Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 27 sentyabrda cəbhə xəttində baş verənlərlə bağlı mövqeyini Musavat.com-a bildirib. Elşad Musayev qeyd edib ki, Azərbaycanın həyatında çox mühüm hadisə baş verir:
“Azərbaycan ordusu işğalçı Ermənistan ordusunun hərbi təxribatlarını uğurla dəf edir və əks-hücumla düşmənə layiqli cavablar verir. Artıq bir sıra kəndlərimizin azad olunması barədə rəsmi xəbərlər yayılıb. Azərbaycan ordusu qısa vaxtda düşmənə gücünü göstərdi. Bu gün baş verənlər mən hesab edirəm ki, həm də artıq Azərbaycan ordusunun öz ərazilərimizdə anti-terror əməliyyatlarına keçməsidir. Hesab edirəm ki, belə məqamda Azərbaycan xalqı, bütün cəmiyyət, bütün siyasi təşkilatlar, hakimiyyət, müxalifət hamı bir yerdə olmalıdır və bir yerdədir”.
O, qeyd edib ki, Böyük Azərbaycan Partiyası baş verənlərə çox ciddi önəm verir və açıq surətdə Azərbaycan ordusunu, dövlətini, eyni zamanda Prezident İlham Əliyevi, hakimiyyəti müdafiə etdiyini, vətən uğrunda savaşda dəstəyini bəyan edir: “Biz partiya üzvlərinə, tərəfdarlarımıza müraciət də etmişik. Bəyan edirik ki, torpaqlarımızın azad olunması üçün tələb olunan nə varsa onu verməyə hazırıq, əlimizdə silah döyüşməyə də, arxa cəbhədə vətən üçün fəaliyyət göstərməyə də hazırıq”.
E.Musayev Azərbaycan demokratik cameəsini bir yumruq kimi dövlətin ətrafında birləşməyə, dövlətimizi, ordumuzu, Ali Baş Komandanı müdafiə etməyə, gücümüzə güc qatmağa çağırıb.
E.Seyidağa,
Musavat.com






