Müğənni Elza Seyidcahanın anası Əhmədova Seyidcahan Şərəfəddin qızını döyməkdə ittiham olunan şəxs azadlığa çıxıb.
Musavat.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətində inzibati qaydada həbs edilən Kərimzadə Rüstəm Fuad oğlu azadlığa buraxılıb.
Bakı Apelyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını dəyişib. Məhkəmə R.Kərimzadənin 1 aylıq həbs olunması cəzasını ağır cəza kimi şərh edib və 200 manat cərimə edilməklə azadlığa buraxılması barədə qərar çıxarıb.
R.Kərimzadə deyib ki, nə Elza Seyidcahan, nə də onun anasına fiziki güc tətbiq edib.
Rüstəm Kərimzdənin vəkili Elçin Sadıqov apelyasiya şikayətində göstərirdi ki, zərərçəkmiş qismində tanınmış Seyidcahan Əhmədova Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 75 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qanunsuz formada sahiblik edir: “Rüstəm Kərimzadə 2 avqust 2021-ci ildə qeyd edilən ünvandakı qeyri-yaşayış sahəsinə gəlib. Seyidcahan Əhmədova və qızı Elza Seyidcahanla danışıqlar aparıb. Danışıqların əsası qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə ilə bağlı olub. Çünki sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə qərarı var.
Bakı Apellyasiya Məhkəməsinin 5 iyul 2018-ci il tarixli qətnaməyə əsasən cavabdehlər Anar Verdiyev və Elmira Azayeva qeyri-yaşayış sahəsindən çıxarılmalı, Gülşən Əlisatovaya təhvil verilməli və iddiaçı Gülşən Əlisatovadan 58 797 manat pul alınaraq “ELİT SRC GROUP” MMC-yə verilməlidir”.
Rüstəm Kərimzadə “ELİT SRC GROUP” MMC-nin təsisçisi və direktorudur. O, haqqında danışılan obyekti Elza Seyidcahandan icarəyə götürərək təmir edib. Adı çəkilən Gülşən Əlisatova Elza Seyidcahanın qızıdır və obyekt onun adına sənədləşdirilib. Lakin bir müddət sonra Elza Seyidcahan obyektin boşaldılmasını istəyib. Rüstəm Kərimzadə isə təmirə xərclənən pulun ödənilməsi üçün məhkəməyə müraciət edib və məhkəmə onun xeyrinə qərar verib.
Elçin Sadıqov apelyasiya şikayətində yazırdı ki, mübahisəli obyektlə bağlı aparılan danışıqlar zamanı Seyidcahan Əhmədova ilə Rüstəm Kərimzadə arasında heç bir mübahisə olmayıb.
“Həmin vaxt oarada Araz Nurməmmədov və Səxavət Abuzərov da olub. Lakin inzibati xəta protokolu tərtib olunarkən və məhkəmə icraatı dövründə həmin şəxslər şahid qismində cəlb olunmayıb. İş materiallarında hər hansı video-görüntü yer almayıb. Məhkəmə yalnız Seyidcahan Əhmədovanın ifadələri əsasında Rüstəm Kərimzadənin həbs olunması barədə qərar qəbul edib.
Qərar qəbul edərkən sübut əhəmiyyəti olmayan zərərçəkənin ifadəsi əsas sayılıb. Qərar qanuni əsaslandırılmayıb, yalnız mülahizə xarakterli olub”.
İlkin Muradov
Musavat.com






