Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiya səfəri çərçivəsində növbəti görüşünü bu ölkədə fəaliyyət göstərən “Məhəmməd Əmin Rəsulzadə Məclisi”ndə keçirtdi. Qeyd edək ki, 2004-cü ildə Moskvada təsis olunan təşkilatın sədri Fizuli Fərəcovdur.
“Diaspor təşkilatları və Qarabağ” mövzusunda keçirilən müzakirələrdə ilk olaraq çıxış edən F.Fərəcov qonaqları və bütün iştirakçıları səmimi salamladıqdan sonra bildiridi ki, ümummilli problemlərin müzakirəsi baxımından bu kimi görüşlərin müstəsna əhəmiyyəti var. Təşçkilatın təsis olunması tarixindən bəhs edən F.Fərəcov dedi ki, 2004-cü ildə biz M.Ə.Rəsulzadə Məclisini yaradanda xalq artisti Flora Kərimova da tədbirdə iştirak edirdi: “Osman Sarıvəllinin oğlu Rafiq Qurbanov, Qasım Kərimov, Saleh Əliyev, Mərdan Feyzullayev kimi ziyalılarımızla birgə yaratmışıq bu təşkilatı”.
Təşkilat rəhbəri Qarabağla bağlı hamılıqla aktiv fəaliyyətə keçməyin zəruriliyindən bəhs etdi: “Bu gün bizim ermənilərlə dialoqa gedib onlara yaşadıqları torpaqların bizə məxsus olduğunu isbatlamağa çalışsaq, bu, vaxt itkisi olar. Ardıq bundan keçib. Professor Yaqub Mahmudov çox sağ olsun, onun rəhbərliyi ilə Tarix İnstitutu çox yaxşı işləyir, tarixi həqiqətləri nəşr etdirir. Biz Bakının azadığının ildönümündə tarixçi alim Solmaz Tohidini dəvət etmişdik. Sağ olsun, gəldi, tarixi faktlardan bəhs edən məruzə etdi. Biz heç vaxt düşmənin məkrli planlarını unutmamalıyıq. Daşnaksütyunun qərarı olub ki, birinci Zəngəzuru, ikinci Dağlıq Qarabağı, üçüncü Naxçıvanı götürməliyik. Görün necə məkrli düşmənimiz var ki, planlarına uyğun şəkildə hərəkət edirlər. Nəhayət, onun önünü kəsməli, cəzasını verməliyik. Biz torpaqları azad etmək üçün hərəkətə keçməliyik! Mən əminəm ki, gec-tez biz bu toprpaqları son qarışınadək geri qaytaracağıq!”
QAT sədri Akif Nağı diaspor üzvləri qarşısında çıxış edərkən öncə Rusiyada keçirdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşdü. “Biz bütün parametrlərinə görə ermənilərdən üstünük, amma təəssüf ki, problemlərimizə laqeyd yanaşmamız var”, - deyən A.Nağı qeyd etdi ki, hələ 1991-ci ildə Qarabağ məsələsini birdəfəlik həll etmək imkanı olub. O zaman Xankəndindən Bakıya gələn erməni nümayəndə heyətinin “Biz Azərbaycanın tərkibində qalmağa razıyıq. Bircə onu xahiş edirik ki, qoşunlar ərazidən çıxsın, milislər qalsın. Həmin qrup Xankəndinə qayıdandan sonra heyətin rəhbəri Valeriy Qriqoryana qumbara atıb onu öldürdülər. Ermənilərin başında dayanan şəxslər hətta o vaxt bizimlə danışıqların aparılmasına belə razılaşmadıalr. İndi mən onunla nə danışa bilərəm, əgər torpaqlarımı işğalda saxlayırlarsa...”
QAT sədri Qarabağ və İrəvanla bağlı tarixi həqiqətləri faktlarla təqdim etdi: “Vaxtilə Dağlııq Qarabağda yaşayan əhalinin 70 faizİ azərbaycanlılardan ibarət idi, bunu rus tarixçiləri də yazıb. Müzakirələr zamanı ruslara deyirəm ki, sizin bir kəndiniz var, “Çarskoe selo”, zamanında Çar gedib orada istirahət edirdi. Bizim xanın da istirahət yeri var idi - Xankəndi. Bunu hər zaman onlara demək lazımdır”.
A.Naği əlavə etdi ki, ermənilər Rusiyadakı azərbaycanlılarla yaxınlıq etməklə əslində öz məkrli niyyətlərini reallaşdırmaq istəyirlər: “Vaxtilə biz Ermənistandakı 300 min azərbaycanlını silahlandıra, qoruya bilsəydik, nə ordakı əhalimiz yer-yurdundan didgərgin düşəcəkdi, nə də Qarabağ işğal olunacaqdı. İndi də ermənilər Qarabağda möhkəmlənib, işğalı rəsmiləşdirsə, ondan sonra Naxçıvanı götürəcəklər, daha sonrakı planları bəlkə də Bakıya qədərdir. Ona görə də biz düşmənin planlarını pozmalıyıq. Biz ilk növbədə Zəngəzuru qaytarmalıyıq! 1921-ci ildə Zəngəzur ermənilərə verildi. Hansı ki, heç bir hüququ olmayan qərar idi. Niyə Naxçıvan anklav əraziyə çevrilməli idi? Unutmayaq ki, Ermənistanı ərazi və dövlət kimi Rusiya yaradıb. Çünki o dövrdə Rusyanın İranla, Türkiyə ilə düşmənçiliyi var idi. İstəyirdi ki, İran və Türkiyəyə qarşı Ermənistandan plasdarm kimi istifadə ersin. İndi artıq Moskvanın Ankara və Tehranla dostluq əlaəqləri var. Bu gün dostluq körpüsü lazımdır, bu körpü rolunu da Azərbaycan oynaya bilər”.
A.Nağı diaspor təşkilatlarını Qarabağ məsələsi ətrafında təşkilatlanmağa çağırdı: “Biz istəyirik ki, diaspor təşkilatları “Qarabağa azadlıq” ideyası üzərində təşkilatlansın. Mədəniyyətin təbliği məsələsini qarşıya qoyub onun ətrafında birləşsək, biz dərnəkdən uzağa gedə bilməyəcəyik. Bizi daha böyük ideya birləşdirməlidr, Qarabağ məsələsi kimi”.
Diaspor üzvü, Qarabağ döyüşçüsü Mircamal Ağa savaş illərini xatırlatdı. “Kəlbəcər işğal olunan zaman 16 gün mühasirədə qalmışam, amma erməniyə can verməmişəm”, - deyən veteran soydaşımız hər an döyüşlərə atılmağa hazır olduğunu bildirdi. Ardınca o, A.Nağıdan QAT-ın Qarabağın azadlığı ilə bağlı proqramını təqdim etməyi xahiş etdi.
QAT sədri bu haqda danışdıqdan sonra digər iştirakçılar çıxış etdi. Gülbaba Bayramov qaçqınların və məcburi köçkünlərin mənzillərlə təmin olunmasına toxundu. Dedi ki, əgər insanlar evlərlə təmin olunursa, onda belə çıxır biz Qarabağın ilhaqı ilə barışmış oluruq.
Lakin A.Nağı cavabında dedi ki, həmin qaçqınlara tikilən evlərin heç birinə order verilmir: “Sabah torpaqlar azad olunan kimi, qaçqınlar öz yurdlarına köçürüləcək. Həm də unutmayaq ki, torpağın cazibəsi başqa şeydir. O insanlar Bakıda nə qədər yaşasalar da, yenə qayıdıb öz yurdlarında ev tikəcəklər. Azad edildikdən sonra Qarabağ hamının torpağı olacaq. Bu gün hər kəsin ürəyindən keçir ki, Qrabağ azad olunsun, oradan torpaq alıb ev tiksin”.
Həll yoluna gəldikdə, QAT sədri dedi ki, biz hökuməti Qarabağ müharibəsini başlamağa məcbur etməliiyik: “İndi də o xətti yürütsək ki, yox, bu hakimiyyət getməlidir, bizim zərərimizə olar. Bu həval-ruhiyyə çox pis şeydir və dağdıcılıq planıdır. Çünki vaxtilə məhz belə mövqenin mövcud olması səbəbindən böyük ərazilər itirmişik”.
QAT Ali Məclisinin sədri Barat İmani çıxışında diaspor üzvlərini ruhdan düşməməyə çağırdı. Dedi ki, özü də Qarabağdakı ev-eşiyindən məhrum edilən yüz minlərdən biridir: “Mən başqa ölkədə yaşamıram ki, Qarabağa qayıtmayım. Lap tutaq ki, mən qayıtmıram. O halda torpaq işğalda qalmalıdır?! Dövlətin vəzifəsi torpağı qaytarmaqdır. Torpaq qayıdandan sonra hər kəs ordakı təmiz havanı udmaq üçün Qarabağa axışacaq, buna kimsənin şübhəsi olmasın!”
“Qarabağ heç yerə getməyib ki, biz onu qaytaraq. Bİz özümüz Qarabağa qayıtmalıyıq”- deyə, Hidayət Abbasov çıxışa başladı. Əlavə etdi ki, Rusiyada yaşayan azərbaycanlılar heç vaxt Qarabağı unutmurlar: “Keçirilmiş sorğunun nəticələrinə burdakı görə hər 10 azərbaycanlıdan 8-i Qarabağ haqqında düzgün məlumatlara malikdir, nəinki Bakıdakı azərbaycanlılar”.
Şirvan Kərimov danışıqların perspektivinə inanmadığını vurğuladı: “Sülh yolu ilə həll zamanı ancaq qarşılıqlı kompromisdən söhbət gedə bilər. Bu gün Zəngilanda doğulan erməninin bu gün 25 yaşı var, onunla necə sülhlə danışmaq olar? O hesab edir ki, Qarabağın Azərbaycana heç bir dəxli yoxdur. Odur ki, məsələnin həll yolu yalnız müharibədi!” Natiq Rusiyadakı diasporun fəaliyyətinə də toxundu: “Federal təşkilatın biri bağlanıb, digəri də zəiflədilib. Mən özüm Federal Milli-MədəniMuxtariyyatın vitse-prezidenti olmuşam, bu gün də Ağsaqqallar Şurasının üzvüyəm. Səpələnmiş, dağılmış vəziyyətdə uğur qazanmaq olmaz. Düzdür, bəzi regionlarda təşkilatlaırmız yerindədir, hökumətə də sözümüzü deyə bilirik. Əgər Rusiyanın 85 regionunun 48-ndə cəmiyyət sədrlərinin sözünü yerli hakimiyyətin nümayəndələri deyəcəksə, onda biz Rusiyada ictimai fiki formalaşdıra biləcəyik. O halda bizə olan etibar həm də bütün Azərbaycana olacaq. Bu gün 20-25 il əvvəlki dövr deyil. Bu gün internet əsridir. Tez bir zamanda təşkilatlanıb aksiyalar keçirmək imkanımız var. Biz QAT üzvü olmasaq da, hamımız qeyri-rəsmi şəkildə bu təşkilatın üzvüyük. Ancaq unutmayaq ki, torpaqlar işğal olunandan bəri bütün Azərbaycan kişilərinin papağı o yurdlarda qalıb. Mənim də papağım Zəngilanda qalıb, illərdir başı papaqsızam! Mənim vaxtilə Şuşaya köçən bacımın evində ermənilər yaşayır. Bir vaxtlar təklif etdim ki, Polad müəllimin (səfir Polad Bülbüloğlu-E.P.) yanında 7 nəfərlik şura yaradaq, lakin reallaşmadı. Xocal məsələsi ilə bağlı tədbirlər ehsan süfrəsinə çevrilib. Biz Ermənistan səfirliyinin qarşısında koordinasiyalı şəkildə aksiyalar keçirə bilərik. Ancaq qoy dövlət, səfirlik bizi təlimatlandırsın, parakəndə şəkildə olmasın bu işlər. Biz Azərbaycan dövlətinin qoyduğu qaydalardan bir addım kənara keçə bilmərik. Bizim mövqeyimiz Azərbaycan dövləti ilə, səfirlik vasitəsilə bir olmalıdır. Biz əvvəlcə yaşadığımız ölkədə elektorata çevrilməliyik, o halda bizimlə hesablaşacaqlar”.
***
Diaspor fəalı Azər Səfərov isə müharibəyə başlamağın riskli olduğunu söləydi: “Nə qədər ki, Rusiyanı Azərbaycana müttəfiq etməmişik, biz savaşa başlaya bilmərik. Rus ordusu erməninin arxasında dayansa, Azərbaycan uduzacaq, ona görə də ehtiyatlı olmaq lazımdır!”
“M.Ə.Rəsulzadə Məclisi”nin yaradıcılarından biri, tibb elmləri namizədi İlqar Məmmədov düşmənin məkrli siyasətindən bəhs etdi: “Ermənilər torpaqları işğal edib, indi də deyir gəlin dostlaşaq, qohum olaq. Onlar məsələni unutdurmaq istəyirlər. Buna imkan vermək olmaz! Biz ilk növbədə qələbə qazanmalıyıq, sonra onların dedikləri barədə düşünmək olar”.
İ.Məmmədov milli ruhda köklənməyə çağırdı: “Erməni Livanda yaşayır, ömrümndə Qarabağda olmayıb, amma gəlib müharibə başlayanda gəlib Qarabağda vuruşur, ona dəstək verir. Bizdə də milli ruh olmalıdır”.
O, QAT sədrinə üzünü tutaraq “diasporumuz zəifdir, amma sizin gəlişiniz stimul verir”, - deyib bu kimi səfərlərə təqdirlə yanaşdı.
Nə qədər zəif olsa da, Rusiyadakı Azərbaycan diasporu hələ öz sözünü deməyib”, - deyə Füzuli Fərəcov əlavə etdi.
Rusiyada böyük nüfuz sahibi olan diaspor nümayəndəsi Hacı Tahir Hacıyev bildirdi ki, A.Nağının çıxışından sonra QAT ilə daha sıx əməkdaşlıq etməyin zərurətini bir daha qəbul edib: “Bu təşkilat məsələləri düzgün qoyur və hər birimiz bu həqiqəti başa düşüb onlarla birlikdə hərəkət etməli, QAT-a hərtərəfli dəstək verməliyik”.
Rusiyadakı diasporumuzun gənc nümayəndəsi, “Moskva Azərbaycanlıları İcması”nın sədri Şamil Tağıyev çıxışı zamanı əvvəlcə ermənilərlə apardıqları mübarizələrdən bəhs etdi. Dedi ki, əksər hallarda ermənilərin ayrı-ayrı günlərdə keçirilən tədbirlər zamanı qondarma qurumun “bayrağı”nı qaldırmaqına görə münaqişələr, davalar baş verib: “Biz sonradan dərk etdik ki, mübarizə təkcə küçələrdə aparılmır, bəzən bir ərizə yazmaqla da mübarizə aparıb uğur qzanmaq olar. 2017-ci ildə biz bir ərizəni yazmaqqla Qarabağ separatçılarının “bayraq” adlandırdığı əski parçasının Rusiya tədbirlərində qaldırılmasına son qoyduq. Bu, Rusiyada rəsmən qadağan edildi. Yəni bir ərizə yazdıq, nəticəsi oldu. 2017-ci ildən bəri həmin bayraq Rusya ətazilərində qadağandır. Yaxud Moskvada ermənilərin Monte Melkumyan adına idman kompleksi fəaliyyət göstərir. Biz də buna bənzər idman kompleksi açdıq və orada gənclərimizi yetişdiririk”. Ş.Tağıyev ermənilərin “sayəsində” tez-tez onu Moskva milisinə çağrıldığını da bildirdi. Lakin qeyd etdi ki, bunlar onu çəkindirə bilməz.
“Şəhriyar” Şairlər Məclisinin sədri lər Vasif Məmmədov dedi ki, Rusiyada ukraynalılardan azərbaycanlılar çoxluq təşkil edir: “Amma gəlin görək Rusiyada Azərbaycan diasporu varmı? İlk növbədə milli-mənəvi dəyərləimizi qofruçub saxlamaq inkişaf etdirmək lazımdır. Allah Xudu müəllimə rəhmət eləsin, biz hələ tayfa fikrindən uzaqlaşa bilmirk. Ara Abramyan gələndə elə bil prezident gəlir, çünki ermənilərin milli konsepsiyası var. Bizdə hələ flormalaşma getməyib. Rusiya ictimaiyyətinin tanıdığı bir təşkilat AzərRosdur. Bu təşkilatı da vurdular. Söyün Sadıqovun vaxtında elə bir güclü təşkilat idi ki, tədbirlərinə Rusiya Dövlət Dumasının deputatları gəlirdi. Rusiyada 4-5 qəzetimiz nəşr olunurdu. Biz tayfa psixologiyasından çıxa bilmirik. Dövlət Dumasında, şəhər Dumasında bir deputatımız da yoxdur. Dövlətə bizim sözümüzü çatdıran adamlar olmalıdır. Biz hələ də yatırıq, bir-birimizi ittiham edirik. Paşinyan BMT-də elə danışır ki, biz küncə sıxılırıq, sanki günahkar bizik. Masa arxasında danışıb dağılışırıq, bununla iş olmaz. Ermənistandan 300 min nəfərimiz qovulub, adları heç yerdə yoxdur. Təbliğat işini qurmaq üçün maliyyə, vahid mərkəzdən idarə olunmaq, milli konsepsiya, milli ideya olmalıdır. Yoxdur! Ona görə də dünyanın ən nəhəng ölkəsində formalaşa bilmirk. Özü də ruslar çox gözəl millətdir. Günahı özümüzdə axtamalıyıq!”
Moskva şəhər Qərb İnzibati Dairəsi üzrə Milli-Mədəni Muxtariyyatın sədri Əli Kazımov isə çəkinmədən fəaliyyət göstərməyə çağırdı: “Xeyr, diaspor zəif deyil! Amma gəlin soruşaq, ayda kim ümumi fonda pul ayırır? Hərə 100 rubl da olsa, öz rayonunda vəsit ayırarsa, bunun özü də vətənpərlikdir. Rusiyada olan imkanlı azərbaycanlıların sayı dünyanın heç yerində yoxdur. Çatışmayan vətənpərvərlikdir. Pul olsa, hər şey olacaq. Biz özümüz burda bir dövlətik. Bizim vəkil də var, həkim də, ruhani də. Dövlətdən şikayətlənmək, narazılıq etmək doğru deyil”.
Ə.Kazımlov dedi ki, onun qardaşı Qarabağda şəhid olub: “Bu gün də əmr verilsə, hamıdan qabaq 3 oğlumu da götürüb döyüşə gedəcəyəm”.
Şair Sultan Mərzili “M.Ə.Rəsulzadə Məclisi”nə tədbirin təşkilinə görə təşəkkür etdi. “Əgər biz azərbaycanlı olaraq qala bilməsək, türklüyümüzü qoruya bilməsək, o torpaq da bizim olmayacaq. Daha sonra Sultan bəy yazdığı şeirlərdən oxudu.
İlahiyyatçı Asif İsrafilov azərbaycanlılıarın çox yaşadığı ölkələri sadalayaraq televizya yaradılmasını təklif etdi: “Biz Qarabağın azad olunmasının ardınca düşməməliyik. Bizim hədəfimiz Alagöz dağı olmalıdr!”
Görüşə Samara Vilayətindən gəlmiş Elmar Rəsulov da Qarabağın azadlığına çağırdı və məşhur “Ey türk, özünə dön, sən özünə dönəndə böyük olursan!” deyimini xatırlatdı.
Elşad PAŞASOY,
Musavat.com
Moskva