İnsanlara hürriyət, millətlərə istiqlal!

Erablur dolana qədər... – ermənilərin qisas çağırışı bitmir

3596 20.06.2023 12:00 Yazarlar A A

 

Anadolu türklərin məğlubluq sindromunu lakonik şəkildə açan bir hikmətli kəlamı var, deyirlər: “Yenilən pəhləvan güləşə doymazmış”.

Bu, o anlamı verir ki, adamın rəqibi güclüdür, hər dəfə pəhləvanı yıxır, amma bundakı hirs-hikkə də qolunun gücündən qat-qat çoxdur, durur, israr edir: “Bu kov deyil, yenə güləşəcəyik”.

Beləcə, güləş davam edir, məğlubiyyət ardınca məğlubiyyət gəlir.

Bəs hazırda yenilən, yıxılan pəhləvanın yerində olan ermənilər nə vaxt pəs edəcək, yoxsa, bu yarışma onlar yıxana qədər davam edəcək?

Belə görünür ki, ermənilər bu yarışın, intriqanın, münaqişənin, müharibənin rəqiblərini, yəni bizi yıxana qədər davam etməsini istəyirlər.

44 günlük müharibədə onlar necə bir məğlubluq sindromuna uğramışdılarsa, uzun müddət, təxminən 1 il atəşkəsi yüngül çaplı silahlarla pozmağa belə cəsarət etmirdilər.

Yalnız toxtayandan, özlərinə gələndən, böyük təhlükənin sovuşduğunu görəndən sonra dirçəldilər, orda-burda qımıldanmağa, “qaçıb getməmişik, buradayıq, savaş davam edir” mesajı verməyə başladılar.

Düzdür, onlar hər dəfə o cür qımıldananda ağızlarının payını alır, sakitləşirdilər, amma hərbi əməliyyatlar qısamüddətli olduğu üçün 2020-ci ilin oktyabrındakı kimi təlaşa düşmürdülər, bir müddət susur, kol-kosa sinir, sonra yenə baş qaldırırdılar.

Budur, indi ermənilər özləri xəbər yayırlar ki, Azərbaycanla bütün təmas xətləri boyunca bir nömrəli hazırlıq elan edilib, sərhədə qoşun yığırlar. Hətta erməni sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq olunub ki, qarşılarına çıxan hərbi kolonların şəklini çəkib yaymasınlar.

Bu, əlbəttə, blef də ola bilər. Ermənilərin əlindən gəlməyən bir iş deyil, əksinə, onların siyasəti elə yalanlar üzərində qurulub: şərləmə, xoxgəlmə, faktları həyasızcasına danma və s.

Amma hər halda, bu, onların gerçək niyyətindən xəbər verir, o deməkdir ki, revanş hissi ilə alışıb-yanırlar, məğlubiyyətlə barışmaq, onun nəticələri ilə hesablaşmaq istəmirlər və sırf zor yoluyla, silahla, qanla vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər.

Zatən, müharibənin 3-cü ildönümünün yaxınlaşdığı bir zamanda Ermənistan və Azərbaycan arasında qalıcı sülh sazişinin imzalanmaması, rəsmi İrəvanın hər dəfə bir bəhanə ilə bundan imtina etməsi həmin revanşizmin əlamətidir.

Ermənilər düşünürlər ki, sülh sazişinə imza atana qədər nəsə bir təxribat törətsinlər, qısamüddətli bir hərbi əməliyyat keçirib itirdiklərinin bir qismini geri qaytarsınlar, sonra sülh sazişi imzalasınlar ki, erməni ictimaiyyəti həmin sazişi “kapitulyasiya aktı” kimi qarşılamasın.

Ancaq bu havayı səylərdir. Birincisi, ona görə ki, Azərbaycan hərbçilərinin də əli armud toplamır və silahları ağartı məhsulları ilə işləmir, güllə atan gülləyə gələcək, mərmi atan mərmiylə vurulacaq. O üzdən erməniləri revanş arzusu daha bir məğlubiyyətləri ilə sonuclanacaq. Hətta ola bilər ki, bu dəfə yıxılan pəhləvan yerə elə çırpılsın ki, bir daha ayağa qalxıb “yenə güləşək” deyə bilməsin.

İkincisi, Ermənistan ordusu təmas xəttində nəsə bir üstünlük qazansa da, erməni ictimaiyyəti istənilən sülh sazişini “kapitulyasiya aktı” kimi qarşılayacaq.

Çünki ermənilər mənfi mənada maksimalistdirlər, güzəştə getməyi, razılaşmağı bacarmırlar, ya qalib gəlib hər şeyə sahib çıxmaq istəyirlər, ya da məğlub olub hər şeyi itirir və onillərlə bunun kin-küdurətini aparırlar.

Halbuki qızıl orta deyilən bir şey var, ona qane olanda heç bir tərəf nə tam qalib, nə də tam məğlub olmur, ortada bir yerdə hər tərəf üçün əlverişli razılaşma əldə edilir, dinc, yanaşı yaşayış başlayır.

1988-ci ildə başlayan, 1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanan atəşkəs sazişi ilə başa çatan I Qarabağ müharibəsinin nəticələri ermənilərə çox sərfəli idi. Ellikcə havaya girmişdilər, qalib tərəf olaraq, “qəhrəman zinvorlar” dastanı bağlayır, şücaətlərini öyə-öyə bitirə bilmirdilər. Amma yenə leksikonlarında güzəşt söhbəti yox idi.

Azərbaycan tərəfi düzən Qarabağın işğal olunmuş rayonlarının geri qaytarılmasınə tələb edəndə ermənilərin və havadarlarının cavabı belə olurdu ki, o torpaqlar qanla alınıb. “Hələ bu dəfə Gəncəni də alacağıq” deyən axmaqlar da vardı.

Əslində isə həmin rayonların işğal olunduğu vaxt ermənilər elə bir ciddi itki verməmişdilər, boşaldılmış şəhər və qəsəbələrə, kəndlərə əl-qollarını sallaya-sallaya girmişdilər. Həmin rayonların geri alınması isə gerçəkdən də qanla başa gəldi və döyüşlərdə erməni tərəfi ikiqat artıq itki verdi.

Bax, indi onlar dolmuş Erablur qəbristanlığına, sıralanmış əsgər məzarlarına baxır və müharibənin necə dəhşətli, məğlubiyyətin necə acı bir şey olduğunu anlayırlar.

Fəqət, görünür, bunu anlayanların içində əzizlərini itirənlər yoxdur. Hazırda revanş arzusunda olanlar öz ailələrindən itki vermiyiblər və verməyəcəklər deyə belə odlu-alovlu qisas çağırışları edirlər.

Belə anlaşılır ki, onlar Erabluru tam doldurana qədər dincəlməyəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR