İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın konstitusiyada dəyişikliklər cəhdi Türkiyənin gələcəyi üçün nə vəd edir?

2687 05.11.2015 19:32 Gündəm A A

Noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərindən sonra əsas məsələ qardaş ölkənin cəmiyyət və mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Bu, ölkə idarəçiliyində parlament idarə üsulunun prezident idarə üsulu ilə dəyişdirilməsi ilə bağlıdır. 

Doğrudur, aylar öncədən bu məsələ Türkiyə cəmiyyətinin əsas gündəmində idi. Lakin iyunun 7-də keçirilən parlament seçimlərində heç bir qurum təkbaşına hökumət formalaşdıra bilməmişdi. Nəticədə Ərdoğanın prezident idarə üsuluna keçmək planı baş tutmamışdı. Noyabrın 1-də isə, baş tutan seçkilərdə AKP təkbaşına hökumət formalaşdırmaq şansı qazansa da, prezident idarə üsuluna keçmək üçün yenə də yetərli səs yığa bilmədi. Belə ki, konstitusiyada dəyişikliklər üçün 330 səs lazımdır. AKP isə, son seçkilərdə 317 millət vəkili yeri qazanıb.  

Noyabrın 5-də prezident Rəcəb Tayyip Ərdoğan ölkənin yeni konstitusiyasının hazırlanmasının yeni seçilən parlamentin prioritet vəzifələrindən biri olduğunu bildirib:

“Türkiyə yeni konstitusiya ilə bağlı məsələni həll etməlidir, bu noyabrın 1-də (növbədənkənar parlament seçkiləri günü – red.)  aldığımız ən mühüm mesajdır.  Xalq bunu gözləyir. Mən ümid edirəm ki, deputatlar yeni konstitusiyanın hazırlanmasına dair öz tövhələrini verəcəklər”.

Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın hakimiyyətin konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ölkədə referendum keçirəcəyini istisna etməyib.

Göründüyü kimi, Türkiyənin dövlət başçısı idarəçilikdə prezident idarə üsulunun tətbiq edilməsində israrlıdır. Hətta onun son seçkilərdən sonra bu məsələ ilə bağlı çıxışlarında daha çox hədələyici tonlar duyulur. 

Maraqlıdır, qardaş ölkə üçün idarəçilikdə dəyişikliklər vacibdirmi, yaxud dəyişikliklər olarsa, mənfi yoxsa müsbət tərəfləri olar?

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, son seçkilərdə AKP-nin yenidən zəfər qazanması bu məsələnin aktuallaşmasına səbəb oldu: “Parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının növbəti zəfərindən sonra Türkiyənin siyasi gündəmi yenidən ölkənin idarə üsulunun dəyişdirilməsi mövzusuna köklənməkdədir. Türkiyənin xalq tərəfindən seçilən ilk prezidenti olan Rəcəb Tayyib Ərdoğanın ABŞ-dakı və yaxud MDB ölkələrindəkinə bənzər üsul-idarə bərqərar etmək arzusu sirr deyil. Düzdür, hazırda Ərdoğanın qurucusu olduğu və hələ də onun iradəsinə tabe olan siyasi partiya hakimiyyətdədir, Ərdoğan istədiyi zaman öz sədrliyi altında hökumətin iclaslarını keçirə bilir, hətta zaman-zaman konstitusiyadan kənara çıxan addımlar da atır. Üstəlik, hazırkı baş nazir ali icra hakimiyyətinin başçısı olmasına baxmayaraq, prezidentin kölgəsində qalmaqdan narahat olmur və bu durumu qəbul edir. Lakin bütün bunlar Ərdoğan üçün yetərli deyil”. 

Ş.Cəfərli hazırkı konstitusiyanın Ərdoğanın səlahiyyətlərini məhdudlaşdırdığını qeyd etdi: “Mövcud konstitusiyanın prezidentin səlahiyyətlərini və dövlət idarəçiliyindəki rolunu məhdud çərçivəyə salması, Ərdoğan üçün diskomfort yaradır. Bir tərəfdən o, çox geniş səlahiyyətləri əlində cəmləşdirərək ölkəni şəriksiz idarə etmək istəyir. Digər tərəfdən, bu gün üçün mümkünsüz görünsə də, gələcəkdə AKP daxilində Ərdoğanın iradəsindən kənar proseslərin cərəyan etməsini və baş nazirin prezidentin kölgəsindən çıxaraq müstəqilləşmək fikrinə düşməsini istisna etmək olmaz. Türkiyənin yaxın keçmişində belə örnəklər var. 1989-cu ildə Turqut Özal prezident seçildikdən sonra baş nazir və Ana Vətən Partiyasının (ANAP) lideri kreslosunda özünə yaxın şəxs olan Yıldırım Akbulutun əyləşməsini təmin etmişdi. Lakin növbəti qurultayda Akbulut Məsud Yılmaza uduzdu və Yılmazın rəhbərlik etdiyi ANAP Özalın nəzarətindən çıxdı. Süleyman Dəmirəlin 1993-cü ildə prezident seçilməsindən sonra isə, Doğru Yol Partiyasının (DYP) liderliyinə gələn Tansu Çillər müstəqil siyasət yeritməyə başladı. ANAP və DYP bir müddət sonra Türkiyə siyasətindən silindi. İndi Ərdoğan Özal və Dəmirəlin aqibətini yaşamaq istəmir və reytinqi bu qədər yüksək ikən başqanlıq xəyalını gerçəkləşdirmək niyyətindədir”. 

Siyasi şərhçi Ərdoğan hökumətinin konstitusiyada dəyişiklik etmək üçün çatmayan 13 səsini necə dolduracaqları ehtimallarından da söz açdı: “Artıq prezidentin sözçüsü İbrahim Kalın konstitusiya dəyişikliyini referenduma çıxarmaq istədiklərini söyləyib. Lakin bunun üçün parlamentdə 330 səsə ehtiyac var. AKP 1 noyabrda 317 yer əldə edərək bu hədəfə çox yaxınlaşdı. İndi kənardan cəmi 13 millət vəkilinə ehtiyac duyulur. Bəs bu səs kimlərdən, hansı partiyadan alına bilər? CHP-dən dəstək gələ biləcəyini zənn etmirəm. HDP-dən səs alınması ehtimalı da hazırda imkansız kimi görünür, lakin hesab edirəm ki, bunu tam istisna etmək də olmaz. İmralı həbsxanasında yatan Abdulla Öcalanla hansısa məxfi razılaşmalar çərçivəsində HDP-dən Öcalana yaxın müəyyən şəxslərin konstitusiya dəyişikliyinə səs verməsi mümkün ola bilər. MHP-yə gəldikdə isə, bu partiyanın AKP-yə ideoloji yaxınlığı, hər iki partiyanın bir-birinə çox yaxın ideoloji-siyasi dünyagörüşə malik elektoral bazadan səs alması nəzəri də olsa, onların anlaşmasını mümkün edən faktordur. Hazırkı siyasi şəraitdə MHP-nin bir siyasi partiya olaraq bu məsələdə AKP-yə və Ərdoğana açıq dəstək verəcəyini gözləməyə dəyməz, lakin parlamentdə keçiriləcək gizli səsvermədə MHP qrupundan bəzi millət vəkilləri referendumun lehinə səs verə bilər”. 

Müsahibimiz dəyişikliklər olarsa, Türkiyə üçün mənfi nəticələrinin olacağını qeyd etdi: “Şəxsi fikrim belədir ki, Türkiyənin prezident üsul-idarəsinə keçməsi mənfi nəticələrə gətirib çıxaracaq və parlamentar demokratiyaya zərbə vuracaq. Doğrudur, qərarların sürətlə qəbul olunub icraya yönəldilməsi, gündəlik dövlət idarəçiliyində operativliyin artması prezidentlik institutunun üstün və müsbət tərəfi kimi qeyd oluna bilər. Lakin Türkiyə kimi şərq toplumunda bu sistemin avtoritarlaşmanı bərabərində gətirməsi təhlükəsi realdır. 

Ərdoğanın şəxsi keyfiyyətlərini, təkbaşına idarəçiliyə meylli lider olmasını da nəzərə alsaq, avtoritarlaşma ehtimalının kifayət qədər yüksək olduğunu söyləyə bilərik. Türkiyə əlbəttə ki, demokratik dövlətdir. Lakin onu da vurğulamalıyıq ki, ölkədə demokratik institutlar tam oturuşmayıb və Türkiyə demokratiyası bu baxımdan Avropa və Amerika demokratiyasının hələ də gerisindədir. Güclü prezidenti çərçivələyəcək, ona nəzarət edəcək, avtoritarlaşmanın qarşısını alacaq güclü məhkəmə hakimiyyəti lazımdır.

Lakin Türkiyədə hazırda məhkəmə hakimiyyətinin tam müstəqil olmasından danışmaq mümkün deyil. Son illər hakimlərin təyinatına siyasi müdaxilələri, hakimlərin seçimində siyasi uyğunluq və yaxınlıq amilinin önə çıxmasını müşahidə edirik. Belə bir vəziyyətdə Türkiyənin prezident idarəçiliyinə keçməsi ölkənin 1946-cı ildən bəri əldə etdiyi demokratik nailiyyətlərə zərbə vura bilər. Hesab edirəm ki, Türkiyə dövlətinin və cəmiyyətinin gələcəyi, demokratiyanın və siyasi mədəniyyətin inkişafı və bütün bunların Azərbaycana örnək təşkil etməsi baxımından qardaş ölkədə parlament sisteminin qalması daha məqsədəuyğundur”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR