İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏMƏLİYYAT STOLUNDA ÖLƏN XƏSTƏNİN YAXINLARINA DƏYƏN ZİYAN ÖDƏNMƏLİDİRMİ?

2853 01.04.2010 09:22 Ölkə A A
Əməliyyat zamanı xəstə dünyasını dəyişib, bundan  sonra onun yaxınları ödənmiş məbləğin bir qisminin geri ödənməsini tələb etsələr də, bu, mümkün olmayıb: “Xəstəxananın direktoru Melikşah N.Acunar və onun həkim komandası tərəfindən hüquqlarım pozulub. Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciətimin də faydası olmayıb. Məsələ belə olub: 11 avqust 2008-ci ildə qardaşımı ürək ağrılarına görə Mərkəzi Kliniki Xəstəxanaya apardıq. Müayinədən sonra kardioloq dedi ki, cərrahi əməliyyata ehtiyacı var. Əməliyyat üçün 8 min manat ödənməli olduğunu bildirdilər və bizə vəd edildi ki, əməliyyatdan sonra xəstə sağ-salamat evinə qaytarılacaq. Mən ailə üzvlərimlə birgə evimizi girov qoyaraq 8 min manatı borc pulla tapıb verdik, pul banka köçürüldü və bizə qəbz verildi. Növbəti gün qardaşım əməliyyata götürüldü və əməliyyat zamanı dünyasını dəyişdi. Qanun çərçivəsində mənə dəyən ziyanın yarısı geri ödənməlidir. Lakin məbləğ nəinki ödənir, xəstəxana rəhbərliyi cəfəngiyyat dolu cavabı ilə bizi ələ salır”.
Melikşah N.Acuner S.Günəşovaya yazdığı cavab məktubunda bildirir ki, xəstəxana tam təsərrüfat hesablı olduğundan aparılan müalicənin nəticəsindən asılı olmayaraq geri ödəniş mümkün deyil: “Mərkəzi Klinika MMC-nin dövlət büdcəsindən maliyyələşmədiyini nəzərə aldıqda, əlbəttə, klinikaya müraciət edən hər bir xəstə ona göstəriləcək tibbi xidmətlərin nəticəsindən asılı olmayaraq xidmətlərin ödənişli olduğunu əvvəlcədən bilir. Eyni zamanda qeyd edirik ki, tibbi xidmətin qiymət cədvəlinə əsasən dəyəri görülən işin qarşılığı olan məbləğdir. Əməliyyat zamanı tibbi texnologiyanın xidmətindən, tibb personalının əməyindən, dərman və tibbi sərflərdən istifadə olunub ki, sizin də ödədiyiniz məbləğ tamamilə xəstəyə göstərilən tibbi xidmət üçün istifadə olunub”.
Klinikanın direktoru yazır ki, xəstə cüzi fiziki gərginlik zamanı artan təngnəfəslik, ürək döyünməsi, ara-sıra müşahidə edilən qanhayxırma, sol aşağı ətrafın şişkinliyindən şikayətlənərək müraciət edib. Müayinələrdən sonra aparılan kardiocərrahi konsiliumun nəticəsinə görə xəstə yüksək riskli cərrahi əməliyyata götürülüb: “Xəstəyə və yaxın qohumlarına  əməliyyatın mahiyyəti, ölüm də daxil olmaqla, yarana biləcək ağırlaşmalar barədə məlumatlar verilib, xəstənin özü və yaxınlarının şifahi və yazılı razılığı alınıb. Xəstə üzərində ”Sağ mədəciyin kütləsi (trombu), ağ ciyər arteriyasının trombektomiya" cərrahi əməliyyatı icra olunub. Əməliyyatdan sonra erkən dövrdə xəstədə kəskin ürək çatışmazlığı müşahidə olunub. Lakin göstərilən lazımi müalicə tədbirlərinə baxmayaraq, ağırlaşmalar davam edib və aparılan tədbirlər müsbət nəticə verməyib 13.08.2008-ci ildə xəstənin bioloji ölümü təsdiq edilib. Ölümə səbəb kəskin ürək çatışmazlığı və ağciyər tromboemboliyası olub. Qeyd edim ki, xidmətlər tamamilə tibbi təyinatlar çərçivəsində aparılıb və müalicə həkimi tərəfindən hər hansı tibbi səhvə yol verilməyib. Onu da qeyd edim ki, klinikamızda aparılan heç bir əməliyyat barəsində “zəmanət” verilmir".
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, tanınmış vəkil İradə Cavadovanın bildirdiyinə görə, əgər cərrahi əməliyyatın qiyməti barədə öncədən xəbərdarlıq edilibsə və xəstənin yaxınları tərəfindən məbləğin qəbzlə ödənişi aparılıbsa, faydalı nəticə olmadıqda tibbi sərflərə xərclənən vəsaitlər çıxılıb qalan məbləğ qaytarıla bilər: “Amma əgər xəstə ağır vəziyyətdə gəlibsə və razılıq ərizəsi ilə əməliyyat olunubsa, təbii ki, nəticəsindən asılı olmayaraq həkim personalı məsuliyyət daşımaya bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR