İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərbəin başa çatdı, İraq yenidən qarışa bilər

990 22.10.2019 08:25 Dünya A A

İraqda bu ayın əvvəlindən başlayan və Ərbəin ziyarəti səbəbi ilə dayandırılan aksiyalar yenidən bərpa olunacaq

Şiə müsəlmanların qeyd etdiyi Ərbəin mərasimi başa çatıb. Oktyabrın 19-da İraqın Kərbəla şəhərində və dünyanın bir çox bölgələrində Ərbəin mərasimi qeyd olunub.

Hər il olduğu kimi, bu il də mərasimdə böyük izdiham qeydə alınıb. “Əş-Şərq əl-Avsat” qəzetinin yazdığına görə, İraq Nəqliyyat Nazirliyi builki Ərbəin mərasimlərində ümumilikdə 25 milyon insanın iştirak etdiyini açıqlayıb.

Qeyd edək ki, Ərbəin ərəbcə 40 mənasına gəlir. Hicrətin 61-ci ilində (680-ci il) Kərbəlada şəhid olan 3-cü İmam Hüseyn və tərəfdarlarının şəhid edilməsindən 40 gün sonra keçirilən mərasimə verilən addır. Dini mənbələrə görə, Aşura hadisəsindən 40 gün sonra Kərbəlaya gələn səhabə Cabir ibn Abdullah Ənsari Kərbəla şəhidlərini ziyarət edib, matəm saxlayıb. Daha sonra bu, ənənəyə çevrilib və hər il dindarlar Aşura ilə yanaşı Ərbəin, yəni 40-cı günü böyük izdihamla qeyd edir.

Ərbəin hicri təqvimlə səfər ayının 20-nə təsadüf edir. Tarixi rəvayətlərə görə, Aşura hadisələrindən sonra İmam Hüseyn (ə) və şəhid olan tərəfdarlarının başları kəsilərək nizələrə taxılır, sağ qalan ailə üzvləri də əsir alınaraq o zaman Kufə şəhərində oturan İraq valisinə aparılır. Kərbəlada sağ qalan qadın və uşaqlar əsir kimi piyada Kərbəladan Kufəyə qədər 90 kilometrə qədər yol gedirlər.

irak'da son durum ile ilgili görsel sonucu

Daha sonra Ərbəin ənənəsi məhz bu şəkildə yad edilir. İnsanlar Nəcəfə (sonralar Kufə yaxınlığında İmam Əlinin (ə) qəbri tapılaraq Nəcəf adlı şəhər salınır - K.R.) gedərək burada İmam Əlinin (ə) məzarını ziyarət edir və oradan Kərbəlaya qədər 90 kilometrə qədər məsafəni piyada qət etməklə bir zamanlar İmam Hüseynin (ə) ailə üzvü və övladlarının getdiyi yolu onlar kimi piyada gedirlər.

Bu ənənə uzun illər davam etsə də, Səddam Hüseyn hakimiyyəti illərində, o cümlədən daha sonra ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra müəyyən qədər zəifləyib. Lakin son 5 ildə Ərbəin yürüşü yenidən aktivləşib. Hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla yerli və əcnəbi Nəcəfdən Kərbəlaya Ərbəin yürüşünə qatılır.

Qeyd edək ki, bu il İraqda sosial və iqtisadi tələblərlə aksiyalar keçirilib. Əhali hökumətin yarıtmaz fəaliyyəti, korrupsiya, sosial xidmətlərin işləməməsinə etiraz edib. Ölkənin iri şəhərlərində keçirilən etirazlar zamanı 110 nəfər ölüb, 6 mindən çox insan xəsarət alıb.

irak'da son durum ile ilgili görsel sonucu

Lakin Ərbəin mərasimlərinin yaxınlaşması ilə əlaqədar olaraq etirazçılar aksiyaları dayandırıb. İraq əhalisi yerli və əcnəbi zəvvarların rahat şəkildə ziyarətlərini həyata keçirməsi, ibadətləri və onlara xidmət prosesinin ləngiməməsi, həmçinin asayişin pozulmaması üçün aksiyaları dayandırıb.

Lakin Ərbəindən bir gün sonra etirazçılar aksiyaların oktyabrın 25-dən etibarən bərpa olunacağını bildiriblər. Belə görünür ki, hökumətin etirazların dayanması üçün irəli sürdüyü təkliflər nəticə doğurmayıb. Adil Əbdülmehdi hökumətinin ölkədə vəziyyəti dəyişmək, etirazları yatırmaq üçün 3 gün vaxtı qalır.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR