İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən maraqsız seçki

872 27.10.2015 09:30 Yazarlar A A

Seçkiyə bir neçə gün qalıb. Sıravi vətəndaş üçün bu, sanki sıradan bir hadisədir. Məsələ ondadır ki, ötən seçkilərdə heç olmasa seçkinin imitasiyası olurdu. Bu dəfə isə seçkinin imitasiyası belə yoxdur. Ən başlıcası isə  Azərbaycan vətəndaşları da seçkilərə etimadını tam itirib.

Hər seçkidən sonra cəmiyyətin demokratikləşməsi istiqamətində insanların ümidləri sarsılıb. Azərbaycanda artıq demokratik mübarizə perspektivinin olmaması barədə rəy formalaşıb. Ona görə də seçkilərə münasibət bugünkü kimi  acınacaqlı vəziyyətdədir. Azərbaycan hakimiyyəti artıq beynəlxalq təşkilatlara qarşı da sərt ritorika ilə çıxışını davam etdirir. 
Artıq Azərbaycanda demokratik institutların yaradılması ilə bağlı rəsmi Bakıya hansısa mesajların verilməsinin perspektivinə Qərb təşkilatları, beynəlxalq qurumlar da inanmır. Kənardan görünən budur ki, Azərbaycan Rusiya ilə yaxınlaşmaq yolunu seçib. Bu baxımdan, rəsmi Bakı sanki Rusiya ilə başlı-başına buraxılıb. Kənardan belə bir rəy formalaşdırılıb ki, Azərbaycan öz seçimini edib və demokratik dünyadan, Avropadan, Avroatlantik məkana inteqrasiyadan uzaqlaşmaqla məşğuldur. 

Beynəlxalq təşkilatların bu seçkilərə münasibətinin indiki kimi olmasının əsas səbəbi budur. İndidən demək olar ki, növbəti parlamentin legitimlik məsələsi rəsmi Bakı üçün çox böyük problem yaradacaq.  Qarabağ danışıqlarında Bakı üçün ciddi maneə ola bilər. Bütün bunların əsas səbəbi cəmiyyətdir. Cəmiyyət itirdiyini geri istəmirsə, heç bir beynəlxalq təzyiq Azərbaycanda demokratik proseslərin başlanmasına rəvac verə bilməz.

Digər tərəfdən, seçkinin önəmi yeni hökumətin formalaşması ilə bağlıdır. Hər seçki yeni məmur, nazir dəyişikliyi və fərqli idarəçilik anlamına gəlir. Avropa ölkələrində hakim partiya təkrar iqtidar olursa, yenə də hökumətdə yeni komanda ilə təmsil olunur. Söhbət yalnız seçkilərin nəticələrinin şübhə doğurmasından da getmir. Konfiqurasiyaların da dəyişməz qalması ciddi böhran yaradır. 

İstənilən halda, siyasi müstəvinin dağıdılması, siyasi partiyaların sıradan çıxarılması hakimiyyətin əsas məqsədlərindən hesab oluna bilər. Bu baxımdan, proporsional seçki sisteminin ləğvinin bir partiyalı sistemlə sonuclanacağını anlayan beynəlxalq təşkilatlar mahiyyət etibarilə bu sistemə qayıdışı əngəlləmək istiqamətində təzyiqlərini davam etdirirlər. 
Bir sözlə, iqtidara yeni islahatlar zərfini təqdim edən və bunu reallaşdırmaq üçün danışıqların vacib olduğunu vurğulayanlar Azərbaycanda yaxın gələcəkdə demokratiyanın daha çox boğula biləcəyindən ehtiyat edirlər. Qərb anlayır ki, siyasi partiyaların ləğvi ona gətirib çıxarıb ki, ölkədə faktiki olaraq, klassik mənada siyasi partiya mövcud deyil. İslahat barədə nəinki fikir yürütmək, hətta düşünmək belə qadağandır.

Belə bir şəraitdə isə tək partiyalı siyasi sistem daha ağır formaya çevrilə bilər. Qərb hesab edir ki, proporsional sistemin bərpası ilə müxalifət partiyalarında canlanma yarana bilər.  Hesablamalara görə, son nəticədə bunlar demokratik inkişafa gətirib çıxarmalıdır. 

“Gülərqeyt qalmaqalı” da göstərdi ki, majoritar sistemin eybəcərliklərindən biri də odur ki, millət vəkilləri təsdiq edilmiş siyahı əsasında parlamentə düşürlər və bu zaman onların maliyyə imkanları da nəzərə alınır. 

Proporsional seçki sistemi isə həqiqi demokratiya quran ölkələrdə çoxpartiyalı sistemin oturuşmasına, güclü partiyanın formalaşmasına gətirə bilər. Odur ki, Azərbaycanda da bu sistemin bərpası məsələsi gündəmə gəlir...


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR