İnsanlara hürriyət, millətlərə istiqlal!

Elza Seyidcahan: “Gəlin, sabunu birlikdə bişirək, birlikdə sataq”

1132 07.10.2019 18:27 Qalmaqal A A

Əməkdar artist Elza Seyidcahan və icra başçısı , sabiq deputat Əhəd Abıyev arasındakı qalmaqal səngimək bilmir. Xatırladaq ki, bu günlərdə Əhəd Abıyev İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan “3D” verilişində iştirak etməkdən imtina edib. 

Verilişin qonağı Elza Seyidcahan isə bəzi insanlardansa kuklalara üstünlük verdiyini bildirib. Bundan sonra Əhəd Abıyevin Elza Seyidcahan haqqında səsləndirdiyi ittihamlar isə onlar arasında “sabun” qalmaqalına səbəb olub.

Bu barədə müsavat.com-a danışan müğənni qeyd edib: “İlk öncə cavab vermək istəmədim. Fikirləşdim ki, əcəba, bu sözləri Əhəd müəllim deyib? Axı bir neçə il bundan öncə o, sabun söhbətini ortaya atanda özü şəxsən mənə zəng etdi, həyəcanlı səslə “Mən belə sözlər deməmişəm, ay Elza xanım” deyərək, məsələyə aydınlıq gətirdi. Məni o qədər təriflədi ki, az qala özümə aşiq olmuşdum. Hətta mənə dedi ki, “Çox sevinərəm ki, sizin kimi ağıllı, vətənpərvər, diplomat, gözəl, əsl xanım sənətkarımız deputat seçilsin. Bizdə Mübariz Qurbanlının yeri boşdur. Kaş elə Daşkəsəndən namizədliyinizi irəli sürəsiniz, mən də bir icra başcısı kimi buna çox sevinərəm”.

E.Seyidcahan deputat olmaq üçün heç bir icra başçısına ağız açmadığını bildirib: “Mən heç vaxt, heç bir icra başcısına zəng vurub, deməmişəm ki, “məni deputat et”. Qaldı ki, heç indiyənədək üz-üzə gəlmədiyim Əhəd Abıyevə belə bir şey deyim. Əslində, belə söz-söhbəti nə özümə, nə də Əhəd Abıyevə yaraşdırıram. Əhəd müəllim hara, mən hara?”

Əməkdar artist icra başçısı tərəfindən heyvanlara olan sevgisinin ələ salınmasına bu cür münasibət bildirib: “Ötən dəfə məni təhqir etmişdi ki, mən “heyvanlar”a konsert vermişəm. Avropa ölkələri bilsə ki, bizdə bir ziyalımız heyvanların qorunması üçün konsert verən sənətkarı lağa qoyur, ələ salır, o adama irad bildirərlər. İndi də robotu təhqir edir. Robot şər atmaz. Baxmayaraq ki, sizin kimi canlı, iri gövdəsi yoxdur, amma bəlkə də, hissiyyatı sizdən qat-qat güclüdür. O bəzi kresloda oturub, heç robot qədər işləməyən, camaata, xalqa yuxarıdan aşağıya baxan vəzifəli şəxslərdən də mərhəmətlidir. Heyvanlara gəldikdə isə, onlar olmasalar, həyat olmaz, dünya dağılar. Mənə “kirpi”, “dovşan” deyirsiz, lap yaxşı. Onlara nə olub ki? İkisinin də əti yeməlidir”.

E.Seyidcahan deyib ki, sənətçilərin öz missiyası var: “Mən əgər millət vəkili olacağamsa, bu, sizi niyə bu qədər incidir, qorxudur? Gəlin, əl-ələ tutub, şəhəri gəzək, dolaşaq. Baxaq görək, kimi daha çox sevirlər, kiminlə şəkil çəkdirirlər, kimi daş-qalaq edirlər? Siz deyirsiz ki, məni daş-qalaq edərlər? Niyə? Üzü qara çıxmışam? Yoxsa, kiminsə, haqqını yemişəm? Biz sənətkarlar da öz sənətimizlə, ağlımızla, savadımızla, qeyrətimizlə, namusumuzla, oturuşumuzla-duruşumuzla sanki, deputatlıq missiyasının ömürlük daşıcısıyıq. Bizdən çox xalq arasında olan var? Zatən bizlər Allah tərəfindən seçilmiş bir elçi olaraq, deputatıq. Bir müəllim kimi sabun təklifi sizdən gəldi. Mən də bir şagird kimi suala cavab verdim və bir daha deyirəm: gəlin, sabunu bir yerdə bişirək və bir yerdə sataq ki, sabunlansınlar, yuyunsunlar və biz də sabunlanaq, yuyunaq, heç yerdə çirkablıqlar qalmasın. Sabun təmizlikdir”.

Xatırladaq ki, Əhəd Abıyev əməkdar artist haqqında sərt fikirlər səsləndirmişdi: “Bir neçə il əvvəl Elza Seyidcahan zəng edib bildirdi ki, mən gəlirəm, Daşkəsəndən deputatlığa namizədliyimi verməyə. Mən isə ona dedim ki, get paltar sabunu ilə üz-gözünü təmizlə, yoxsa camaat səni daş-qalaq edər. Əslində, mən ona sabun təklif etmişəm, o mənə yox! Həmin vaxt bu barədə saytlarda da məlumatlar getmişdi. İndi necə olur ki, E.Seyidcahan o vaxt deyilən sözün indi əksini söyləyir? Məntiqlə də o, deputatlığa namizəd olmaq istədiyi üçün mənə zəng etmişdi. Ümumiyyətlə, Elza Seyidcahana baş qoşmaq lazım deyil. Deyir ki, deputatlığa namizəd olmaq istəyirəm. Lap gəlib namizədliyini versin, görək kim ona səs verəcək. Məgər deputatlıq “İmam ehsanı”dır? Bilirsiz ki, Rövşən Rzayev “Qaçqınkom”a gedəndən sonra Daşkəsəndə həmin dairə boş qalıb. Tək Elza deyil, bir-iki nəfər var ki, deputat olmaq arzusuna düşüblər. Ancaq anlamırlar ki, deputat olmaq üçün xalqın etimadını qazanmaq lazımdır. Yoxsa ki, icra başçısı deputat seçmir”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR