İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan-Tramp görüşü dönüş nöqtəsi ola bilər

1094 14.11.2019 10:30 Siyasət A A

ABŞ-Türkiyə münasibətlərindəki problemlərin bir görüşlə həllini tapacağı inandırıcı olmasa da, iki ölkə arasındakı gərginliyin qismən azalacağı istisna deyil

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri başlayır. Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfəri bəzi müşahidəçilər tərəfindən bir sıra siyasi məsələlərdə fikir ayrılıqlarına görə gərgin münasibətlərin bərpası üçün bir imkan kimi qiymətləndirilir. Türkiyə prezidentinin amerikalı həmkarı Donald Trampla Vaşinqtonda görüşü ABŞ-la Türkiyə arasında yaşanan problemləri, gərginliyi azalda və ya aradan qaldıra biləcəkmi? Bu görüşün iki ölkə arasında münasibətlərə, ümumiyyətlə, regionda vəziyyətə hansı təsirləri gözlənilir?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Ərdoğan və Tramp görüşü razılaşmalar əldə ediləcəyi təqdirdə Yaxın Şərqdə çox həlledici dönüş nöqtəsi ola bilər. Lakin ən vacib bir məsələ yəqin ki, danışıqlar gündəliyində durur. Bu, Yaxın Şərq neftinin taleyi məsələsidir: “Xatırlayırsınızsa, ”Barış pınarı" əməliyyatı başlayan zaman Tramp ABŞ-ın Suriyadan çəkildiyini, lakin neft quyularının Vaşinqtonun nəzarətində olduğunu yazmışdı. Məlumatlara görə, YPG/PYD Suriya neftinin İsrailin "Global Development Corporation" şirkəti tərəfindən istismarına dair razılaşma imzalayıb. Suriya nefti kürdlərin vasitəsilə artıq İsrailin istifadəsinə verilib. Türkiyənin hərbi əməliyyatlarına cavab olaraq yəhudi lobbisinin Konqresin Nümayəndələr Palatasında saxta erməni soyqırımı iddiasının tanınmasına dair qanun layihəsini qəbul etməsi də bununla bağlı idi. Konqresdəki və ümumiyyətlə, ABŞ siyasi isteblişmentinə təsir imkanları olan yəhudi lobbisinin Türkiyəyə qarşı addımları ilk növbədə bu amillə bağlıdır. Konqresdə bu məsələni müzakirəyə çıxarmaqla yəhudi lobbisi Ərdoğan-Tramp görüşündə ABŞ prezidentinin mövqeyini möhkəmlədərək, Trampın İsrailin neft maraqlarının təmini üçün Türkiyədən güzəşt qoparmağa nail olunmasına çalışır.

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Məlumatlara görə, 2015-2017-ci illərdə kürd terrorçuları Suriyada Rakka, Deyr əz-Zor, əl-Haseki və s. ərazilərdə ümumilikdə 11 nəhəng neft-qaz bölgəsini ələ keçirərək, onların istismarına dair İsrail şirkətləri ilə razılaşmaya gəlmişlər. İsrail şirkəti ilə müqavilə Suriya Demokratik Şurası deyilən kürdlərin terror təşkilatı adından imzalanıb və ABŞ Maliyyə Nazirliyinin xaricdəki aktivlərə dəstək hüququ sənəddə əks olunub. İsrailin “İsrael Hayom” və ABŞ-ın “Los Angeles Times” qəzetlərində sözügedən şirkətin prezident Trampın razılığını gözlədiyi qeyd olunub. Yəqin ki, Tramp və Ərdoğan arasında bu məsələ əsas müzakirə mövzularındandır. ABŞ-Türkiyə münasibətlərindəki problemlərin bir görüşlə həllini tapacağı inandırıcı deyil".

Ekspert onu da dedi ki, görüşdə Trampın əsas məqsədlərindən birinin Türkiyəni Rusiya ilə ittifaqdan çəkindirməyə çalışması olduğu şəksizdir. Türkiyənin bu istəyə müsbət cavab verməsi isə indiki şərtlər daxilində gözlənilən deyil.

Bəzi təhlilçilər Ərdoğanın Suriyada əməliyyatların bərpa edilməsinə Trampın ən azı sükutla dəstəyini təmin etməyə çalışdığını deyir. Türkiyə prezidenti bu istəyinə də nail olacaqmı? Bu sualın da cavabı yəqin ki, yaxın günlərdə bəlli olacaq. Uzun müddətdir ki, ABŞ Konqresi kürdlərə qarşı hərbi əməliyyatlarına görə Türkiyəyə geniş sanksiyaların tətbiq edilə biləcəyi ilə hədələyir. Bu sanksiyaların bəzisi Ərdoğanın özünü hədəf alır. Bu hədələr dayanacağı halda Tramp-Ərdoğan görüşünün müsbət nəticələrindən danışmaq mümkün olacaq. 

Aslı Aydıntaşbaş ile ilgili görsel sonucu

Beynəlxalq Əlaqələr üzrə Avropa Şurasının təhlilçisi Aslı Aydıntaşbaş isə “Amerikanın səsi”nə bildirib ki, Tramp-Ərdoğan görüşü olduqca mühüm bir görüşdür: “İki ölkə arasında bir sıra problemlər var. Əslində münasibətlər heç vaxt indiki kimi pis olmayıb. Əlbəttə, hazırda Türkiyənin Suriyaya müdaxiləsi və ABŞ-ın etirazları kimi davam edən problem var. Orada baş verənlər olduqca dəyişkən xarakter daşıyır.

Lakin münasibətlərdə gərginliklərə baxmayaraq, belə görünür, iki prezident öz aralarında yaxşı əlaqələr qurub və Ankara bunun münasibətlərin bərpasına imkan verə biləcəyinə inanır. Bununla belə, Ankaranın fikir ayrılıqlarını yoluna qoymaq üçün bütünlüklə Trampa arxalanmsı riskli strategiya ola bilər. Ankara tərəfindən ən böyük strateji səhv münasibətləri bütünlüklə prezident Trampla-bir nəfərlə və onun tvitləri ilə bağlamasıdır. Bu, çox riskli bir yanaşmadır.

Ərdoğan Trampın Amerikadan döyüş təyyarələrinin alınmasına qoyulmuş embarqonu aradan qaldıracağına ümid edir. Tramp embarqonu Türkiyənin Rusiyadan S-400 raket müdafiə sistemləri almasından sonra qoyub".

Türkiyə mətbuatı isə Ərdoğanın səfəri ərəfəsində Trampın Ərdoğana kompromis məktubu göndərdiyi haqda məlumat verib. Verilən məlumatlara əsasən, Tramp Ankaranın Rusiya raketlərini aktivləşdirməməsi və gələcəkdə raket almaması müqabilində sanksiyaları aradan qaldıra bilər.

Bu ilin əvvəli ABŞ senatoru Lindsi Qraham eyni təkliflə çıxış edib, Ərdoğan isə bunu rədd edərək, ölkənin işlətmədiyi halda, nədən raket müdafiə sistemi almasını sual edib.

Bu arada “Röyters” Ağ Evdəki diplomartik mənbəyə istinadən məlumat yayıb ki, ABŞ-ın Suriya Demokratik Qüvvələri (SDQ) ilə əməkdaşlığı dayandırmaq niyyəti yoxdur. Mənbənin iddiasına görə, Türkiyənin Rusiyadan “S-400" hava hücumundan müdafiə sistemləri alması ətrafında yaranmış problem həll ediləndən sonra SDQ-yə verilən dəstək kəsilə bilər.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR