İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Abdullayevdən sensasion açıqlama

18659 11.10.2014 08:50 Gündəm A A

İttihama görə, Mübariz Abdullayev 2003-cü ilin noyabr ayında əmisi Mahir Abdullayevin itkin düşməsi barədə xəbəri eşidib. O, Elşad Abdullayevdən külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmək qərarına gəlib. Məhkəmə M.Abdullayevə 10 il həbs cəzası verib. 

“2003-cü ildə 3 gün saxlayıb buraxdılar, 10 il sonra yenidən həbs etdilər”

Bu olayla bağlı E.Abdullayev “Yeni Müsavat”a öz münasibətini ifadə edən müraciət yollayıb. ABU-nun sabiq rektoru yazıb ki, məhkəmə barədə yazılanlar və ümumən məhkəmədə baş verənlər həqiqəti əks etdirmir. E.Abdullayevin sözlərinə görə, onu hədələyən qardaşı oğlu Mübariz Abdullayev deyil, Kürdəmir rayon polis rəisi Polad Şıxəliyev və onun müavini Qabil Rzayev olub: “Qardaşım oğlu, Qarabağ müharibəsi iştirakçısı Mübariz Abdullayevə qarşı  saxta məhkəmə prosesinin  təhlili  göstərir  ki,    prokurorluq   və  məhkəmə  orqanları  Azərbaycanda adam oğurluğu ilə məşğul olan qrup dövlət səviyyəsində acıq-aşkar leqal və əlbir fəaliyyət göstərir.  Mübariz Abdullayevin həbsi bir daha təsdiq edir ki, bu,  siyasi sifarişdir. Cinayətin  bağlı  qalmasında  maraqlı  olan  güc  strukturlarının  əməkdaşları  hadisə  baş  verdiyi  ilk  gündən  məcburi  şəkildə  zərərçəkən  qismində  tanınmış   tərəfin  kifayət  qədər  əsaslandırılmış  ifadəsinə   əhəmiyyət  verməyiblər və istintaq-əməliyyat  tədbirlərini  bilə-bilə yanlış istiqamətə aparıblar”.

E.Abdullayev yazıb ki, ədalətsiz  hökmlə  bağlı  M.Abdullayevin  vəkili  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsi  vasitəsilə  Şirvan  Apelyasiya  Məhkəməsinə  müraciət  edib. Elə  həmin  apelyasiya  məhkəməsinin  hazırlıq  iclasından  da  vəkil  növbəti  dəfə  daha  yuxarı  instansiya  sayılan   Ali  Məhkəməyə  şikayət  edib. Onun bildirdiyinə görə, hal- hazıra  kimi  Apelyasiya  Məhkəməsi  baş  tutmayıb. Buna səbəb isə Ali  Məhkəmənin  şikayət  ərizəsinə  baxmaq  üçün  29  yanvar  2015-cü  il  tarixi  seçməsidir: “Mübariz  Abdullayevin  hələ  2003-cü  ildə  Kürdəmir  Rayon  Polis  Şöbəsinin əməkdaşları  tərəfindən   qeyri-qanuni  olaraq   həbs  olunması,  daha  sonra  3  gün  onu  polis şöbəsinin     yeməkxanasında,  növbətçi  hissəsində  saxladıqdan  sonra  azad  edilməsi,  10  il  sonra,  yəni  2013-cü  ildə  yenidən  həmin  polis  şöbəsinin  vasitəsilə  Baş  Prokurorluğun  nəzdində    13  oktyabr  2003-cü  il  tarixdə  artıq bizə məlum  şəkildə  oğurlanmış   Mahir  Abdullayevin  aqibətinə  aydınlıq  gətirilməsi  məqsədilə  prezident  İlham  Əliyevin   göstərişinə  əsasən   yaradılmış  Müstəqil   İstintaq  Komissiyasının  rəhbərliyi  tərəfindən  çağırılıb  baş  verməmiş  cinayəti  boynuna  almasının  tələb  edilməsi  ancaq qardaşım  Mahir  Abdullayevin oğurlanmasında  iştirak  etmiş  cinayətkarların  ifşa  olunmasını tələb  etdiyim  üçün  mənə   təzyiq  göstərməkdən  başqa  bir  şey  deyil”. 

“Ona deyiblər, ya Elşad Abdullayevdən pul istədiyini seç, ya da...”

E.Abdullayev yazıb ki, ən maraqlısı 2013-cü  ilin dekabr  ayında  baş  verib.  Belə ki, M.Abdullayev bəzilərindən fərqli olaraq danışmağa  qərar  verib: “Mübariz  hələ  2003-cü  ildə  ya  ailəsi  ilə  birlikdə  narkotik  saxlamaqla  suçlanaraq   həbs  olunacaqlarını,  ya  da  ki,  polis  əməkdaşlarının  ona  təklifini,  yəni   əmisi   Elşad  Abdullayevə   guya   zəng  etdiyini,  ondan  hədə-qorxu  gələrək  külli  miqdarda  pul  tələb  etməsini  seçməli  imiş.  O, son  nəticədə polislərin  təklifini,  konkret  olaraq  rəis  müavini  Qabil Tağıyevin  təklifini  seçib,  azadlıqda  qalmasına  üstünlük  veribmiş.  Qeyd  etmək  lazımdır  ki,  Mübariz  bu  seçimi  öz  xoşu  ilə  etməyib. O, istər  2003-cü  ildə  polis  şöbəsində,  istərsə  də  2013-cü  ildə  Müstəqil  İstintaq  Komissiyasının  rəhbəri  Elmar  Camalovun  xidməti otağında  vəhşicəsinə  döyüldükdən  və faşistsayağı işgəncələrə məruz qaldıqdan sonra  məcburiyyət  qarşısında  günahını ”səmimi etiraf etmişdir". Hətta dişlərinin  hamısının  qırıldığını,  sonradan  isə  yeni  dişlər  qoydurduğunu  bildirmişdir. Mübarizin özünün  istəyi  ilə  ailəsi  vasitəsilə respublikada  bir  sıra  hüquq  müdafiəçilərinə,  beynəlxalq  təşkilatlara bu  yöndəki,  məlumatları  ötürmüşdür.    Müraciətlərin   əsas  motivi   yuxarıda  qeyd  etdiyimiz  kimi,   ondan  ibarətdir  ki,  onlara  qarşı   təzyiq  edilib  və  incidiliblər.  Mən  bir  daha  elan  edirəm  ki,  Abdullayev  Mübariz  Əslan  oğlunun  barəsində  qaldırılmış  qondarma  cinayət  işində    zərərçəkmiş  kimi  tanınmam  mənim  istəyimə  qarşı  olub,  mən  buna  qəti  etirazımı  bildirirəm    və  eyni   zamanda  Abdullayev  Mübariz  Əslan  oğlundan  heç  vaxt  şikayətçi  olmadığımı  bildirirəm". 

“Dedilər, ərizəni geri götürməsən, qardaşın oğlunu üzünə qoyacağıq”

E.Abdullayev yazıb ki, 37-ci il məhkəmələrində olduğu kimi, məqsəd zərərçəkmişin qohum-əqrəbasını bir-birinə qarşı qoymaq, ailənin normal fəaliyyətini və bütövlüyünü pozmaqdır. Onun yazdığına görə, bu, Azərbaycan Konstitusiyasının kobud surətdə pozulmasıdır: “Belə ki, 25 yanvar 2009-cu il tarixində mən rəsmi olaraq prezident İlham Əliyevə, baş prokuroru Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət olaraq bildirdim ki, Kürdəmir rayonun polis rəisi və onun müavini Qabil Tağıyev məni  aldadaraq Kürdəmir rayonuna gətirdilər və məndən qardaşım Mahir Abdullayevin geri qaytarılması üçün 5 milyon dollar pul tələb etdilər. Prezidentin imzası ilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsi polis əməkdaşları - Polad Şıxəliyv və Qabil Tağıyevə  qarşı cinayət işi acdı. Nəticədə məndən tələb etdilər ki, ərizəni geri götürüm, əks təqdirdə, yaxın qohumuma, qardaşın oğlu Mübariz Abdullayevə cinayət işi acacağıq. Mübariz Abdullayevin qardaşı Təbriz Abdullayev Qarabağ müharibəsi şəhididir, atası rəhmətə gedib, bütün ailəsini dolandıran yeganə şəxsdir. Hazırda mənim əleyhimə səmimi ifadə aldıqdan 10 il sonra həbs ediblər və əsassız olaraq 10 il azadlıqdan məhrum ediblər”.

E.Abdullayev yazıb ki, ondan M.Abdullayev pul istəməyib: “Məndən Mahiri geri qaytarmaq üçün 5 milyon pulu Kürdəmirin polis rəisi Polad Şıxəliyev və onun müavini Qabil Tağıyev istəyib. Qardaşım oğlunun əleyhinə açılmış cinayət işi də saxtadır . 37-ci ildə olduğu kimi Azərbaycan Konstitusiyasına zidd olaraq qardaşım oğlunu üzümə qoyub, iş verdilər. Ailə üzvlərimə qarşı təzyiqlər davam edir. Halbuki əsas qanunumuza görə, qohumun qohuma qarşı qoyulması konstitusiyaya ziddir. Qardaşım oğlu Mübariz Abdullayev hazırda saxlandığı 3 saylı cəzaçəkmə müəssisəsindən oğlu vasitəsilə KİV-lərə bildirib ki, onunla bağlı istintaqın qərəzli aparılıb, istintaq zamanı döyülərək dişləri sındırılıb və zorla əmisi Elşad Abdullayevin əleyhinə ifadə alınıb".

E.Abdullayev yazır ki, Mübariz Abdullayevin oğlu  deyib ki, atası hazırda cəzaçəkmə müəssisəsində qorxu içərisində yaşayır. O bildirib ki, hər an atasının həyatına təhlükə var. “Atam bizim vasitəmizlə ölkə rəhbərlərinə müraciət edir ki, onunla bağlı aparılan istintaq tam yanlışdır. O, həqiqətən də heç zaman mənimlə - Elşad Abdullayevlə telefonla danışmayıb. 2003-cü ildə onun mobil telefonu olmayıb. Cinayət işində maddi sübut kimi göstərilən mobil telefon (050 3843308) o zaman Kürdəmir Rayon Polis Şöbəsinin rəis müavini işləmiş Qalib Tağıyevindir. Belə ki, 2003-cü ildə Ziya Səmədov (hazırda həbsdədir) adlı polis işçisi atam Mübariz Abdullayevi heyvan üçün ot almaq adı ilə çayxanaya dəvət edib, mobil telefonu stolun üstünə qoyub və bu zaman iki polis əməkdaşı atamı saxlayıb, telefonun ona məxsus olduğunu bildirib. Bu əsasla da atama qarşı cinayət işi başlanıb” deyə, o qeyd edib. Tehran Abdullayev atasının barəsində cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını, onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsini ölkə rəhbərliyindən xahiş edir".

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR