.

Zəngəzur dəhlizi" münaqişədən əvvəl necə işləyib...

Erməni “iranşünas” fantaziyasına davam edərək bildirir: “İranlılar Azərbaycan-Türkiyə tandeminin Ermənistanın “Sünik” (Qərbi Zəngəzur –red.) bölgəsinə olan iştahını cilovlamaq üçün açıq-aşkar geosiyasi siqnallar verirlər. Sentyabr “təcavüzü” zamanı İran prezidentinin təkcə Bakıya deyil, Ankaraya da xəbərdarlıq etməsi bu məsələdə ən mühüm çəkindirici amillərdən birinə çevrilib. Heç kimə sirr deyil ki, Azərbaycan İsrailin anti-İran əməliyyatları üçün plasdarma çevrilib. Azərbaycan “artsax”ın işğal olunmuş ərazilərində anti-İran, anti-erməni və anti-Rusiya hərəkətlərinin həyata keçirilməsi üçün istifadə olunacaq aeroportlar şəbəkəsi qurur. Bu hava limanları müstəsna hərbi əhəmiyyət kəsb edir və İsrail və NATO ölkələri tərəfindən istifadə olunacaq”.

*****

Əlbəttə, bu qəbildən iddia və iftiralar vəziyyəti daha da tündləşdirməyə hesablanmış uğursuz cəhdlərdir. İrandan ölkəmizə hərbi müdaxilə gözləntiləri isə xam xəyallardır. Azərbaycan artıq müasir, döyüşkən orduya malik, özünə güvənli dövlətdir, üstəlik, Türkiyə ilə imzaladığımız, düşmənlərə göz dağı Şuşa Bəyannaməmiz var, nüvə dövləti qardaş Pakistanla, İsraillə strateji müttəfiqliyimiz var. 

Sabah – oktyabrın 20-də Ərdoğan Zəngilan hava limanının açılışında şəxsın iştirak eləmək üçün Azərbaycana gəlir. Bu, şəkk-şübhəsiz, ilk növbədə boyundan yuxarı tullanmaq istəyən İrana sərt bir ismarış olacaq. Bundan əlavə, İranla sərhəddə, Araz boyu Azərbaycan-Türkiyə ortaq hərbi təlimləri keçirməyin də yəqin ki, zamanı çatıb. Fars rejiminə öz yerini göstərmək üçün bu daha bir təsirli vasitə olardı...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR