Elşad Abdullayev jurnalistdən video görüntüsünü istədi
«Yeni Müsavat»a göndərdiyi yazılı açıqlamasında E.Abdullayev bir daha A.Mərzilinin dediklərinə cavab verib. Onun yazdığına görə, «Təzadlar» qəzeti baş prokuror Zakir Qaralovun Abdullayevlərə qarşı təzyiq vasitələrindən biridir: «13 oktyabr 2003-cü il - 13 fevral 2014-cü il tarixinə qədər baş prokuror Zakir Qaralov «Təzadlar» vasitəsilə böhtan xarakterli məqalə sifariş etmişdir. Bu məqalələrin başlıca məqsədi bizi təzyiq altında saxlamaq, şərtlərini qəbul etdirmək və əsas cinayətkarı gizlətməkdir. Bu məqalədəki yalan məlumatlar bu günə qədər verilmiş şər-böhtan xarakterli məqalələrlə eynidir».
E.Abdullayev A.Mərzilinin sözügedən mövzu ilə bağlı onun elektron ünvanına sual yollaması ilə bağlı dediklərini də yalan adlandırdı. «Mənim elektron ünvanıma belə sorğu daxil olmayıb» deyən, sabiq rektor A.Mərzilinin açıqlamalarının bir-birinə zidd olduğunu vurğuladı: «Biz məlumatı təkzib etdikdən sonra Asif Məmmədov növbəti yalanını bildirir ki, yox, həbs olunmayıb, guya Elşad Abdullayev İsveçrədən Parisə gələndə hava limanında saxlanılıb. Birincisi, mən İsveçrədə olmamışam. İkincisi də, heç hava limanında saxlanmamışam da. Qəzetçi Asif Məmmədovun növbəti yalanı ondan ibarətdir ki, bu xəbəri ona bildirən mənbəni tanıyır və həmin şəxs guya mənim həbs olunmağımı video lentə alıbdır, lazım gələrsə, lenti göstərə bilərlər. Bildirmək istəyirəm ki, Asif Məmmədov yenə də öz ampluasında yalan danışır və elə bir videogörüntü yoxdur, vardırsa buyurub göstərsin».
Sabiq ABU rektoru A.Mərzilinin öz jurnalist etibarını itirdiyini dedi. Onun bildirdiyinə görə, daha öncə A.Mərzili «mənim Elşad müəllimlə bir videoçəkilişim olsa, jurnalistikadan gedərəm» açıqlamasını yada saldı: «Buna görə də mən Asif Mərzilinin cinayətləri haqqında 2 video-audieo faktını ictimailəşdirdim, 1 il keçməsinə baxmayaraq Asif Məmmədov sözünə əməl etmədiyi üçün də jurnalist etibarını da itiribdir. Görüşümüzün video görüntüsünü bir daha müraciətimə əlavə edirəm ki, bəlkə Asif Mərzili özündə cəsarət tapıb verdiyi sözə əməl etsin».
Sevinc TELMANQIZI






