Elxan Şahinoğlu: “Kiyev sanki yarımadanın itirilməsi ilə barışıb”
Həm Rusiya tərəfi, həm də Kerri ikitərəfli münasibətlərin yaxşılaşması ilə bağlı pozitiv mesajlar verdi. ABŞ dövlət katibi Ukrayna böhranını nəzərdə tutaraq bildirib ki, Minsk razılaşması tam şəkildə əməl edilsə, o zaman ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların ləğvinə başlayacaq. Ancaq qəribə də görünsə, hər iki tərəfin açıqlamalarında Krımın ilhaqından bəhs olunmayıb. Yəni belə çıxıb ki, Qərb-Rusiya münasibətlərinin düzəlməsində Krım məsələsi artıq şərt olmaqdan çıxıb, yəni necə deyərlər dünya Krımın ilhaqı ilə barışır.
Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, həqiqətən də Soçi görüşü belə bir görüntü yaradıb ki, sanki Vaşinqton Kremllə münasibətləri normallaşdırmaq üçün Ukraynanın maraqlarını qurban verməyə hazırdır. Ekspert deyir ki, indi həqiqətən də ABŞ-ın Rusiya ilə münasibətləri qaydaya salmaqda maraqlı görünür: “Hətta Kerrinin Soçidə jurnalistlərin suallarına cavab verərkən Ukrayna prezidenti Pyotr Poroşenkonun Donetsk hava limanını geri qaytarmaq istəyini tənqid etməsi də beyinlərdə sualların sayını artırdı.
Barak Obama prezident seçildikdə xarici siyasətdə başlıca hədəflərindən biri Rusiya ilə münasibətləri inkişaf etdirmək idi. Hətta bu məqsədlə Moskvaya göndərdiyi keçmiş dövlət katibi Hillari Klintona “münasibətlərin istiləşməsi” adında yaşıl düyməli qutu da verdi. Münasibətlərin normallaşmasına ümid yaranarkən, Putin Krımı işğal etdi, Şərqi Ukraynanı Kiyevdən qopartdı. Belə olan halda Barak Obamanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və Moskva ilə dialoqu dondurmaqdan başqa alternativi qalmadı. Buna baxmayaraq,
Vaşinqtonla Kreml İranın nüvə məsələsi, Suriya və beynəlxalq terrorizmə qarşı mübarizə mövzularında əməkdaşlığı davam etdirirdi və maraqların üst-üstə düşdüyü elementlər az deyil. Vaşinqton Kremllə əbədiyyətə qədər düşmənçilik etmək istəmir. Çünki, bu halda Kreml müvazinəti itirir, ətrafında düşmən axtarışına çıxır, ABŞ-la əməkdaşlıq edən qonşu dövlətləri hədəf alır. Bu isə Vaşinqtonun maraqlarına ziddir. Ona görə də Ağ Ev Ukraynanı silahlandırmaqla yanaşı Kremlin Ukraynadan sonrakı ekspansiya planlarını əngəlləmək istəyir. Bunun üçün isə görünür Putinlə yenidən təmaslara üstünlük verir. Putinə açıq mesaj verirlər ki, Kreml Ukrayna separatçılarına hərbi dəstəkdən əl çəksə, Donetsk və Luqanskın Ukraynanın tərkibinə qayıtmasına əməli dəstək versə, ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaldacaq".
E.Şahinoğlu deyir ki, Kerrinin “Krımsız” mesajı Putin üçün çox vacibdir. Bu səbəbdən də politoloq düşünür ki. yaxın günlərdə Putin Ukrayna məsələsi ilə bağlı bir sıra mühüm addımlar atacaq: “Çünki, Kreml sahibi ABŞ-la mübarizədə uduzur, iqtisadiyyatı çökür. Putin bilir ki, ABŞ sanksiyaları yumşaltsa, Avropa Birliyi də eyni addımı atacaq. Ona görə də Putindən iki addım tələb olunur. Birinci addım odur ki, Putin Donbas separatçılarını Ukraynanın ərazi bütövlüyünə razı salmalıdır. Bu istiqamətdə artıq mesajlar var. Kerri-Putin görüşündən dərhal sonra Kremlin təlimatıyla Donbas separatçılarının liderləri Ukraynanın ərazi bütövlüyü çərçivəsində yüksək səlahiyyətlərə malik olmağa hazır olduqlarını bildirdilər. Putinin ikinci xoş jesti girovluqda saxladığı ukraynalı döyüşçü Nadejda Savçenkonun azad etməsi olar. Bunu Kerri Putindən şəxsən xahiş edib. Məncə, Putin yaxın günlərdə Savçenkonu azad edəcək. Bu addım Vaşinqtonda xoş qarşılanacaq”.
Ancaq bütün bunların fonunda Krım arxa plana keçir. E.Şahinoğlunun fikrincə, Qərb artıq Krımın Rusiya tərkibinə daxil olması ilə barışır: “Qərbi artıq Krım bir o qədər maraqlandırmır. Doğrudur, ABŞ və Avropa Birliyi heç zaman Rusiyanın Krımı ilhaqını qəbul etməyəcək, bu yarımadanı Ukraynanın ərazisi sayacaq. Ancaq məncə Qərb Krıma görə Rusiya ilə münasibətləri əbədiyyətə qədər gərgin saxlamayacaq. Kreml Donbas istiqamətində addımlar atarsa, Qərb Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. Əslində buna görə Qərbi çox qınamaq da olmur. Krımın taleyi birinci növbədə Ukrayna hakimiyyətini və cəmiyyətini düşündürməlidir. Son bir il ərzində azı 5 dəfə Ukraynaya səfər etdim, xeyli siyasətçi və ekspertlə görüşdüm. Məndə belə təəssürat yarandı ki, Krımın taleyi heç Kiyevi bir o qədər narahat etmir, sanki yarımadanın itirilməsi ilə barışıblar. Əslində Krım işğal olunanda Ukrayna müqavimət göstərməliydi. Ancaq Krımdakı Ukraynanın onlarla hərbi bazasından bir kimsə Rusiyadan gələn işğalçı qoşunlara bir güllə belə atmaq istəmədi. Ukrayna Krım uğrunda savaşsaydı, tatarlara real dəstək versəydi, Putin asanlıqla Krımı işğal etməyəcəkdi və bəlkə gələcəkdə bu müqavimət qarşısında geri addım atacaqdı. Ancaq Kiyevin Krım uğrunda mübarizə aparmadığını görən Putin işğala üstünlük verdi və bu mövzunu artıq heç kimlə müzakirə etməyəcək. Və ya Minsk sazişini götürək. Bu sazişdə Krım haqqında bir cümlə belə yoxdur və Ukrayna prezidenti Poroşenko yarımadanın sazişdə yer alması üçün heç bir təşəbbüs göstərmədi”.
Politolqo deyir ki, bu prosesdə ən böyük zərbə Krım tatarlarına dəydi: “Nə oldusa Krım tatarlarına oldu. Bir ay öncə Krım tatarlarının əfsanəvi lideri Mustafa Cəmiloğlu ilə Kiyevdə görüşdükdə onu xeyli məyus gördüm. O işğalçının siyasətini qəbul etmir, ancaq Qərbi və Kiyevi də tənqid edir. Çünki, nə Kiyev, nə də Qərb Krımın geri qaytarılması üçün fəallıq göstərmirlər. Mustafa bəyin sonuncu cümləsi indiyə qədər qulaqlarımda cingildəyir. Dedi ki, soydaşlarını yarımadanı tərk etməməyə çağırsa da, tatarları gələcəkdə nə gözlədiyini özü də bilmir”.
KƏNAN






