İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdaşımız İstanbuldakı Madam Tüsso muzeyində gördüklərindən yazır - VİDEO-FOTOLAR

4240 01.10.2017 15:35 Reportaj A A

Atatürkdən Messiyə qədər... hamı orda idi

İstanbula gələnlərin yolu burdan mütləq keçir. Daha doğrusu, Londonda, Berlində Madam Tüsso muzeyində olmamısızsa, Türkiyənin bu gözəl şəhərində ora mütləq baş çəkməlisiniz. Adını mum heykəl utası Maria Tüssaüddən alan Madam Tüsso Londonun ən böyük ziyarət nöqtələrindən biridir. Sadəcə London yox təbii ki. Dünyanın dörd bir tərəfinə şöbələrinin açılması ilə çoxsaylı ziyarətçilər məşhur insanların mum heykəllərinə yaxınlaşmaq fürsəti yaxalayırlar. Dünya liderlərindən sənətçilərə, musiqiçilərdən elm adamlarına və idmançılara qədər fərqli mum heykəllər nümayiş etdirən muzey 21-ci şöbəsi ilə İstanbulda...

25 MANATLIQ BİLET VƏ SİZİ MUZEYİN GİRİŞİNDƏ QARŞILAYAN ATATÜRK

Musavat.com-un əməkdaşı bu dəfə internet bilgiləri əsasında yox, muzeyi canlı-canlı görüb, ordan yazı yazmaq fürsəti əldə etdi. Budur, şəhərin Bəyoğlu səmtində, yəni, mərkəzdə cəlbedici elanı ilə Madam Tüsso İstanbul. Ziyarətçilərdən biri də bəndəniz. İçəri girib, bilet alıram. Həftənin cümə günü olduğu üçün ziyarətçilərin sayı nisbətən azdır. Bu da o deməkdir ki, mum heykəllərə rahat-rahat baxıb, şəkil və video çəkdirmək imkanım olacaq. Amma bilet qiyməti o qədər də qonaqpərvər deyil – 50 TL (25 AZN) Jurnalist olmağım işə keçmir. Daha doğrusu,Türkiyədə keçərli olan “sarı basın kartım” olmadığı üçün bilet pulunu ödəyib, içəri keçirəm. Liftə minirəm, yuxarı mərtəbəyə qalxıram. Öncədən deyim ki, muzeydə rahat-rahat gəzmək üçün sizə ən azı 1 saat lazımdır. Yox, əgər hər bir fiqurun yanından şəkil çəkdirmədən, külək kimi ötmək fikriniz varsa, o halda 10 dəqiqə də bəsinizdir.

Muzeydə ən çox kimi görmək istərdiniz… deyə soruşsaq, türklərin cavabı ilk növbədə Mustafa Kamal Atatürk olar. Odur ki, muzeyə girən kimi ziyarətçiləri də mavi gözləri və şıq görüntüsü ilə ilk qarşılayan şəxs öndər Atatürk olur. Muzeyin girişi tarixi şəxsiyyətlərlə doludur. Fatih Sultan Mehmet, Kanuni Sultan Süleyman, Memar Sinan və ardınca Mövlana qarşıma çıxır. Mövlanaya aid tarixi sənədlərdə bir məlumat olmadığından heykəl üçün 22-ci nəsildən olan nəvəsi Faruk Çələbinin bədən cizgilərindən istifadə olunub.

Tarixdən bir qədər ayrılırıq. Bundan sonrakı bölüm elm və idman fiqurları ilə zəngindir. Türkiyənin tanınmış roman ustası sayılan Yaşar Kamal bir kresloda oturub. Tam qarşısındakı boş kresloda isə ziyarətçilər oturur. Hərəsi bir foto çəkdirir. Beləcə, sosial şəbəkədə “roman ustası ilə söhbət keyfi” başlıqlı fotoların paylaşmasına da zəmin yaranır.

Sağa dönün, burada da Leonardo da Vinci və ən tanınan əsərlərindən olan Mona Liza var.

Bu da bir başqa düha - Albert Eynşteyn. Onunla düz üzbəüz isə modern dövrün dahilərindən olan Stiv Cobsun heykəli var.
Klassik musiqini unutmaq olarmı? Pianosunun yanında poz verən musiqi dünyasının dühası Volfqanq Amadeus Motsart da təsirli heykəlləri ilə yer alır.

HEYKƏLLƏR O QƏDƏR CANLI Kİ.. – ARDANIN TOPU SİZİN ÜSTÜNÜZƏ ATACAĞINIZDAN EHTİYATLANA BİLƏRSİZ



Yeni bir otağa keçmək istəyəndə… O da kim? “Hababam sinifi”nin güləyən Hafizə anası, bəstəboy aktrisa Adilə Naşit. Onun da məhz sözügedən filmdəki obrazının mum heykəlini hazırlayıblar. Əlində çay padnosu ilə.

İdman bölməsinə keçək indi də. Qabağımıza boksun əfsanə ismi Məhəmməd Əli çıxır. 100 metrlik qaçışını dəfələrlə izlədiyimiz Ussain Boltla salamlaşın. Messini də unutmayaq. O da burdadır və qol atan yerdə heykəli hazırlanıb. Amma o qədər canlı ki. Bu dəqiqə top başınıza dəyəcəkmiş kimi… ehtiyatlanırsız. Türk idmançıları da unutmayıblar. Adı üstündə - Madam Tüsso İstanbul. Hidayet Türkoğlu basketbol oynayır, Arda Turan qol sevincini göstərir.

Muzeyin ən bol çeşidli bölməsi isə heç şübhəsiz ki, musiqi və kinodur. Maykl Cekson və Madonna olmadan belə bir muzey düşünülə bilməz.



“Arkadaşım eşşek” kimi bir mahnını klassikaya çevirməyi bacaran, qol düymələrinin dəyərini öz bənzərsiz səsi ilə birə min qat artıran ölməz sənətkar Barış Mançonu da burda aksesuarları ilə yaxından görmək imkanı var. Zəki Mürən möhtəşəm kostumu, Mazhar Fuat Özkan isə səhnədə yer alır. Möhtəşəm üçlük sanki bir azdan beləcə də oxuyacaq: “Benim hala umudum var…” Muzeyə gələnlərin böyük qismi arxadakı ansamblda yer alıb, şəkil çəkdirir.

Beyonce, Rihanna, Justin Bieberi də yaddan çıxarmayaq. Brad Pitt, Angelina Jolie,Bruce Willis, Johnnie Depp, Marilyn Monroe, David Beckham, Victoria Beckham… Kimlər yox ki, burada? Hamısı dəbdəbəli heykəlləri ilə göz qamaşdırır.
Audrey Hepburnu da yaddan çıxarmayaq. Bir masada əllərini çənəsinə qoyub oturub. Çox güman ki, “Breakfast At Tiffany’s”dən bir səhnəni canlandırır.

55 MUM HEYKƏL – HƏR BİRİNİN ÖZ HEKAYƏSİ



Müasir türk aktyor-aktrisalar da var. Beren Saat şıq bir gecə geyimi ilə sanki canlıdır. Kerem Bursin bir qıraqda yerləşdirilib. Kıvanç Tatlıtuğ isə skamyada oturub və yanında özünüzə yer edib, şəkil çəkdirmək imkanınız var.



Bu arada… İstəyənlər əlinin bir mum heykəlini hazırlada bilər. Bunu rəngli və ya işıqlı hala gətirmək də mümkündür. Proses çox uzun deyil, amma mum bir az isti olduğu üçün dözmək lazımdır. Gözəllik qurban tələb edir.

Hazırda muzeydə 55 ədəd mum heykəli var. Amma bu rəqəmin artırılacağı da gözlənir. İndi siz soruşa bilərsiz ki, niyə bu məşhurlar seçildi? Fiqurların seçilməzi üçün uzun bir araşdırma və qrup sorğuları aparılıb. Uzun siyahıdan çıxan araşdırma nəticəsinə görə məşhur adlar seçilib.

