Elza Seyidcahan:”Başımda məşəl ayaqyalın stadionda qaçacam”
Bəstəkar –müğənni Elza Seyidcahan yenidən hər kəsi təəcübləndirəcək imici ilə tamaşaçıların qarşısına çıxıb. Əməkdar artist bu dəfə başında “yanan məşəl” saç düzümü ilə görünüb.
Elza Seyidcahan bu barədə musavat.com-un əməkdaşına danışıb:
“Bilirsiz ki, ATV-də yayımlanan “Azərbaycanın səsi” verilişində münsiflər heyətindəyəm. Sonuncu buraxılışa maraqlı imic ilə qatılmaq istədim.
Bu heç də təsadüfi deyil. Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə ilk Avropa Oyunları keçirilir, tarixi anlar yaşayırıq. Bundan ilhamlanaraq mən də öz borcumu yerinə yetirmək istədim və bu addımı atdım.
Məşəl bizə dədə-babalarımızdan yadigardır, atəşpərəstlik simvoludur. Qədimdə babalarımız məşəli yandıraraq döyüşə hazırlaşırdılar, bunun sayəsində döyüşçülərimiz qalibiyyət qazanıblar.
Avropa Oyunları ilə əlaqədar bir neçə gün ölkəmizin müxtəlif bölgələrində məşəl daşındı. Məhz bu səbədən nə qədər idmançımız uğur qazandı, medallara sahib oldular”.
Əməkdar artist qeyri-adi ideyalarından danışıb:
“Ümumiyyətlə, ideyalar beynimdə ani olaraq yaranır. Yəni ideyalar çox qısa bir müddətdə ağlıma gəlir və mən çalışıram ki, o ideyanı tezliklə yerinə yetirim. İdmançılarmızın medal qazandıqlarını görüb ağlımda belə bir məşəl ideyası yarandı. Məşəl nə qədər çox gəzdirilərsə bir o qədər çox medal qazanarıq.
Beləliklə, mən bu barədə modelyer Leyla Əliyeva ilə əlaqə saxlayıb fikrimi bildirdim. O, fikrimi həmin an başa düşdü. Leyla tez bir zamanda qeyir-adi saç düzümü yaradaraq başımda “məşəli yandırdı”.
Bu gün mən Xəzər TV-də, əkiz bacılarn aparıcılıq etdikləri verilişə qonaq oldum. Bir çoxları elə bilirdi ki, mən həmin verilişə də “məşəl” ilə gedəcəyəm. Lakin bəzi işgüzar insanlar bilmir ki, bu gündəlik saç düzümü deyil”.
Əməkdar artist dünyaca məşhur Ledi Qaqa kimi ayaqyalın qaçacağını deyib:
“Hələ bilmirəm qarşıda hansı ideyalarım olacaq... Lakin çox istərdim ki, Ledi Qaqa necə ki, pianinonun arxasından qalxıb ayaqyalın qaçımışdı, mən də sevincimdən başımda məşəl stadionda ayaqyalın qaçım... Uğurlar , qələbə bizimlədir”.
Xalidə Gəray






