İnsanlara hürriyət, millətlərə istiqlal!

Emil Mustafayev: “Minval.az-dan ayrılmalı olsam, mətbuatdan gedəcəm”

3834 30.04.2016 07:20 Müsahibə A A
Minval.az saytı artıq Azərbaycanın rusdilli media məkanında özünə yer tutub. Xüsusən son Qarabağ döyüşlərində MDB, ümumilikdə rusdilli auditoriyanın gözü Azərbaycandan yayınlanan bu media orqanına da fokuslandı. Saytın gənc baş redaktoru Emil Mustafayevlə söhbətimizdə həm rusdilli medianın durumu, həm də rəhbəri olduğu minval.az-ın həyatından danışdıq.
 
- Minval.az-ın baş redaktoru... Mediada sizi belə tanıyırlar. Siz özünüzü bizə necə təqdim etmək istəyərdiz?
 
- Özümü elə Emil Mustafayev kimi təqdim etmək istərdim. Çünki məni əvvəlki, “Zerkalo” qəzetində işləməyə başladığım dövrdən belə tanyırlar. Harada işləməyimdən asılı olmayaraq, dost-tanış, siyasi çevrə belə  tanıyır.
 
- Mətbuata “Zerkalo”dan başlamısız.
 
- Bəli.
 
- Səhv etmirəmsə, yaşınız xeyli gəncdir...
 
- 24 yaşım var.
 
- Azərbaycanda 24 yaşında sayt baş redaktoru klassik mənzərə deyil. Təbii  ki, əgər saytı özün yaratmamısansa, sponsoru özün tapmamısansa... Sizdə hekayə necə oldu?
 
- Mən birinci kursda oxuyanda artıq işləmək istəyirdim. Sentyabrda dərslər başladı, oktyabrda mən iş axtarmağa başladım. Rus bölümündə təhsil aldığım üçün təbii ki, rusdilli mediada işləyə bilərdim. O vaxt da rusdilli media adına iki qəzet vardı - “Zerkalo” və “Exo”. Mən əslən Göyçaydanam. Bildiyimə görə də, “Zerkalo”da göyçaylılar hər zaman çox olub (gülür).
 
- (zarafatla) Nə əlaqə? Elçin Şıxlı əslən Qazaxdandır mən bilən... “Zerkalo” niyə göyçaylıların məskəni olub?
 

 
- Məncə, bir təsadüfdür. Amma bu, hər zaman belə olub. Ona görə də gəldim “Zerkalo”ya. Bir neçə dəfə redaksiyaya getdim, Elçin bəy yerində yox idi. Bütün ümidlərimi itirmişdim ki, bu iş alınmayacaq. Amma bir gün yenə bütün həvəsimi toplayıb dedim ki, mən başlamalıyam. Zəng etdim redaksiyaya, dedilər ki, Elçin bəy yerindədir. Katibədən görüş istədim və gəldim. Katibə isə məni Elçin müəllimə onun tələbəsi kimi təqdim etdi. O vaxt Elçin müəllim Bakı Slavyan Universitetində dərs deyirdi. Bəlkə də o, məni tələbəsi kimi təqdim etməsəydi, mən nə Elçin bəylə görüşə biləcəkdim, nə də işə başlaya.
 
- Amma siz onun tələbəsi deyildiz...
 
- Xeyr. Mən Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsində oxumuşam. Beləliklə, Elçin müəllim məni qəbul etdi, tələbəsi olmadığım anlaşılanda isə gəlişimin səbəbi ilə maraqlandı. İşləmək istədiyimi dedim. Hansı sahədə yazmaq istədiyimi soruşdu. Siyasətin mənə daha yaxın olduğunu dedim. Zəng vurub, Rauf Mirqədirovu çağırdı. Həmin vaxt siyasət şöbəsinə Rauf bəy və Azər Rəşidoğlu baxırdı. Elçin bəy məni ona təqdim etdi. Sonra otağa getdik və orada stajlı jurnalistlər oturmuşdu. Onlar mənə siyasətdən xeyli suallar verdilər və mən hamısına cavab verdim. Təbii ki, təəccübləndilər və dedilər ki, bəzən redaksiyaya 25-26 yaşlı jurnalist namizədləri gəlir və onlar bu sualların çoxunu cavablaya bilmirlər. Mən uşaqlıqdan siyasətlə maraqlandığım üçün bu mövzuları yaxşı bilirdim. Bir ay təcrübədə oldum və işləməyə başladım.
 

Bakıda rusdilli mətbuat azdır. Son Qarabağ hadisələri göstərdi ki, bu normal deyil. İnformasiya müharibəsində rusdilli medianın rolu çox böyükdür. Hətta ingilisdilli mətbuatdan daha effektivdir”

 
- Yollarınız minval.az-la necə kəsişdi?
 
- Təsadüfən. Əsgərlikdən dönmüşdüm, işləmək istəyirdim. “Zerkalo”ya getdim, orda vəziyyət yaxşı deyildi. Tələbə vaxtı minimal qonorarla dolanmaq olur, əsas təcrübə qazanmaqdır. Amma daha sonra ehtiyaclar artır və anladım ki, “Zerkalo”da davam etmək alınmayacaq. Köhnə kollektivdən isə çox az adam qalmışdı. Mənim jurnalist həmkarım Ülviyyə Axundova həmin vaxt dedi ki, minval.az-da vakansiya var. İki həftəlik staj keçdim və işə qəbul oldum.
 
- Azərbaycanda rusdilli media bazarının durumu necədir sizcə? Sayınız azdır. Bəs rəqabət? Mən tez-tez həmkarlardan eşidirəm ki, rusdilli oxucunu azərbaycandilli oxucudan fərqləndirən cəhətlər var. Nələrdir bunlar?
 
- Başlayaq oxucu məsələsindən. Mən dəfələrlə demişəm ki, azərbaycandilli oxucunu xəbərlə aldatmaq çox asandır. Əgər o, yalnız azərbaycan dilini bilirsə, onun informasiya baxımdan əhatə dairəsi çox kiçikdir. Onu bəzən dəxli olmayan başlıqlarla belə aldadan saytlar olur, bunu bilirsiz. Maraqlı başlıqlar olur, amma mətndə ciddi heç nə yoxdur. Rusdilli oxucu isə daha sərt, tələbkar və daha məlumatlıdır. Onu yalançı başlıqla aldatmaq qeyri-mümkündür. Biz onu saytda bir-iki dəfə aldatsaq, o, öncə saytın şərh bölməsində öz irad və narazılığını bildirəcək. Daha sonra facebook səhifəmizdən çıxacaq və bizi izləməyəcək. Bizə gələn reaksiya və müraciətlərdən gəldiyim nəticə budur ki, minval.az saytını çox ciddi adamlar oxuyur. Bu adamlar çox ciddi yerlərdə çalışırlar, əhatə dairələri genişdir. Bu insanlar sağlam düşünə bilir və müqayisə aparırlar. Bakıda rusdilli mətbuat azdır. Son Qarabağ hadisələri göstərdi ki, bu normal deyil. İnformasiya müharibəsində rusdilli medianın rolu çox böyükdür. Hətta ingilisdilli mətbuatdan daha effektivdir. Çünki hadisələr baş verəndə Rusiyadan, MDB məkanından daha çox oxucular bizi izləyirdi. Ermənistan oxucusu bu siyahıda üçüncü yeri tuturdu. Rus dilində xəbər almaq imkanı olan auditoriya böyük bir coğrafiyanı əhatə edir. Və onların çoxu da ingilis dilini bilmir. Bu coğrafiya Azərbaycan üçün həyati əhəmiyyətli coğrafiyadır. Ona görə də hökumət bu məqamda rusdilli mətbuata daha çox diqqət, dəstək ayırmalıdır. Əgər biz həqiqətlərimizi daha çox çatdırmaq, informasiya müharibəsində uğurlarımızı artırmaq istəyiriksə, bunu nəzərə almalıyıq. İndi ölkədə rusdilli sayt adına 5 sayt var. Aprel ayı boyunca bu media quruluşları böyük işlər gördülər. Əgər bizim sayımız 5 yox, 3 olsaydı, biz dünyaya heç nə çatdıra bilməzdik. Çünki Rusiya mətbuatı bizə qarşı işləyirdi. Biz daha çox onlarla mübarizə aparırdıq, nəinki Ermənistan mətbuatı ilə. Rusiya mətbuatı daha çox dezinformasiya yayır, öz müxbirlərini döyüş bölgələrinə göndərirdilər. Üstəgəl, bizim XİN-dən icazə almır və gedib ordan aldadıcı, yanlış xəbərlər, qərəzli reportajlar yayırlar.
 
 
 - Olduqca kiçik bir işçi heyəti ilə Rusiyadan, MDB ölkələrindən xeyli oxucunu ətrafınızda birləşdirməyi bacarmısız. İş bölgünüz necədir? Günün 24 saatı işləyirsizmi?
 

“Rusiya mətbuatı bizə qarşı işləyirdi. Biz daha çox onlarla mübarizə aparırdıq, nəinki Ermənistan mətbuatı ilə. Rusiya mətbuatı daha çox dezinformasiya yayır, öz müxbirlərini döyüş bölgələrinə göndərirdilər. Üstəgəl, bizim XİN-dən icazə almır və gedib ordan aldadıcı, yanlış xəbərlər, qərəzli reportajlar yayırlar”

 
- 4 nəfərlik heyətlə çalışırıq. Bu cür informasiya axını ilə belə kiçik heyətin işləməsi ciddi yükdür. Həftədə bir dəfə, bazar günü dincəlirik. Çünki dincəlməsək, ümumiyyətlə absurd olar. Sayt əvvəllər gecə saat 1-2-yə qədər işləyirdi. Aprel hadisələrindən sonra isə 24 saatlıq rejimdə, onlayn, operativ çalışırıq.  Bizim heyətdə vaxtilə İlkin Qəmbər (baş redaktor), rəhmətlik Zəfər Quliyev, eləcə də Yanina Mədətova var idi. İndi biz minimumla işləyirik. Amma hesab edirəm ki, bu, müvəqqətidir. Gələcəkdə biz bəlkə də yenidən toparlandıq və yeni güclə işimizə davam etdik. Hazırda isə minval.az-ın həyatında qısaca bir zəifləmə var. 
 
- Rusdilli oxucu sizi diqqətlə izləyir. Bəs siz özünüz nəyi , kimi izləyirsiz, iş həyatınızın prioritetləri nələrdir?
 
- Hazırda bizimçün Rusiya və Ermənistan mətbuatı prioritetdir. Onların yazdıqları, analizləri, siyasi şərhçilərinin fikirləri. Biz ölkəmiz adına, onun maraqları istiqamətində informasiya müharibəsi aparırıq və belə bir şəraitdə Amerikadakı seçkiləri prioritet götürə bilmərik.
 
- Yerli medianı izləmirsiz?
 
- Xeyr.
 
- Niyə? Ölkənin nəbzini tutmaq, informasiya əldə etmək üçün bu, vacib deyil?
 
- Yerli media adına mən ancaq müsavat.com saytını izləyirəm. Musavat.com saytına daxil olmaqla bütün gündəmin nəbzini tutmaq mümkündür. Çünki bu saytda xəbər zibilliyi yoxdur, ancaq vacib olan xəbərlər var.
 
- Bir redaktorun gündəlik həyat tərzi necə olmalıdır? Xüsusən də indiki informasiya rəqabəti şəraitində. Bütün gün gözün internetdə, vatsapla xəbərləşmədə, informasiyada... Siz eyni zamanda gəncsiz. Belə həyat tərzi sizin həyatınızdan oğurlamırmı?
 
- Mən düşünürəm ki, əvvəlki vaxtlarda olduğu kimi, qəzetdə işləsəydim, saat 10-da işə gələrdim. Əgər növbətçi redaktoramsa qəzet çapa gedən kimi mənim də iş saatım bitir və şəxsi həyatım başlayardı. Amma sayt redaktoru üçün bu, fərqlidir. Çünki onlayn rejimdə çalışırsan və şəxsi həyatın minimuma enir. Hansısa xəbəri operativ verməsək uduzuruq. Özü də oxucu bu məsələlərdə tələbkarlıqla yanaşı, nankorluq da edir. Bir az gecikdin, səndən ayrılır, gedib başqasının məhsulunu alır. Onu geri qaytarmaq çətin olur. Ona görə də 24 saat olmasa da, məcburuq ki, gecə saat 3-4-ə qədər xəbərləri izləyək, onu oxucuya çatdıraq. Xəbərdən ayrılmaq çətindir. Yanlış anlaşılmasın, amma xəbər narkotik kimidir, asılılıq yaradır. Oturub xəbərlə məşğul olanda, ona aludə olanda belə problem yaranır. Biz təkcə xəbərlə məşğul olmuruq. Eyni zamanda tam mənzərə aydın olsun deyə o mövzu ilə bağlı bütün gəlişmələri, xatırlatmaları da edirik.
 
- Bir az da şəxsi həyatdan danışaq. Sosial şəbəkədə sizi izləyənlər bilir. Gürcü nişanlınız var - Qoqnidze soyadlı. Əminəm ki, maraqlı bir “love story” danışa bilərsiz bizə. Tanışlıq, bir araya gəlmə... necədir hekayəniz?
 
- O gürcü deyil, tatardır. Soyadı gürcü soyadı olduğu üçün bir az çaşqınlıq yarana bilər. Amma onun atasının nəslində nə vaxtsa gürcü olub deyə o soyadı daşıyırlar. Amma ana tərəfdən Tovuzdandır.
 
- Nə qəribə? Gürcü soyadlı, atası tatar, anası tovuzlu... bir nişanlı. Bu xanımla harda tanış olduz? 
 
- Mənim sinif yoldaşımın və onun rəfiqəsinin toyunda. Çox gözlənilməz oldu. Bizdə adət belədir ki, insanlar toya kiminləsə tanış olmaq üçün gedirlər. Mənim özümə də təəccüblü gəlir ki, bu banal tanışlıq hekayəsi niyə mənim başıma gəldi (gülür).  Çünki bunun əleyhdarı olmuşam hər zaman. Nişanlıyıq, avqustda da toyumuz olacaq.
 
- Gələcək planlarınız... deyə soruşum.  Media sahəsində qalmaq, başqa bir sferada davam etmək, ya?..
 
- İndiki vəziyyəti hamımız bilirik. Bütün media üçün çətindir. Minval.az isə yeganə saytdır ki, reklamsız fəaliyyət göstərir. Səbəblərini bilmirəm, amma bizə reklam vermirlər. Yalnız şəbəkə reklamları ilə kifayətlənirik. Ölkədə reklam bazarı müəyyənləşdirilir. Bəlkə bizim müstəqilliyimiz kimisə qıcıqlandırır.
 

““Rus dilində xəbər almaq imkanı olan auditoriya böyük bir coğrafiyanı əhatə edir. Və onların çoxu da ingilis dilini bilmir. Bu coğrafiya Azərbaycan üçün həyati əhəmiyyətli coğrafiyadır. Ona görə də hökumət bu məqamda rusdilli mətbuata daha çox diqqət, dəstək ayırmalıdır”

 
- Bəlkə bu, “Yeni Müsavat” Media Qrupuna daxil olduğunuza görədir, sizi müxalifyönlü hesab edirlər?
 
- Bizdə əvvəllər saytın rəhbəri İlkin Qəmbər idi. Həmin vaxt üzərimizdə müxalifətçi yarlığı var idi. Ötən ilin iyun ayından etibarən sayta mən rəhbərliyə gəldim. Bu bir ildə buna nail olduq ki, artıq bizə heç kim müxalifətçi demir və hesab edirəm ki, bu, normaldır. Hazırda minval.az-dan çox razıyam. Burda çox böyük azadlıqlar var. Amma işdi nəsə problem yaransa, mən minval.az-dan ayrılmalı olsam, mətbuatdan gedəcəm. Çünki hazırda söz azadlığının qorunduğu ikinci belə məkan yoxdur.
 
Sevinc TELMANQIZI
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR