İnsanlara hürriyət, millətlərə istiqlal!

Elxan Şahinoğlu: “Bizim də AB-ni seçməkdən başqa alternativimiz qalmayacaq”

828 14.12.2013 08:38 Siyasət A A
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Gömrük İttifaqı real iqtisadi maraqlar üzərində qurulub. O bildirib ki, Rusiya heç bir ölkəni bu quruma üzvlüyə məcbur etməyəcək. Rusiya baş nazirinin I müavini İqor Şuvalov Vaşinqtonda rusiyalı jurnalistlərə açıqlamasında deyib: “Rusiya gömrük məsələləri üzrə Ukrayna ilə danışıqlarda çox sərt davranıb, amma bu davranış hüquqi normalar çərçivəsindən kənara çıxmayıb”.
Rusiya hökuməti Gömrük İttifaqını elan etməyə hazırlaşdığını bəyan edib. Ancaq məlum olduğu kimi, artıq Ukraynada xalqın davamlı etirazlarından sonra hökumət geri addım atıb. Bu isə o deməkdir ki, Ukrayna indiki halda Gömrük İttifaqına qatılmayacaq. Eyni zamanda Azərbaycanın da bu quruma qoşulmayacağı aydın olub. İndiki vəziyyətdə Ukrayna və Azərbaycan Putinin layihəsinə daxil olmayacağı təqdirdə Avrasiya İttifaqı yaradıla bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, Kreml Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə xüsusi önəm verir. Bunun Putinin dekabrın 12-də Federal Şura üzvləri qarşısındakı çıxışında da sezildiyini qeyd edən ekspertin qənaətinə görə, Kreml sahibinin Gömrük İttifaqını, ardınca da Avrasiya İqtisadi Birliyini təsis etməklə iki məqsədi var: “Birinci məqsəd keçmiş SSRİ-ni başqa formada yaratmaqdır. Müstəqil Dövlət Birliyi işə yaramadı. Odur ki, Kreml daha işlək mexanizmlərə üstünlük verir. Rusiya Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyini formalaşdırmaqla keçmiş SSRİ respublikaları üzərindəki itirilmiş nəzarətini artırmaq istəyir. Rusiyanın siyasətində dəyişən bir şey yoxdur. Bu dövlət ətrafındakı qonşu dövlətlərin müstəqilliklərinə əvvəlki kimi barmaqarası baxır, hesab edir ki, həmin dövlətlər onun vassalı olmalıdırlar. Bu çar Rusiyası dövründə də belə idi, çarı devirən bolşevik çevrilişindən sonra da belə oldu, indi də belədir. Sadəcə indikilərin anlamaq istəmədiyi durum var. Bölgədə şərtlər fərqlidir, Rusiya isə köhnə qüdrətini çoxdan itirib. Çoxları boyunduruğun altına keçmək istəmir”.

E.Şahinoğlunun sözlərinə görə, Kremlin ikinci məqsədi isə öz orbiti ətrafında Avropa Birliyi ilə rəqabət apara biləcək strukturların formalaşmasını sürətləndirməkdir. Onun sözlərinə görə, Putin məhz bu məqsədlə İrəvanı və Kiyevi şantaj etdi ki, onlar Avropa Birliyini yox Gömrük İttifaqını seçsinlər: “Buna baxmayaraq, təşəbbüs Brüsselin əlindədir. Çünki, Avropa Birliyi 60 ildir ki, mövcuddur, bütün qüsurlarına rəğmən, real və işlək mexanizmdir, hamı üçün sivil qaydaları var, qanunları işləyir, fəaliyyətində beynəlxalq standartlara əsaslanır. Gömrük İttifaqının və fəaliyyətə hələ 2015-ci ildə başlayacaq Avrasiya İqtisadi Birliyinin nəyi var? Bu iki qurum üzv dövlətlərə inkişaf üçün nələr təklif edir? Bu suallar açıq qalır. Odur ki, mən son nəticədə Ukraynanın Avropa Birliyini seçəcəyini düşünürəm”.

E.Şahinoğlu deyir ki, Kiyev Brüsseli seçəcəyi halda Rusiyanın qaz və “sərhədi malların üçün qapadacam” şantajı ilə üzləşəcək. Ekspertə görə bu, müəyyən dövr üçün Ukraynaya iqtisadi problemlər yarada bilər: “Ancaq uzaq perspektivdə Ukrayna üçün Avropa Birliyi ilə inteqrasiyadan başqa seçim yoxdur. Bunu Ukraynanın hazırkı prezidenti Viktor Yanukoviç də anlayır və təsadüfi deyil ki, yaxın aylarda Brüssellə assosiativ anlaşma imzalayacağının anonsunu verib. O ki qaldı Azərbaycana, rəsmi Bakı hələ ki, Brüsselə inteqrasiyada maraqlı deyil. Azərbaycan hakimiyyəti Brüssellə ancaq enerji sahəsində əməkdaşlıq etmək istərdi. Ancaq Brüsselə bu yetərli deyil. Avropa Birliyi digər sahələrdə də Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir. Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə sıx inteqrasiyaya nə qədər müqavimət göstərsə də, gələcəkdə bizim də Avropa Birliyini seçməkdən başqa alternativimiz qalmayacaq. Məsələnin geci-tezi var və bu prosesə milli oliqarxlar mane ola bilməzlər. Azərbaycanın Gömrük İttifaqına üzv olacağı isə istisnadır. Prezident İlham Əliyevin Kremlin təzyiqləri qarşısında milli maraqlarımız üçün belə bir təhlükəli addım atacağını zənn etmirəm. Ancaq "nə Gömrük İttifaqı, nə də Avropa Birliyi" siyasətinin də Azərbaycan üçün xeyirli olduğunu düşünmürəm. Seçimi gecikdirmək Rusiyanın təzyiqlərinin artmasına yol açacaq". 

KƏNAN


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR