İnsanlara hürriyət, millətlərə istiqlal!

Emil Mustafayev: “Erməni saytlarına qarşı onların üsullarıyla mübarizə aparmayacağıq”

1155 26.10.2017 17:53 Gündəm A A

Minval.az saytının baş redaktoru: “Erməni saytlarının informasiya təxribatını MN-in mətbuat xidməti ilə koordinasiyalı şəkildə neytrallaşdırdıq”

Xəbər verdiyimiz kimi, Ermənistanda fəaliyyət göstərən Times.am saytı Azərbaycan ordusuna və "Yeni Müsavat" media qrupuna qarşı təxribata əl atıb.

Erməni saytının dünənki buraxılışında "Azərbaycan hərbçisi Gürcüstana qaçıb" başlıqlı yazı yerləşdirilib. Yazıda media qrupumuza daxil olan rusdilli Minval.az saytına "istinadən" göstərilir ki, azərbaycanlı zabit Valeh Qarayev fərarilik etməyə məcbur olub, çünki o, ya erməni gülləsindən öləcəkmiş, ya da məsuliyyətə cəlb olunacaqmış.

Erməni saytı həmin materialın minval.az saytında getdiyini "sübut edən" kollaj da hazırlayıb.

Minval.az saytının baş redaktoru Emil Mustafayev musavat.com-a açıqlamasında bu olayla bağlı geniş açıqlama verdi. Müsahibimiz öncə hadisədən necə xəbər tutduqlarını danışdı.

-Bununla bağlı bizə oxucular məlumat verdi. Biz hər gün erməni saytlarının monitorinqini aparırıq. Vacib xəbərlər, Qarabağ konflikti ilə bağlı ən yeni məlumatlarla tanış oluruq. Mənə xəbər verdilər ki, bizim saytımızda guya ki, belə bir xəbərin yayılması ilə bağlı Ermənistan mediası informasiya yayıb. Xəbəri yayan Ermənistanın nüfuzlu media orqanlarından biri – aysor.am idi. Onlar da times.am saytına istinad etmişdilər. Xəbəri ilk mənbədən oxuyanda keçid linkinin olduğunu gördük və ora keçəndə gördük ki, həqiqətən də ilk mənbə times.am saytıdır. Fake xəbər yayıb, kollaj da düzəldiblər. Kollaja baxarkən məlum olur ki, guya gecə saatında bizdə belə bir xəbər gedib. Amma araşdıranda bu xəbərin saytda getmədiyini təsdiqləmiş olduq. Bizdə elə xəbər də ola bilməz. Biz bütün hərbi məlumatları Müdafiə Nazirliyinin saytından götürürük. Çünki biz müharibə vəziyyətindəyik. Hər hansı yanlış xəbər ölkənin və ordunun nüfuzu üçün ciddi problem yarada bilər. Biz gördük ki, erməni saytları belə bir xəbər yayıb, başqaları da ona istinad edərək daha çox yaymağa cəhd edib.

 



-Nə məqsəd güdür bu təxribat? Sizin saytı nüfuzdan salmaq, yoxsa Azərbaycana qarşı informasiya savaşında düzgün olmayan üsullarla bir addım qabağa çıxmaq?

-Məqsəd Azərbaycan ordusu və informasiya portalı üçün hansısa problem yaratmaq idi. Yəni, yalandan xəbər yayırdılar ki, Azərbaycan hərbçisi Gürcüstana qaçırsa, bu, ordunun imici üçün olduqca böyük zərbədir. Daha bir məqsəd isə saytımızı da bu informasiya savaşında qəbulolunmaz üsullarla vurmaqdır. Onlar minval.az saytına problem yaratmaq, bizim Müdafiə Nazirliyi ilə münasibətlərimizə zərbə vurmaq istəyiblər. Ən önəmlisi isə saytla oxucular arasında inamsızlıq mühiti yaratmaqdır. Çünki gerçəkdən belə xəbər yayan sayta oxucunun ilk sualı bu olacaq ki, siz ermənilərə işləyirsiz?

-Problem necə yoluna qoyuldu?

-Biz operativ şəkildə duruma müdaxilə etdik. Saytda xəbər çıxdı ki, belə bir informasiyanı biz verməmişik. Erməni kolleqalarımıza bizi oxuduqları və həssaslıqla izlədikləri üçün “təşəkkür” etdik. Saytımızı monitorinq etdiklərinə görə “çox sağ ol” dedik. Bu, bizim işimizə stimul verir. Amma dezinformasiyanın belə cılız və çirkli üsullarına əl atmaq doğru deyil. Baxmayaraq ki, biz düşmən ölkələr sayılırıq və bütün sferalarda müharibə aparırıq, bu cür mübarizə üsullarının qəbuledilməz olduğunu dedik. Çünki fake xəbərlərin dərəcəsi var. Bir var fake xəbər yayırsan və heç kimə istinad etmirsən. Amma bir də var ki, fake xəbər yayır və hansısa media orqanına yalandan istinad edirsən, yalan sübutlar təqdim edirsən. Biz erməni saytlarını çoxdan izləyirik. Amma indi erməni mətbuatı Azərbaycana qarşı yeni informasiya müharibəsini saxta üsullarla davam etdirir. Bir həftə əvvəl buna bənzər hal vesti.az saytına qarşı olub. Eyni şeyi times.am saytı yaymışdı. Olmayan xəbəri olan kimi təqdim edib, screen şot əvəzinə kollajı sübut kimi təqdim etmişdilər. Bu da olduqca yolverilməz üsul idi. Bu məsələdə Müdafi nazirliyinin mətbuat xidməti də yaxşı işlədi. Xidmətin rəhbəri bizimlə dərhal əlaqə saxladı, müvafiq açıqlama verdi və biz erməni saytlarının kiçik bir informasiya təxribatını MN-in mətbuat xidməti ilə koordinasiyalı şəkildə neytrallaşdırdıq.

-İnformasiya müharibəsində eyni üsuldan siz də istifadə edərsinizmi?

-Xeyr, biz onlara adekvat zərbə ilə cavab verməyəcəyik. Çünki birincisi, jurnalist etikasına uyğun deyil. İkincisi isə bunu yazanda öz oxucularımız da bunu oxuyacaqlar. Bu, aşağı sort mübarizədir. Eyni zamanda saytın nüfuzunu aşağı sala və oxucuların bizə inamını azalda bilər.

2b275888-157e-4dcc-bce2-06f65a82fcff.jpg (105 KB)

Sevinc TELMANQIZI,
musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR