İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan kürdləri Trampdan ala biləcəkmi?

1245 19.09.2019 21:30 Dünya A A

ABŞ hökuməti Suriyanın şimalında fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri(SDQ) koalisiyasına silah-sursat və hərbi texnika yardımını davam etdirir. Bu barədə mətbuata ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi açıqlama verib.

Pentaqonun radikal qruplarla mübarizə fəaliyyət qrupunun direktoru Kris Mayer deyib ki, onlar SDQ-yə istifadəyə hazır silah və texnika verməkdə davam edirlər. Və əlavə edib ki, yardım şəffaf şəkildə verilir, hər ay Ankaraya yardımlarla bağlı məlumat verilir.

Maraqlıdır ki, bu açıqlama Türkiyə və ABŞ arasında Suriya-Türkiyə sərhədində yaradılacaq “təhlükəsizlik zolağı” müzakirələrinin davam etdiyi bir vaxtda verilib. Avqustda tərəflər Suriya-Türkiyə sərhədində birgə patrul həyata keçirməklə bağlı razılığa gəlib və hətta bir neçə dəfə amerikalı və türkiyəli hərbçilər patrul həyata keçirib. Ancaq tərəflər “təhlükəsizlik zolağının” uzunluğu və dərinliyi ilə bağlı razılığa gələ bilmir. Hal-hazırda bu müzakirələr davam edir.

Bir neçə gün əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər qarşıdakı iki həftə ərzində bu müzakirələrdən bir nəticə çıxmasa, o zaman Türkiyə öz fəaliyyət planı ilə hərəkət edəcək. Türkiyə prezidenti daha əvvəl 2016 və 2018-ci ildə həyata keçirilmiş və Suriya ərazisində bir sıra bölgələrin təmizlənməsi ilə nəticələnmiş “Fırat Kalkanı” və “Zeytin Dalı” əməliyyatlarını xatırladıb.

Ehtimal olunur ki, Ərdoğan gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında ABŞ prezidenti ilə görüşüb bu mövzunu müzakirə edəcək. Türkiyə tərəfi Trampla “təhlükəsizlik zolağı” mövzusunda ortaq fikrə gələ biləcəyinə ümid edir.

Lakin Vaşinqton hər bir halda kürdləri, yəni SDQ-ni dəstəkləməkdə qərarlıdır. Vaşinqtonun Ankara ilə müzakirədə əsas marağı məhz SDQ-nin qorunub saxlanması, başqa sözlə kürdlərin Suriyadakı hərbi-siyasi varlığını qorumaqdır. Meir açıqlamasında onu da deyib ki, Suriya-Türkiyə sərhədində “təhlükəsizlik mexanizmi” yaradılıb və regiondakı kürd silahlıları çıxarılaraq onların yerinə ərəb silahlılar yerləşdirilib.

Ancaq məlum olduğu kimi, ABŞ hökumətinin dəstəyi ilə qurulmuş SDQ formal bir qurumdur, bu koalisiyanın əsasını kürdlərin siyasi təşkilatı PYD və onun hərbi qanadı YPG təşkil edir. SDQ-yə qoşulan ərəb, türkmən və digər azlıqlar isə Vaşinqtonun dəstəyi ilə orda təmsil olunur və həlledici qərar da məhz kürdlərə məxsusdur. Türkiyə isə YPG-ni terror təşkilatı,, PKK-nın Suriya qolu hesab edir. Rəsmi Ankara “milli təhlükəsizlik üçün təhdid” adlandırdığı YPG-ni yaxın planda sərhəddən kənarlaşdırmaq, uzaq planda isə Suriyada muxtariyyət qurmaq və leqal hərbi-siyasi gücə çevrilməsinə mane olmağa çalışır.

Bu mənada hazırda Vaşinqtonun Türkiyə ilə danışıqları və birgə patrulu əslində kürdləri Türkiyənin hücumlarından qorumaqdır. Yaranacaq “təhlükəsizlik zolağı” isə məhz kürdlərlə Türkiyə ordusu arasında qoruyucu xətt missiyası həyata keçirəcək. Lakin zolağın uzunluğu, yəni əhatə edəcəyi ərazi və dərinliyi mövzusunda anlaşma hələ ki yoxdur. Türkiyə Suriyanın içərilərinə doğru 35-40 kilometr dərinlikdə bir zolaq tələb edir. Bu, kürd muxtariyyəti planlarını böyük ölçüdə pozur. Vaşinqton isə 20 kilometrə qədər (şərtlər daxilində - K.R.) zolaq verilməsini müzakirə edir. Kürdlər isə zolağın 5 kilometr olmasında israr edir. Və nəhayət, bu zolağın kimin tərəfindən nəzarət ediləcəyi də müzakirənin əsa detallarından biridir. Bu və digər mövzularda hələlik anlaşma yoxdur. Bununla bağlı son ümid isə Tramp və Ərdoğanın Nyu-Yorkdakı görüşü olacaq. Əgər bu görüşdən bir nəticə alınmasa, o zaman Türkiyənin qarşısında yeganə yol güc vasitəsilə dəhliz qurmaqdır.

Ancaq məsələ ondadır ki, hazırda bir tərəfdən Rusiya və Suriya hakimiyyəti bu mövzuda Türkiyəni dəstəkləyir, çünki Suriyada Amerika dəstəkli kürd siyasi idarəçiliyinin olması Dəməşq və Moskvaya sərf etmir. Digər tərəfdən Vaşinqtonun başı Çin və İran kimi daha ciddi mövzulara qarışdığı üçün kürdlərə görə Ankara ilə sərt qarşıdurmaya gedəcəyi inandırıcı görünmür. Bu mənada Ərdoğanın Nyu-Yorkda şansları nisbətən daha yüksək görünür. Əlbəttə, son qərarı liderlər regiondakı və dünyada proseslərin təsiri ilə verəcək.

Kənan Rövşənoğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR