İnsanlara hürriyət, millətlərə istiqlal!

Elxan Süleymanov: “Avroparlamentdə Azərbaycanda etnik zəmində qarşıdurma yaratmaq üçün toplantı təşkil olunmuşdu”

930 04.03.2023 10:20 Siyasət A A

 “AŞPA-da Savitski ironiya ilə eyham edirdi ki, siz türksünüz, müsəlmansınız və bunu anlamalısınız, qərəzin səbəbi budur...”

Azərbaycanın Vətən Müharibəsindəki parlaq Qələbəsindən, Qarabağın azad edilməsindən bədxahlarımız kifayət qədər narahat oldu. Postmüharibə dövründə ermənipərəst dairələrin müxtəlif təxribatlara əl atacağı da sirr deyildi. Hazırda sülh müqaviləsindən, sərhədlərin delimitasiyasından, paralel olaraq sülhməramlıların nəzarətindəki ərazilərimizdə mövcud olan separatçı rejimin ləğvinin şərt kimi qoyulduğu bir vaxtda Avropa coğrafiyasından növbəti dəfə Azərbaycana qarşı hücumlar, qarayaxma, böhtan kampaniyalarının artması müşahidə olunmaqdadır.

Fransanın timsalında bir sıra Avropa dövlətləri, o cümlədən AŞPA tərəfindən yenə də erməni təəssübkeşliyi, Azərbaycana qarşı siyasi məhbus iddiaları baş qaldırmaqdadır. Bu arada bəzi qərəzli şəxslər yenidən 96 nəfərlik bir “siyasi məhbus siyahısı” hazırlayaraq, dövriyyəyə buraxıblar. AŞPA da güman ki, bunu  həvəslə araşdıracaq. Bütün bunlar yenə də Avropadakı anti-Azərbaycan, anti-türk, anti-islam dairələrin növbəti oyunlarıdır.

Bu oyunların daxili “anatomiya”sını Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov bir neçə il bundan qabaq Azərbaycan, rus və ingilis dillərində işıq üzü görmüş “Avropanın çirkli ”demokratiya" oyunu"  kitabında ətraflı təhlil edib. Hazırda bu məsələlərin müzakirəsi ciddi önəm daşıyır.

az-uz-1.jpg (59 KB)

Odur ki, Elxan Süleymanovla bu mövzuda geniş polemika etdik, bu zaman olduqca ilginc faktlar ortaya çıxdı...

II yazı

(Əvvəli 3 mart 2023-cü il tarixli sayımızda)

- Memuarınızda nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarının komitə  üzvlərinə etdiyi təzyiqlərdən də yazırsınız.

- Bu, böyük bir biabırçılıq kimi dəyərləndirilən məsələdir, həmin beynəlxalq          qurumların qərəzinin hansı həddə olmasıdır. Müzakirələr ərəfəsində “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Human Rights House Foundation”, “Freedom Now” və “X indexthevoice of freeexpression” kimi beynəlxalq qurumlar AŞPA-nın Komitə üzvlərinə müraciət etmişdilər ki, Strasserin məlum qərəzli məruzələrini dəstəkləsinlər. Müzakirələr ərəfəsində komitə üzvlərinə belə bir müraciətin ünvanlanması, Azərbaycanla bağlı reallıqların tamamilə təhrif edilməsi bizim ölkəmizə qarşı təşkil edilmiş ermənipərəst kampaniyanın nəticəsi idi.

- Ştrasserin növbəti təqdimatı zamanı hətta ekstremistləri siyasi məhbus hesab etməsi kimi biabırçı vəziyyətin yaranmasına da diqqət ayırmısınız.

- AŞPA-da həmin layihə üzrə müzakirələrin gedişində italiyalı deputat Nessa Pasquale çıxışında dedi ki, Ştrasser Azərbaycanda şəriət dövləti qurmaq istəyən ekstremist qruplara aid olan şəxslərin dərhal buraxılmasını istəyir və bu, Avropa İnsan Hünquqları Konvensiyasına tamamilə ziddir. Kitabda onun dediklərini olduğu kimi yazmışam: “Bu şəxslərdə Kalaşnikov, əl qumbaraları və sursat aşkar olunub. Belə bəyanatlar vermək və onsuz da mürəkkəb olan bu regionda fundamentalizmin təbliğinə şərait yaratmaq təhlükəli deyilmi?”, - deyə italiyalı deputat soruşdu və bir sıra ölkələrdə baş verən son hadisələri vurğuladı.

Fransadan olan deputat Tyerri Mariani öz həmkarına qoşuldu və əlavə etdi: “Biz nəzərə almalıyıq ki, İran Azərbaycanın böyük qonşusudur və Azərbaycanda siyasi partiya, eləcə də televiziya kanalını maliyyələşdirir.” O, həm də Azərbaycanda qadınların hüquqlarının tam qorunduğunu qeyd etdi və ölkənin damğalanması cəhdlərini pislədi..."...

- Elxan müəllim, siz AŞPA-da böyük əziyyətlə qəbul olunan 2085 saylı qətnamənin müəllifisiniz. Daha əvvəl hazırladığınız bir neçə layihə təklifi qərəzli şəkildə geri qaytarılıb, anti-Azərbaycan qruplaşması - onun rəhbərlərindən olan Savitskinin təhriki ilə çaşdırıcı alternativ layihə hazırlanıb. Amma siz növbəti layihə hazırlamısınız və qəbul olunub. Bu proses zamanı nələrin şahidi oldunuz?

- Cənab Savitski yay sessiyası zamanı ikilikdə görüş zamanı mənə çox heyrətamiz bir sualla müraciət etmişdi. O məndən soruşmuşdu ki, “sizcə, nə üçün beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA-da işğala məruz qalmış Moldova, Gürcüstan və digər xalqlara münasibətdə qayğı və həssaslıq nümayiş etdirilir, amma Azərbaycana qarşı analoji münasibət yoxdur və hətta bəzilərinin nifrəti var?”... Və bu sualının cavabını belə gözləmədən digər söhbətə keçid aldı. Çünki əslində mənə bu ironiya ilə eyham edirdi ki, siz türksünüz, müsəlmansınız və bunu anlamalısınız, qərəzin səbəbi budur. Mən ona digər mövzuya keçməyə imkan vermədən dedim ki, bəli, yəqin belə münasibət yəqin Azərbaycanın müsəlman ölkəsi olması ilə bağlıdır. Savitski mənim cavabımı sükutla qarşıladı. Bununla da AŞPA-da, Avropa coğrafiyasında mövcud olan anti-Azərbaycan münasibətlərinin daha dərin köklərə malik olması, dini motivlərdən qaynaqlanması ilə razılaşmış oldu...

Savitski və digərlərinin qərəzli mövqeyi səbəbindən əvvəlki layihələrim rədd edildi, 2014-cü ilin 12 may tarixində isə Sosial Məsələlər Komitəsi Nikosiyada keçirilən iclasında bosniyalı deputat xanım Milisa Markoviçi “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzənin hazırlanması üçün məruzəçi təyin etdi.

Məruzələrin hazırlanmasının qarşısının alınması istiqamətində həm Ermənistan tərəfindən, həm də Avropada fəaliyyət göstərən ermənipərəst qüvvələr tərəfindən müxtəlif təxribatlara əl atılırdı. Belə bir təxribat AŞPA-da Savitskinin rəhbərlik etdiyi katiblik tərəfindən törədilmişdi. Belə ki, 6 mart 2015-ci ildə AŞPA-nın rəsmi xəbərlər saytında məruzəçi Robert Volterin Azərbaycana baş tutacaq faktaraşdırıcı səfəri ilə bağlı yerləşdirilmiş məlumatda məqsədyönlü şəkildə məruzənin adı təhrif edilmişdi.

- Kitabınızda maraqlı bir məqama rast gəldik, qeyd edirsiniz ki, Sosial Məsələlər Komitəsi məruzəçisi Milisa Markoviçə də müxtəlif kontekstlərdə təsir cəhdləri göstərib. Bunu necə deşifrə etmişdiniz?

- Sərsəng su anbarı məsələsinin AŞPA-da gündəmə gətirilməsindən sonra hətta Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də ona dolayısı ilə təsir göstərmək istəmişdi. Uorlikin sosial şəbəkədə öz səhifəsində Sərsəng su anbarının fotosunu yerləşdirərək yazırdığı postu sizə kitabdan olduğu kimi çatdırıram: “Bu, Sərsəng su anbarıdır. Tərəflər su resurslarından birgə istifadə etməyi bacarsaydılar, bu, müsbət addım olardı". Amerikalı həmsədrin fikirləri tam aydın idi - o, işğalçını beynəlxalq hüquq normalarına əməl edərək qeyd-şərtsiz əraziləri azad etməyə çağırmaq əvəzinə, işğalçı tərəfi və işğala məruz qalmış Azərbaycanı Sərsəng su anbarından birgə istifadə etməyə çağırırdı.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin Sərsəng su anbarının birgə istifadə edilməsi barədə fikirləri təsadüfi deyildi. Hesab edirəm ki, Uorlikin bu fikirləri konkret məqsədlərə xidmət edir və məqsədyönlü şəkildə Sərsəng su anbarı üzrə məruzəçinin araşdırmalarına təsir etmək məqsədi daşıyırdı..."

uz-eng.jpg (59 KB)

Xüsusi olaraq nəzərə çatdırım ki, Monitorinq Komitəsinin 28 may 2015-ci ildəki iclasında qətnamə layihəsinin 1-ci bəndində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” ifadəsinin saxlanılmasına nail olduqdan dərhal sonra dünyanın bir sıra nüfuzlu  güc mərkəzləri özlərinin anti-Azərbaycan kampaniyasını daha da aktivləşdirmişdilər. Onlar müxtəlif beynəlxalq hökumətlərarası təşkilatlarda və qeyri-hökumət təşkilatlarındakı satellitlərinə sinxron şəkildə müxtəlif istiqamətlərdə Azərbaycana qarşı kampaniyaları gücləndirmək barədə göstəriş vermişdilər. Güc mərkəzlərindən gələn bu göstərişlə çox sayda QHT-lər, o cümlədən Şərqi və Qərbi Avropa, Qafqaz və Balkanlarda yerləşən 90 insan hüquqları təşkilatını özündə birləşdirən İnsan Hüquqları Evi Şəbəkəsi Azərbaycana qarşı sistemli hücuma keçmişdi. Həmin təşkilatlar açıq-aşkar demokratik institutların fəaliyyəti ilə bağlı məruzədə işğalla bağlı maddənin olmasının əleyhinə çıxış edirdilər...

Nəhayət, bu səylər nəticəsində AŞPA-nın 26 yanvar 2016-cı il tarixli plenar iclasında Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” məruzəsi səsverməyə çıxarıldı,  66 lehinə, 70 əleyhinə və 45 səs bitərəf olmaqla, cəmi 4 səs fərqi ilə qəbul edilmədi.

- De-fakto bu nə demək idi?

- O demək idi ki, Assambleya bu qərarı qəbul etməklə öz təsisatı olan Siyasi Məsələlər Komitəsinə və problemlə bağlı özünün əvvəlki qərarlarına böyük hörmətsizlik nümayiş etdirdi. Bundan əlavə, AŞPA açıq-aşkar olaraq tək özünün deyil, eyni-zamanda digər beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Parlamentinin, ATƏT PA-nın Azərbaycan ərazilərinin işğalını ehtiva edən qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirmiş oldu.

Həmin gün - AŞPA-nın 26 yanvar 2016-cı il tarixli plenar iclasında bosniya və herseqovinalı deputat Milisa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi isə lehinə 98, əleyhinə 71 və bitərəf 40 səs olmaqla qəbul edildi. Ermənistan nümayəndə heyəti və ermənipərəst deputatlar Markoviçin məruzəsinə 21 düzəliş təklifi irəli sürsə də, bu məruzə cüzi düzəlişlər edilməklə qəbul edildi.

Onun adını qeyd etdiyim məruzəsi əsasında müəllifi olduğum 2085 (2016) saylı Qətnaməni qəbul etməklə, AŞPA Azərbaycanın Qarabağ bölgəsinin məhz Ermənistan dövləti tərəfindən işğalını aydın şəkildə bəyan etmiş oldu. Eyni zamanda, AŞPA Sərsəng su anbarının səbəb olacağı humanitar və ekoloji fəlakətə görə məsuliyyəti birmənalı olaraq Ermənistan dövlətinin üzərinə qoydu.

2085 (2016) saylı qətnamə Azərbaycanın strateji obyekti olan Sərsəng su anbarına dair beynəlxalq təşkilatlarda qəbul edilmiş ilk rəsmi sənəddir...

Bu qətnamənin qəbulu ərəfəsində bütün dünya görürdü ki, Azərbaycanın xarici siyasətdə, xüsusilə də beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı uğurlar böyük uğurlar davamlıdır. Bu, erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin təşvişinə səbəb olmuşdu və ölkəmizə qarşı ağlasığmaz iyrənciliklərə əl atırdılar.

Dövlətimizin bu uğurlarını şübhə altına almaq üçün erməni lobbisi və digər anti-Azərbaycan qüvvələr “kürü diplomatiyası” adı altında qondarma araşdırmalar uydurmağa başladılar. Belə bir yanlış fikir formalaşdırmaq istəyirdilər ki, bütün uğurların kökündə avropalı deputatların rüşvət alması dayanır. Çox təəssüf ki, ermənipərəst və anti-Azərbaycan qüvvələrin güclü olduğu dövlətlərdə bu məsələ mətbuatda da yer almağa başladı...

- Kitabınızda anti-Azərbaycan qüvvələrin ölkəmizdə iğtişaşlar yaratmaq üçün illərlə və xüsusən seçkilər ərəfəsində min oyundan çıxdığının şahidi olduğunuzu yazmısız. Detallar nədir?

- Müəyyən qüvvələr əsasən 2013-cü il prezident seçkiləri ərəfəsində və seçkilərdən sonra Azərbaycanda sabitliyi pozmağa və Bakı üçün Ukraynada olduğu kimi “Maydan” hərəkatı formalaşdırmağa cəhdlər göstərirdilər. Azərbaycanda stabilliyi pozmaq məqsədi daşıyan istiqamətlərdən biri də ölkə vətəndaşları olan müxtəlif etnik qruplara qarşı guya ayrı-seçkiliyin edilməsi kimi iddialar ortaya atılmışdı. Fikrim dəqiq anlaşılsın deyə, burada kitabımdan konkret sitat gətirim: “Bu kontekstdə AVRONEST PA-nın Büro üzvü Gerben-Yan Gerbrandinin təşkilatçılığı ilə 3 oktyabr 2013-cü ildə, səsvermədən cəmi 6 gün əvvəl, Avropa Parlamentində keçirilən ”Azərbaycanda Prezident Seçkiləri: Odlar Yurdunu hansı gələcək gözləyir?" adlı tədbir xüsusilə qeyd edilməlidir. Gerben-Yan Gerbrandinin təşkil etdiyi tədbirin özəlliyi ondan ibarət idi ki, həmin tədbirə əksəriyyət etibarilə müxalifət mənsubları və milli azlıqların separatçılıq şüarları ilə çıxış edən nümayəndələri dəvət edilmişdi. Həmin tədbirdə Azərbaycanda guya milli azlıqlarla bağlı problemlərin olması barədə absurd iddialar irəli sürülmüşdü.

Ümumiliklə, Gerben-Yan Gerbrandinin təşkil etdiyi tədbirin əsas məqsədi ölkə daxilində sabitliyi pozmaq, etnik zəmində qarşıdurma və iğtişaşlar yaratmaqdan ibarət idi. Məlumdur ki, Azərbaycan çoxsaylı milli və dini qrupların dinc yaşadığı bir ölkədir, tarix boyu bu ölkədə nə etnik, nə də dini zəmində münaqişə olmayıb, Azərbaycan dünyada öz milli, etnik, dini tonlerantlığı ilə nümunə göstərilən ölkələrdəndir. Odur ki, Gerben-Yan Gerbrandinin səyləri öz hədəfinə çata bilməzdi...

Azərbaycana qarşı təzyiqləri səngiməyən həmin güc mərkəzlərinin başlıca məqsədlərindən biri Azərbaycanı avtoritar ölkə kimi təqdim etməklə onun dünya ictimaiyyəti qarşısında imicinə xələl gətirmək, davamlı olaraq qərəzli iddialarla çıxış edərək Azərbaycan ictimaiyyətinin başını bu məsələlərlə qarışdırmaq, onun diqqətini Ermənistan tərəfindən 20 ildən artıqdır ki, işğal altında saxlanılan 20% ərazidən yayındırmaq və həmin ərazilərdən əl çəkdirməkdən ibarət idi. Digər tərəfdən, həmin güc mərkəzləri dünya ictimaiyyəti qarşısında Azərbaycanın mənfi imicini formalaşdırmaqla öz maraqlarını təmin etməyə çalışırdılar.

Avropa Parlamentinin seçki müşahidə missiyasının qiymətləndirməsinə məhəl qoymadan ATƏT/DTİHB-yə istinad edilməsinə təkidli çağırışı, qeyri-rəsmi beynəlxalq missiyaların tərkibində 2013-cü il seçkilərini izləmiş üzvlərin cəzalandırılması Azərbaycana qarşı təxribat və iğtişaş planlarının tərkib hissəsi olmuşdu. Görünür, onlar seçkilərin müsbət qiymətləndirilməsindən sonra Azərbaycanda növbəti Maydanın yaradılması, ölkənin Liviya və Suriyaya çevrilməsi kimi təxribat planlarının baş tutmamasından çox məyus olmuşdular..."

Bu səbəbdən də Azərbaycanda 2013-cü il prezident seçkilərindən sonra aparıcı güc mərkəzlərində və beynəlxalq təşkilatlarda anti-Azərbaycan isterikası hədsiz dərəcədə güclənmişdi. Bu məkrli qüvvələr seçkilərdən öz çirkli məqsədlərini işə salaraq, Azərbaycanı beynəlxalq aləmdən təcrid etməyə ciddi səylər göstərməyə başladılar.

(Davamı növbəti saylarımızda)

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR