Mayın 7-də mərhum prezident Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri, millət vəkilləri, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərib, təhsilin inkişafı hər zaman onun genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub: "Ulu öndər tərəfindən əsası qoyulan inkişaf strategiyası ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə əhəmiyyətli işlər görülüb."Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində qarşıda mühüm hədəflər dayanıb. Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, məktəbəqədər təhsillə əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Dövlət başçısı tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Təhsilin məzmununun gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından yenilənməsi mühüm prioritetlərdəndir. Ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, növbəti tədris ilində 20 məktəbdə peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilib".
Ceyhun Bayramov ümumtəhsil müəssisələrində mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulmasının ən vacib məsələlərdən olduğunu deyib. Nazir son illərdə təhsil sahəsində aparılan islahatlar, görülən işlər və qarşıda duran vəzifələr barəsində də danışıb.
O, bildirib ki, son illərdə “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın icrasının təmin edilməsi istiqamətində keçirilmiş kompleks tədbirlər nəticəsində müəllimlik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb: "Ötən il 500-dən çox bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb. Son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub".
Təhsil naziri sonda müsabiqənin qaliblərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən baş nazirin müavini Əli Əhmədov müsabiqənin əhəmiyyətini diqqətə çatdırıb. Dövlət başçısının rəhbərliyi ilə son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan söz açan Əli Əhmədov ənənəvi olaraq keçirilən bu müsabiqənin mərhum prezident Heydər Əliyevin zəngin irsinin təbliğinə xidmət etdiyini bildirib: "Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlər xalqımız tərəfindən unudulmur. Bu tədbirdə Azərbaycanın gəncləri iştirak edirlər. Yəqin ki, zaldakıların əksəriyyəti 1993-cu ildə Heydər Əliyevin qayıdışı ilə dövlət quruculuğu prosesinin nizamlı şəkildə həyata keçirilməsi ilə tanışdırlar. Bu, bizim tariximizin ən yaxın hadisəsidir. Gənclərimizin bu tariximizlə yaxından tanış olmasına ciddi ehtiyac var. Bu gün Azərbaycan sözün həqiqi mənasında inkişaf etmiş, çiçəklənən, bütün dünyada uğurlu dövlət kimi tanınan məmləkətdir. Azərbaycanın sosial həyatı getdikcə yüksəlir və bu proses davam edir. İstər insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi, istərsə də ölkəmizin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu gün Azərbaycan gələcəyə inamla baxır. İndi insanlarımız övladlarının, özlərinin gələcəkləri ilə bağlı hansısa qorxu hissi keçirmirlər. Çünki bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir. Gündən-günə insanların rifahının artırılması istiqamətində yeni layihələr həyata keçirilir. Biz bunu son zamanlar cənab prezident tərəfindən imzalanan fərman və sərəncamlardan da görürük. Hər bir ailə, vətəndaş bu faydanı görməkdədir".
Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, deputat Səttar Möhbalıyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb, Heydər Əliyevin irsinin yaşadılması baxımından bu müsabiqənin rolunu diqqətə çatdırıb və qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər. Səttar Möhbalıyev bildirib ki, müsabiqənin bütün iştirakçılarına komitə adından 200 manat mükafat veriləcək.
Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət qısa videoçarx nümayiş olunub. Bildirilib ki, videoçarx Təhsil televiziyası tərəfindən hazırlanıb.
Daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 18 nəfər 3-cü dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Məlumat verilib ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.
Əli Rais,
Musavat.com,
Fotolar: Elçin Əkbərov