BU HEYKƏLLƏR NECƏ HAZIRLANIR?

Mum fiqurlar üçün hazırlıq müddətində sağ olan insanlar üçün İstanbul, Barselona və Los Ancelesdə 3 saata qədər davam edən detallı foto çəkimi və ölçü götürülməsi prosesi baş verib. Öncə üç boyutlu modelləmə aləti ilə məşhurların üzlərinin maskarı hazırlanıb. Hazırlıq mərhələsində isə bir heykəltaraş tərəfindən üç boyutlu modelləmə ilə hazırlanan maska və digər ölçülər baza olaraq seçilib və büstlər hazırlanıb. Bu büstlər əsasında çıxarılan qəliblərin içinə isə mum doldurulub.

Prosesin ən çətin mərhələrindən biri də saç və qaşların hazırlanması olub. Təsəvvür edin ki, saç və qaş tək-tək əkilib. Diş və gözlər üçün həqiqisinə ən yaxın görüntünü verərək, materiallar seçilib. Göz rənginə gəlincə, Madam Tüssonun dünya üzərindəki bütün göz rənglərini əhatə edən göz rəngi hazırlama şkalası əsas alınaraq hazırlanıb. Özəl bir texnika ilə hazırlanan rənglərlə də damarlar,cizgilər, tək-tək, əllə işlənib.

SİZ DƏ ÖZ HEYKƏLİNİZİ HAZIRLADA BİLƏRSİZ – NECƏ?

Bəzi məşhurlar muzeyə original geyim və aksesuarlarını bağışlayıb. Məsələn, Arda Turan və Hidayet Türkoğlu orijinal formalarını, Beren Saat, Kıvanç Tatlıtuğ və Kerem Bursin də öz geyimlərinə muzeyə veriblər.

İçəridə 2 yerdə sizin şəkilləriniz çəkilir. Çıxışda bir dənəsini 25(12 AZN) , 2 dənəsini isə 40 liradan (20 azn) satın ala bilərsiniz. İstəsəniz, 50 liraya(25 AZN) əlinizin mum heykəlini hazırlaya bilərsiniz.

Muzeyin shop bölümündə özünüzün boydan, mini heykəlinizi hazırlatmaq şansınız var. Qİymətlər heykəlin ölçüsünə görə 140 -740(70-370 AZN) lira arasında dəyişir.

 

Arayış üçün xatırladaq ki, Madam Tüsso (ing. Madame Tussauds) — Londonda məşhur mum heykəllər muzeyidir. Muzey Mariya Tüsso tərəfindən 1777-ci ildə yaradılmışdır və ilk mum fiquru Voltereə məxsus olmuşdur.

Bu muzey balaca olmasına baxmayaraq hal-hazırda bütün dünyada məşhurdur və Londona gələn bütün turistlər bu muzeyə mütləq baş çəkir. Burada bir çox Hollivud ulduzlarının : Angelina Jolie, Tom Kruz, Orlando Blum, Bred Pitt və s.; məşhur futbolçuların : Zinəddin Zidan, Devid Becham və s. məşhur insanların mum fiqurları var.

Madam Tüsso muzeyinin bir çox şəhərlərdə filialları var. Buraya Honq-Konq, Amsterdam, Berlin və digər şəhərlər aiddir. Bu muzeyin yaradılması Madam Tüsso (Madame Tussauds) ilə bağlıdır. O, mum heykəllər hazırlayaraq sərgilər keçirirdi ki, bu da müasir Madam Tüsso muzeylərinin yaranmasına səbəb olmuşdur.

Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru da müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və siyasətçilərinin fiqurları sırasında öz fəxri yerini tutmuşdur. Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueysdur (o kraliça II Elizavetin və Kuba lideri Fidel Kastronun fiqurlarının da müəllifidir).

Sevinc TELMANQIZI
Musavat.com
Foto, video Müəllifindir
İstanbul, Türkiyə

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR