İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən qanlı cinayətləri Baqramyan batalyonu törədib - Gürcü alim

Abxaziya müharibəsi zamanı dinc gürcülərə qarşı ən dəhşətli cinayətləri Baqramyan batalyonu törədib.

Trend-in məlumalına görə, bunu Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia bu gün Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O xatırladıb ki, Sovet İttifaqının süqutu dövründə abxaz xalqı arasında qeyri-müəyyənlik hissi güclənmişdi: "Bu, sadə abxaz insanını öz mövcudluğunun mənəvi dayaqlarından məhrum etdi və nəticədə Abxaziya xalqı siyasi vəziyyəti real olaraq qiymətləndirməyə mane olan mədəni travma aldı və abxazlar öz ölkələri – Gürcüstana qarşı mübarizəyə hazırlaşmağa başladılar".

Alim bildirib ki, öz ölkələri ilə mübarizədə abxazların Rusiyadan başqa müttəfiqi kimi erməni əhalisi çıxış etdi:

"Abxaziyada “Krunk” təşkilatının fəaliyyətini və 9 fevral 1993-cü ildə yaradılmış onun yetirməsi – “Baqramyan batalyonu” tərəfindən insanlığa qarşı törədilmiş cinayətləri dərindən gözdən keçirmək lazımdır. Abxaziya müharibəsi zamanı Baqramyan adına batalyonun döyüşçülərinin qəddarlığı və vəhşilikləri gürcü və erməni xalqlarının tarixində araşdırılmamış qalır".

Q.Marxulia qeyd edib ki, Gürcüstan Baş Prokurorluğunda Abxaziya müharibəsi zamanı dinc gürcü əhalisinə qarşı törədilmiş cinayətlər barədə 200 cildlik material saxlanılır: "Ən dəhşətli cinayətləri Baqramyan batalyonu törədib. Bu cinayətlər hamıya məlum olmalı və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır".

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR