İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərdoğanın dünyaya ciddi mesajlar verməsi indiki həssas məqamda olduqca mühüm idi”- Xəyal Bəşirov

416 14.06.2023 18:18 Siyasət A A

 

“Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 13-cü prezidenti seçilməsindən və Şimali Kiprdən sonra Azərbaycana ilk səfər etməsi özlüyündə regiona və bütün dünyaya ötürülmüş ciddi mesaj idi”.

Bunu Musavat.com-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib. O qeyd edib ki, Türkiyədə keçirilmiş həssas, o cümlədən gərgin seçkilərdə azərbaycanlılar Ərdoğanın yanında idi və birmənalı olaraq bizim seçimimiz türk seçicisinin Ərdoğana səs verməsi istiqamətində idi: “Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinə qədər və İkinci Qarabağ müharibəsinin getdiyi 44 günlük proseslərdə Türkiyə dövləti və onun bütün siyasi, hərbi elitası Azərbaycan xalqının yanında oldu. Bu da Qarabağ münaqişəsi ilə bağlı prosesin uzanmasında maraqlı olan, həmin münaqişənin həllinə mane olan qüvvələrə bir ismarış idi. Eyni zamanda İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycanın qələbə paradında Prezident İlham Əliyevlə yanaşı, çiyin-çiyinə Türkiyə Prezidentinin orada yer alması, 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərə üç dəfə səfər etməsi, iki hava limanının istifadəyə verilməsində iştirak etməsi, Şuşa Bəyannaməsinin imzalanması və bütün bu addımlar Türkiyənin Azərbaycanın yanında olması ilə bağlı ciddi bir çağırış idi. Bu gün də bu proses davam etməkdədir. Əslində, indi də biz həssas dönəmdə yaşayırıq, elə ən azı 44 günlük vətən savaşında olduğu kimi. Çünki siyasi və diplomatik müstəvidə təkcə Ermənistana qarşı deyil, Ermənistana dəstək nümayiş etdirən bir sıra dövlətlərə, qüvvələrə qarşı mübarizə aparırıq. Belə bir həssas vaxtda bizim yanımızda olmaq, Azərbaycanın  haqlı mövqeyinə dəstək nümayiş etdirmək əslində, Azərbaycan üçün çox önəmli bir addımdır. Bunu xüsusi qeyd etmək lazımdır ki, bu proseslərin getdiyi vaxtda, Türkiyə prezidentinin Azərbaycana səfər etməsi, Cənubi Qafqazdan dünyaya ciddi mesajlar verməsi əslində, bizim gücümüzə güc, nüfuzumuza nüfuz qatır. Bu səfər də tarixi bir proses oldu. Bundan sonra biz Cənubi Qafqaz regionunun sabit, təhlükəsiz regiona çevrilməsi istiqamətində siyasətimizi davam etdirəcəyik”.

Ekspert əlavə edib ki, hazırda Rusiya-Ukrayna müharibəsinin getdiyi vaxtda, yuxarı və aşağı dəhlizlərin iflic vəziyyətə düşdüyü bir məqamda Azərbaycan dünyaya Cənubi Qafqazdan keçən Orta dəhliz kimi təhlükəsiz, sabit bir dəhliz təqdim edir:

“Təbii ki, bu dəhlizin bir tərəfində Mərkəzi Asiyadan uzaq Şərqə uzanmış bir yol keçir, digər tərəfində isə Azərbaycandan başlayaraq Türkiyə ilə davam edən Avropaya, o cümlədən də Qərb dünyasına yönəlmiş bir yol keçir. Orta dəhlizin əsas həlqələrindən biri Zəngəzur dəhlizidir. Hesab edirəm ki, bu gün orta dəhlizin reallaşdırılması, Avroasiya geosiyasətinin formalaşmasında, Avropa ilə Asiyanı birləşməsində bu dəhlizin çox ciddi önəmi var. Ərdoğanın prezident seçiləndən sonra Bakıya səfər etməsi və bir sıra ciddi mesajlar verməsi özlüyündə Azərbaycanda  keçmiş münaqişənin uzanmasında, Cənubi Qafqazda gərginliyin və narahatlığın davam etməsində marağı olan qüvvələrə ciddi bir mesaj idi”.

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR