FFA-nın baş katibi Elxan Məmmədov İslamiadanın futbol yarışları çərçivəsində millimizin Kamerunla oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Musavat.com xəbər verir ki, baş katib deyib ki, "Premyer Liqaya vəsiqə qazandıqları deyilən 3 klub barədə məlumatlar qeyri-rəsmi xarakterlidir. Rəsmi məlumat isə odur ki, Lisenziyalaşdırma Qrupunun hesabatını gözləməliyik".
- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin qarşılaşma oldu. Digər görüşləri də izlədim. Kamerun fiziki və taktiki cəhətdən güclüdür. Millimiz yaxşı mübarizə apardı. Qol şanslarımız olsa da, yararlana bilmədik.

- Oyunlara bütün biletlərin satıldığı açıqlansa da, tribunalarda az sayda azarkeş var idi...
- Bu sualı mənə yox, Təşkilat Komitəsinə verin. Çünki biletin satışına onlar nəzarət edirlər.
- “Sektor 11” azarkeş qrupu əllərində baraban olduğu üçün arenaya buraxılmadılar...
- Bu barədə eşitdim, ancaq bu Təşkilat Komitəsinin səlahiyyətində olan məsələdir. Onlar daha aydın açıqlama verə bilərlər.
- Riçard Almeydanın milli pasport məsələsi öz həllini tapmadı?
- Onunla bağlı gələn həftənin birinci günü FİFA-ya müraciət edəcəyik. Növbəti 4 həftədə onların bu məsələ ilə məşğul olan xüsusi komitəsi qərar verəcək.
- Yəqin ki, Şimali İrlandiya ilə matça kimi çatmayacaq?
- 4 həftə konkret vaxt deyil. Ola bilər ki, 2 həftə olsun. Gözləyəcəyik.
- Qırğızıstan Futbol Federasiyasının prezidenti qonaq gəlmişdi. Onlarla söhbətdə yoldaşlıq oyunu ilə bağlı danışıqlar oldumu?
- Xeyr. Mövzu başqa idi. Onlar Bişkekdə baza tikirlər, bunun üçün bizim bizdəkinə baxıb faydalanmaq istəyirdilər. Gələcəkdə boş gün olsa, yoldaşlıq oyunu barədə düşünə bilərik.
- Premyer Liqadakı klubların sayı ilə bağlı dəqiq bir məlumat varmı?
- Rəsmi olaraq yoxdur. Lisenziyalaşdırmanı gözləyəcəyik. İcraiyyə Komitəsinin son iclasında qeyd olunmuşdu ki, 8 komanda olacaq. Arzumuz budur ki, 10 komanda iştirak eləsin. Amma tələblərə uyğun olanlar əsas çempionata buraxılacaqlar. Sənədlərə baxanda 8 komanda Premyer Liqaya hazır görünür.
- AZAL-ın yaşaması üçün AFFA tərəfindən hansısa dəstək mümkündürmü?
- Klub yaşayacaq və I divizionda çıxış edəcək. Komandanın öz imkanları var, aşağı dəstədə çıxış etmək onlar üçün problem olmayacaq.
- Lisenziyalaşdırma ilə bağlı 8 komandanın hazır olduğunu dediniz. Onlardan 7-si keçən mövsümün iştirakçılarıdır. Sonuncu komanda hansıdır?
- Bunun üçün üç komanda müraciət edib. Onların adını indi açıqlaya bilmərəm. Ayın 12-də dəqiq məlum olacaq.
Musavat.com






